BolgeXeber.Com » Media » Hansı məmura yüksək, hansına az maaş verilir - SİYAHI

Hansı məmura yüksək, hansına az maaş verilir - SİYAHI

16-07-2012, 13:25
Oxunub: 5 480 Azərbaycandakı müəssisələrdə ikili mühasibatlıq sisteminin mövcudluğu məsələsi rəsmi səviyyədə yenidən gündəmə gətirilib.

“Bəzi müəssisələr əməkdaşlarının əmək haqlarını gizlədirlər” deyən ötən həftə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, hər hansı bir müəssisə rəhbəri işçilərinə 500 manat verirsə, az vergi ödəməsi üçün bunu sənəddə az miqdarda göstərirlər. S.Müslümov bildirib ki, qeydiyyatdan kənar əməkhaqlarının gizlədilməsinə qarşı dövlət səviyyəsində ciddi tədbirlər hazırlanır.

S.Müslümov qeydiyyatdan kənar əməkhaqlarının gizlədilməsindən danışarkən şübhəsiz ki, bunu daha çox özəl iş yerlərinə aid edib. Araşdırmalar da göstərir ki, hazırda qeyri-leqal əməkhaqqı sistemi əsasən özəl müəssisələrdədir. Bu obyektlərdə əmək haqqının məbləğinin bir hissəsinin gizlədilməsi ilə həm gəlir vergisinin, həm də məcburi dövlət sosial sığorta haqlarının ödəmə məbləği aşağı düşür.

Amma dövlət orqanlarında da qeyri-leqal əməkhaqqı sistemi tamamilə inkar olunmur. Bəzi nazirlik və komitələrdə buna “paket maaş” sistemi deyirlər.

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir. Amma dövlət qulluqçularının maaşları ilə bağlı statistik rəqəmlər göstərir ki, mükafatlar və vəzifə maaşına əlavələrlə birgə məmurların alıdğı məvaciblər çox da yüksək deyil.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az saytına bildirilib ki, ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün - 175 manat, yardımçı vəzifələr üçün - 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900-2000 manat civarındadır.

Ekspertlər deyirlər ki, dövlət orqanlarında maaşların azlığı rüşvətxorluğa yol açır. Bunu nəzərə alan bir sıra nazirlik və komitələrdə işçilərə hər ay rəsmi məvacibdən əlavə “paket maaş” da verilir. Nazirliklərdə çalışanların özlərinin dediyinə görə, paketlərdə işçilərin tutduqları vəzifələrə uyğun olaraq fərqli məbləğlər olur. Amma əvvəlki illərdən fərqli olaraq hazırda “paket maaş” sisteminin tətbiq olunduğu dövlət qurumlarının sayının bir neçə olduğu bildirilir.

Dövlət orqanlarında dövlət qulluqçularına verillən məvaciblərin siyahısına nəzər salaq. Məsələn, Mədəniyyət və Turizm Nazirliyində böyük məsləhətçi vəzifəsini tutan məmur ayda 420 manat məvacib alır.

Kənd Təsərrüfatı Nazirliyində baş məsləhətçi vəzifəsini tutan məmur 430 manat məvacib alır.

Dövlət Statistika Komitəsində məsləhətçiyə 400 manat maaş verilir.

Ümumiyyətlə nazirliklərdə, komitələrdə və onlara bərabər tutulan mərkəzi icra hakimiyyəti orqanında maaşlar belədir.

Nazirlərin, komitə sədrlərinin aylıq vəzifə maaşı 1500-1250 manat arasında dəyişir. Nazir müavinləri, komitə sədrlərinin birinci müavinləri 1000, müavinlər 900-800 manat, aparat rəhbərləri 800-775 manat maaş alırlar.

Nazirlik və komitələrdə şöbə müdirləri 700-650 manat, şöbə müdirinin müavinləri 600-545 manat məvacib alırlar.

Baş məsləhətçi 430-416, böyük məsləhətçi 420-410, aparıcı məsləhətçi 410-402, məsləhətçi 400-395 manat alır.

Sektor müdirlərinin aylıq maaşı 500-465 manatdır.

Katibələr ayda 200-143 manat, sürücülərə də bu qədər 200 – 143 manat məvacib verilir.

Nazirliklərin, komitələrin rayon və şərhlərdəki yerli strukturlarında isə vəzifə maaşları bir qədər aşağıdır.
Məsələn, Maliyyə Nazirliyinin Abşeron rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi vəzifəsini tutan məmurun aylıq maaşı 177 manatdır.
Gənclər və İdman Nazirliyinin Xəzər rayon Gənclər və İdman İdarəsində baş məsləhətçiyə ayda 189 manat maaş kəsilib.

Göründüyü kimi, dövlət orqanlarında çalışan məmurlara kəsilmiş rəsmi vəzifə maaşları fantastik məbləğlər deyil. Amma o da təəccüblüdür ki, belə az maaşla bir çox iri, orta, hətta xırda çinli məmurlar həddindən artıq dəbdəbəli həyat tərzi keçirilər. Özləri bir yana, övladları da bahalı avtomobillərdə gəzir, lüks restoranlara, əyləncə mərkəzlərinə, xarici ölkələrə istirahətə gedirlər.

Qanunvericiliyə görə, dövlət qulluğunda çalışanlara kommersiya fəaliyyəti ilə məşğul olmaq da qadağan olunub.

Belədə ciddi şübhələr yaranır, ya onlar antikorrupsiya tədbirlərindən qorxmayıb rüşvət almaqda davam edir, ya da qanunları pozaraq kommersiya, biznes fəaliyyətilə məşğul olurlar...

Əlbəttə, bunu bütün məmur təbəqəsinə aid etmək ədalətsizlik olar... Vəsifəsinə məsuliyyətlə yanaşan, yalnız quruca aylıq vəzifə maaşı ilə dolanan dövlət qulluqçuları yüzlərlədir...

Modern.az