BolgeXeber.Com » Media » Qarabağda talanlar davam edir

Qarabağda talanlar davam edir

2-08-2012, 17:00
Oxunub: 4 186 Kanadada qeydiyyatdan keçən erməni şirkəti “Beys Metals” işğal altındakı Azərbaycan ərazilərində qanunsuz hasilatı genişləndirir

Azərbaycan hökumətinin işğal altındakı ərazilərin bərpasına və işğal nəticəsində dəymiş ziyanın yenidən hesablanmasına dair proqram üzərində işlədiyi bir vaxtda ermənilərin bu ərazilərdə təbii yeraltı sərvətlərin talanması istiqamətində daha bir fəaliyyəti məlum olub. “Regnum” erməni agentliyinin yaydığı xəbərə görə, 10 ilə yaxındır Azərbaycanın işğal altındakı ərazilərində qızıl, daş kömür, mis və molibden yataqlarında qanunsuz hasilat işləri aparan, Kanadada qeydiyyatdan keçən və erməni iş adamlarına məxsus “Beys Metals” şirkəti Ağdərə rayonu ərazisində yeni mis-molibden yataqlarında hasilat işlərinə başlayıb.

Məlumatda bildirilir ki, şirkət artıq rayon ərazisində ermənilərin “Kaşen” adlandırdıqları Dəmirli yatağında eksperimental hasilat həyata keçirib. Eyni zamanda Xankəndində qondarma “DQR hökuməti”nin komissiyası Ermənistandan olan mütəxəssislərin iştirakı ilə yataqda hasilat işlərinin ətraf mühitə mümkün təsirlərini müzakirə edib.

Tərtər istiqamətində axan çaylar zəhərlənəcək

Şirkət əmin edir ki, yataqda hasilat işləri son texnologiyalar əsasında həyata keçiriləcək və ətraf mühitə zərər vurulmayacaq. Lakin hasilat işləri nəticəsində Ağdərə rayonundan axan çaylarda suyun zəhərlənməsi, bu çaylarda yaşayan nadir balıq növlərinin məhv olması təhlükəsinin olduğu bildirilir. Komissiyada qərarlaşdırılıb ki, hasilat işlərinin ətraf mühitə zərərli təsirlərini minimuma endirmək üçün yataqdan 500 metr məsafədə sanitar zolaq yaradılsın.
Dağlıq Qarabağın “turizm idarəsi”nin rəhbəri Sergey Şahverdiyan isə hasilat işlərinin ərazidəki tarixi-arxitektur abidələrə təhlükə törədə biləcəyini deyib.
Qeyd edək ki, ermənilərin Ağdərə rayonundakı qızıl yataqlarında apardıqları qanunsuz hasilat nəticəsində ətraf mühitə ciddi ziyan dəydiyini elə erməni ekoloqlar da təsdiq edirlər. Bu yataqlarda hasilat zamanı istifadə olunan zəhərli maddələr təmizlənmədən çaylara axıdılır, nəticədə Tərtər rayonu istiqamətində axan çaylarda təhlükəli vəziyyət yaranır. Bu baxımdan ermənilərin daha bir yataqda hasilat işlərinə başlaması bu təhlükəni artıracaq.

Talançı “Beys Metals” Köçəryanın şirkəti hesab edilir

“Beys Metals” şirkəti “Valleks” şirkətlər qrupuna daxildir. Bu şirkətin əslində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın nəzarətində olduğu deyilir. Erməni mətbuatında ayrı-ayrı vaxtlarda yer alan məlumatlarda deyilirdi ki, Köçəryan Qarabağda qızıl və mis hasilatı biznesinə nəzarət edir.
Qondarma “DQR hökuməti” ilə “Valleks” şirkəti arasında Dəmirli yatağına dair müqavilə bu ilin martında imzalanıb. Şirkət bu yatağa 80 milyon dollar investisiya qoymağa hazırlaşır. Yataq Ağdərənin neçə ildir talan edilən Qızılbulaq (erməni versiyasında Drımbon) qızıl yatağının 15 kilometrliyində yerləşir. İlkin məlumatlara görə, orada Qızılbulaq yatağında olduğu kimi iri qızıl ehtiyatları yoxdur, ancaq mis-molibden ehtiyatları kifayət qədərdir. İşğalçılar həmin yataqdan ildə 1,6 milyon ton filiz çıxarıb emal etməyə hazırlaşır. Yataqda on milyonlarla ton filiz ehtiyatı var, bu filizin 20-22 faizini mis konsentratı təşkil edir.
Bu arada erməni mənbələri xəbər verir ki, Ağdərə rayonundakı yataqlara da nəzarət edən “Armenian Copper Programme” ötən il 8 milyon dollar təmiz gəlir əldə edib. Təkcə “Base Metals” MMC şirkəti Qızılbulaq yatağından hər ay 12 min ton filiz çıxarır, filiz “Dağfilizsaflaşdırma” kombinatında emal edilir. Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır.

