BolgeXeber.Com » Media » Xədicə İsmayılova ilə bağlı aparılan araşdırmanın nəticəsi bəlli oldu

Xədicə İsmayılova ilə bağlı aparılan araşdırmanın nəticəsi bəlli oldu

5-04-2012, 14:35
Oxunub: 3 984 Jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına müdaxiləni təhqiq edən preventiv təhqiqat qrupu ilkin hesabat yayıb.

RATİ-nin məlumatına görə, hesabatda deyilir: “Martın 17-18-də RATİ-nin direktoru Emin Hüseynov və jurnalistlər İdrak Abbasov, Əfqan Muxtarlı Xədicə İsmayılova ilə birlikdə gizli videokameranın yerləşdirildiyi mənzildə axtarış aparıb. Martın 17-də mənzilin divarında rəngi ilə fərqlənən malanın, mətbəx, vanna otağı və yataq otağının tavanından keçən simin (məftil) olduğu aşkarlanıb. Bəlli olub ki, yataq otağının tavanına yaxın divarındakı boya otağın boyasından fərqlənir. Yeni boyanın altında nəyin olduğunu müəyyən etmək üçün otaqla yanaşı olan mətbəxin divarı da yoxlanıb. Tavanın altında üç yarıq və tavandan sallanan bir şəffaf sim də aşkarlanıb. Mətbəxlə vanna otağının birgə divarında isə üç yarıq açılıb. Vanna otağında da simlərin olduğu bəlli olub, amma onlar daha dərində olduğundan asanca nəzərə çarpmayıb, onların aşkarlanması üçün güclü işıqlandırmaya və tavan lövhələrinin çıxarılmasına ehtiyac olub. Qrup qərara gəlib ki, ertəsi gün daha yaxşı işıqlandırma avadanlıqları və kameralarla gəlsin. Mənzil tərk edilməzdən öncə tavanın lövhələri yerinə qoyulub və işıqlar söndürülüb.

Martın 18-də təhqiqat qrupu (həmin qrupa “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova da qoşulub) mənzilə qayıdanda onu bir gün öncə qoyub getdikləri kimi görməyiblər: dəhlizin işığı yanırdı, vanna otağında stul və mətbəxdə rezin əlcəklər var idi. Aydın idi ki, mənzildə kimsə olub. Axtarışlar əlavə simlərin olduğunu aşkara çıxarıb: tavanın altında qara və boz simlər var idi.

İki qara və bir boz naqil hamamda asma tavanın altında gizlədilmişdi. Boz naqil mənzilə qaz xəttinin arasından keçirilmişdi. Həmin naqil aşağı mərtəbədəki 32-3 telefon qutusuna birləşdirilmişdi. Aydınlaşdırılıb ki, həmin naqil Azərbaycanda ən yüksək keyfiyyətli naqildir. 1 metri 80 qəpik olan həmin naqil adətən rabitə əlaqələrinin yaradılmasında istifadə olunur. Qara naqil isə veb-kameralar və audio avadanlıqlar üçün istifadə olunur. Bu naqillər şəffaf elektrik ötürücüləri zamanı istifadə olunur.


Martın 19-da Xədicə İsmayılova mənzilində axtarış aparılması üçün prokurorluğa rəsmi müraciət etdi. Mənzildəki naqillər prokurorluğun əməkdaşlarına göstərildi və həmin məlumatlar protokolda qeyd olundu. Lakin müstəntiq aşkarlanan naqilləri şərh etməkdən imtina edib. Bildirib ki, ekspert rəyi olmadan bu məsələyə münasibət bildirə bilməz.

Müstəntiq birinci mərtəbədəki telefon qutusuna qoşulan naqilin haraya və necə ötürüldüyünün öyrənilməsi üçün vəkil Adil İsmayılovun və jurnalist Xədicə İsmayılovanın telefon rabitə qovşağından nümayəndənin dəvət olunması ilə bağlı tələbindən də imtina edib.

Xədicə İsmayılova mənzilə texniki ekspert baxışının keçirilməsi, telefon xəttinin izah edilməsi məqsədilə lazımi tədbirlərin görülməsi, rabitə mütəxəssislərinin dəvət edilməsi üçün yazılı vəsatət təqdim etsə də, prokurorluq Rabitə Nazirliyi, Bakı Telefon Rabitə İstehsalat Birliyi, yaxud ATS-dən mütəxəssis çağırmadı. Vəsatətə məhəl qoyulmadığını görən Xədicə İsmayılova ATS-dən özünün bir usta çağırmasını təklif etdi və müstəntiq Nail Əliyev razılaşdı.

Evə gələn usta telefon paylayıcı qutusunu və ona birləşən naqili görəndə bu naqili şəxsən özünün çəkdiyini və bunu rəhbərlikdən verilən tapşırıq əsasında etdiyini söylədi. Dediyinə görə, 2011-ci il iyulun əvvəlində ona ATS-dən tapşırıblar ki, bu ünvana yeni xətt çəksin. Binanın qarşısında 50 yaşlarında adamla rastlaşıb və o, mənzilə qədər xətti çəkməsini, əlavə 10-15 metr kabel saxlamasını tapşırıb. Ustanın telefon xəttinin nömrəsi, çəkiliş haqqı ilə bağlı suallarına “sənlik deyil” cavabı verilib. Onu mənzilə buraxmayıblar, yalnız içəridən bir kətil veriblər ki, boyu çatmayan yerlərdə işləsin. Usta mənzilin içərisini belə görə bilmədiyini, amma gələn səslərdən içəridə şıdırğı iş getdiyini anladığını deyib.

Bütün bunlar istintaq qrupuna deyildi, müstəntiq Nail Əliyev ustanın məlumatlarını qeyd etdi. Usta ATS-ə zəng vurub çəkilən xətlə bağlı telefon nömrəsini dəqiqləşdirməyə çalışdı və bir daha təsdiqlədi ki, telefon xətti iyulun əvvəlində çəkilib, nömrə sonralar xətdən çıxarılıb. Sonra usta müstəntiqin xahişi əsasında xətlərin evin içində hara getdiyini öyrənmək üçün söküntü işləri apardı və qara naqillərin qonaq otağına da gedib çıxdığı ortaya çıxdı. Bu müddət ərzində müstəntiq protokolu yenidən yazmağa başladı. Bu dəfə protokola ustanın dedikləri ilə bağlı heç nə salınmamışdı. Orda olan məlumatlar yalnız baxış zamanı baş verənlərin bir hissəsini əks etdirirdi. Vəkil Adil İsmayılov müstəntiqdən ustanı dindirməsini tələb etsə də, müstəntiq bunu etmədi