BolgeXeber.Com » Media » Avropa Şurasinin Baş Katibi Eynulla Fətullayevlə bağli bəyanat verib

Avropa Şurasinin Baş Katibi Eynulla Fətullayevlə bağli bəyanat verib

8-07-2010, 15:55
Oxunub: 4 669
Avropa Şurasının baş katibi Torbyorn Yanqland jurnalist Eynulla Fətullayevə qarşı çıxarılan sonuncu həbs qərarı ilə bağlı bəyanatla çıxış edib.


“Bolgexeber” “Turan”a istinadən xəbər verir ki, baş katib bildirib ki, o, Eynulla Fətullayevin narkotik maddə saxlamaqda təqsirli bilinərək əlavə 2 il yarım müddətinə azadlıqdan məhrum olunması hadisəsindən narahatdır.
Yaqland bəyanatında xatırladıb ki, bu ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayev barəsində çıxarılmış ilk iki hökmlə bağlı şikayətə baxıb və jurnalistin həbsxanadan buraxılmasını tələb edib.

Yaqland Azərbaycan hökumətini məhkəmənin qərarını yerinə yetirməyə çağırıb: “Mən bu işi diqqətlə izləməkdə davam edəcəm. Azərbaycan Avropa Şurasının üzvüdür və insan hüquqları sahəsində könüllü qəbul etdiyi prinsiplərə, demokratiya və hüququn aliliyi prinsiplərinə əməl olunmasında hüquqi məsuliyyət daşıyır”.


Eynulla Fətullayev ilk dəfə 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra Milli Təhlükəsizlik Nazirliyi ona rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar yeni cinayət işi başlayıb. Jurnalistə Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Eynulla Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də bu işlər üzrə Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib.

2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb, ona cinayət işi qaldırılıb və jurnalist Bakı İstintaq Təcridxanasına köçürülüb. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.