BolgeXeber.Com » Media » Bu paltar Bakıda satılır

Bu paltar Bakıda satılır

15-05-2012, 10:15
Oxunub: 4 031 Bakıda Ermənistan bayrağının əks olunduğu paltarlar satılır.

Bu barədə ucnoqte.az saytı məlumat yayıb. İki gün öncə saytın əməkdaşlarından birinin tanışı özü də bilmədən Nəsimi rayonu ərazisindəki mağazaların birindən Ermənistan bayrağının əks olunduğu paltar alıb.

Bunu bilən müxbirlər məsələni araşdırmaq qərarına gələrək əvvəlcə həmin mağazaya yollanıb. Saytın əməkdaşları paltarın satıldığı Azadlıq prospekti, 67 ünvanında yerləşən mağazada olub. Mağazada çalışan üç qadın bu faktdan xəbərsiz olduqlarını bildirib. Məlum olub ki, qadınlar Ermənistan bayrağını tanımır. Onlar bu paltarın Ermənistan bayrağı olduğuna sözdə inanmasa da sonradan internetdə erməni bayrağını görəndə “şoka düşüb”. Satıcılar bildirib ki, onlar bu paltarların rənglərinin Ermənistan bayrağı ilə eyni olmasından xəbərsiz olub və ona görə də satışa çıxarıblar.

Satıcılar paltarları vitrindən çıxarıb. Sonra isə mağazanın sahibəsi olan xanım Ceyhun adlı şəxsə zəng edərək bu malları qaytaracağını söyləyib. Qadının bildirdiyinə görə, onlar bu paltarları Türkiyə malı kimi satırmış: “Bu paltarları bizə Ceyhun adlı şəxs gətirir. Özü də təmiz türk malıdır. Bilmirdim bu paltarlar Ermənistan bayrağıdır. Siz deyəndə bildim və malları yığışdırdım. Malları sahibinə qaytaracam”.

Mağazanın sahibəsi özünü təqdim etməsə də deyib ki, bu paltarlar 30 manata satılır. Lakin endirimlə 15 manata satışa çıxarılıb. Satıcılar hətta maraqlı bir fakt barədə də məlumat verib. Onların sözlərinə görə, bir neçə gün əvvəl Türkiyənin ATV kanalında yayımlanan “Yaxşı Cazibə” teleserialındakı qadın qəhrəmanlardan biri də məhz bu paltarla efirə çıxıb.

Paltarları Türkiyədən Azərbaycana gətirib Bakıdakı mağazalara paylayan Ceyhun adlı şəxslə görüşməyə və ya jurnalistlərin telefonla danışmasına imkan verməyiblər. Satıcıların dediyinə görə, bu paltarlar Türkiyədə istehsal olunur, üzərində türk və digər bir neçə dildə yazı var. Lakin Türkiyənin hansı firmasında istehsal olunduğu bəlli deyil. Saytın yazdığına görə, satıcı xanımlar özlərinə arxayın görünürmüş.

Bu hadisədən bir gün sonra - mayın 13-də isə məlum olub ki, Ermənistan bayrağının forması ilə eyni olan paltarlar artıq Bakının bir çox mağazalarına yayılıb və açıq-aşkar satılır. Belə mağazalardan biri də Səməd Vurğun və Xaqani küçələrinin kəsişməsində yerləşir. Burada hətta o qədər irəli gediblər ki, o paltarları manekenə geyindirib vitrinə də düzüblər. Vitrindəki üç paltardan biri erməni bayrağı rəngində olan paltardır. Erməni bayrağını xatırladan paltarlar müxtəlif çeşidlərdədir və geniş reklam olunur. Maraqlısı budur ki, bu obyektin adı da yoxdur.

Musavat.com