BolgeXeber.Com » Media » Jurnalistin telekanaldan şikayətinə baxılır

Jurnalistin telekanaldan şikayətinə baxılır

18-04-2012, 13:05
Oxunub: 4 016 Yasamal Rayon Məhkəməsində “Azadlıq” qəzetinin yazarı Natiq Güləhmədoğlunun “Afra” oteli və “Lider” telekanalından şikayətinə baxılır.

Vəkil İntiqam Əliyev RATİ-yə bildirib ki, aprelin 17-də keçirilən hazırlıq iclasında “Lider”in nümayəndəsi iştirak etməyib: “Kameraları jurnalistlərin yaşadıqları otağa kimin yerləşdirməsinə dair sorğuya cavab verilməsinin “Afra” rəhbərliyinin üzərinə vəzifə kimi qoyulması barədə vəsatət qaldırdım. Hakim bu vəsatəti təmin etdi. Prosesi mayın 1-də davam edəcək”.

2010-cu ilin dekabr ayının 6-10-da Almaniyanın Konrad Adenauer Fondu (“Deutsche Welle” Akademiyası ilə əməkdaşlıq çərçivəsində) Azərbaycanın Oğuz rayonunda “Siyasətçilər və jurnalistlər üçün siyasi kommunikasiya” proqramı üzrə media təlimi keçib. “Afra” otelində keçirilən tədbirdə media nümayəndələri, partiya təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları arasında Natiq Güləhməoğlu da olub.

2011-ci ilin aprelin 15-də bir qrup jurnalistə, informasiya agentliyinə Natiq Güləhmədoğlunun “Afra” otelində qaldığı otaqda gizli qaydada lentə alınmış görüntülərinin yer aldığı videoçəkiliş göndərilib.

Həmin videomaterial montaj olunub, ona pornoqrafik elementlər olan video görüntülər əlavə edilib və əvvəlcə “Youtube.com”da, digər portallarda, aprelin 16-da isə jurnalisti aşağılayan şərhlərlə “Lider” telekanalında yayımlanıb.

Natiq Güləhmədoğlu məhkəməyə özəl həyatına müdaxilə olunmasından və ifadə azadlığı hüququnun pozulmasından şikayət verib. Jurnalist cavabdehlərin üzərinə ondan üzr istəmək vəzifəsinin qoyulmasını, vurulan mənəvi ziyanın əvəzi kimi hər birindən 100 min manat tutulmasını tələb edir.