Ağdərədə düşmənə qalan sərvətlərimiz...

Ağdərə rayonu Azərbaycanın erməni işğalı altında qalan təbii sərvətlərlə zəngin rayonlarından biridir. İşğala qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu Dağlıq Qarabağa aid olmayan üç rayon - Tərtər rayonu, Ağdam rayonu, Kəlbəcər rayonları arasında bölünmüşdü. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni işğalçılarının nəzarəti altında keçib. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun uğurlu hücum əməliyyatları nəticəsində Ağdərə rayonunun əksər hissəsi erməni işğalçılarından azad edilmişdi.
Azərbaycan ordusu rayonun Drımbon və Vəng kəndləri də daxil olmaqla, bir çox kəndlərini alaraq Xankəndinin təxminən 27 kilometrliyinə qədər gedib çıxmışdı. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin 1993-cü ildə Azərbaycanda baş vermiş iyun çevrilişi Ağdərənin itirilməsinə gətirib çıxardı. Erməni ordusu 7 iyul, 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi. Hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da rayonun mərkəzi də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.
O vaxtdan etibarən Ağdərə ərazisindəki yeraltı sərvətlər Ermənistan rəhbərliyinin və Qarabağ ermənilərinin əsas gəlir qaynaqlarından birinə çevrilib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı mövcud olub. Sənaye ehtiyatları 38080 min kubmetr olan Ağdərə, 6423 min kubmetr olan Şorbulaq-I, 2129 min kubmetr olan Şorbulaq mişar daşı yatağı, 200 min kubmetr olan Ağdərə gəc yatağı da düşmənlərə qalıb.
80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarından çıxarılacaq filiz istilik-elektrik stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün istifadə olunacaq. Artıq Ermənistan bu talançılıq proqramına start verib. Ağdərə daş kömür yataqlarından çıxarılacaq filizi Ermənistana daşımaq üçün Kəlbəcər üzərindən qədim Göyçə mahalını Qarabağa birləşdirən yeni yol da çəkilib. Bu yoldan ermənilər hərbi və Kəlbəcərdə qanunsuz məskunlaşmanı genişləndirmək üçün də istifadə etməyə hazırlaşırlar.

Talanan yataqlar da 100 milyardlıq ziyana daxildirmi?

Qeyd edək ki, ötən həftə Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda keçirilən “Baş vermiş münaqişələrdə dəyən zərərin hesablanması” mövzusunda keçirilmiş konfransda ermənilərin işğal altındakı əraziləri talaması məsələsini gündəmə gətirib. O deyib ki, hökumət hazırda işğal nəticəsində Azərbaycana dəymiş ziyanın hesablanması üçün beynəlxalq qurumlarla işləyir.
Ə.Həsənovun sözlərinə görə, əgər 10 il əvvəl bu məbləğ 60-70 milyard dollar idisə, artıq bu vəsait 100 milyard dolları keçib. Baş nazirin müavini bildirib ki, Azərbaycanın dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlaması Ermənistan üçün ciddi mesajdır: “Əgər Ermənistan tərəfi bundan məlumatlıdırsa, artıq nəticə çıxarmalıdırlar. Bu, o deməkdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi qarşısında Azərbaycanın səbri artıq tükənib. Bu, Ermənistana həm də ciddi bir xəbərdarlıqdır, yəni Azərbaycan daha Ermənistanın tutduğu mövqeyə qarşı səbir nümayiş etdirməyəcək. Əgər Ermənistanda yaşayan xalq özünü normal xalq hesab edirsə, bilsinlər ki, dəymiş ziyan onların cibindən və qazancından ödəniləcək. Serj Sərkisyan, Robert Köçəryan və onların dəstəsinin cibindən bir dollar da ödənilməyəcək. Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində heç bir güzəştə getməyəcək”.
İşğal nəticəsində dəymiş ziyanın hesablanmasının hansı metodika üzrə aparıldığı barədə ətraflı məlumat yoxdur. Bu baxımdan ermənilərin Ağdərə və digər ərazilərimizdəki qiymətli yeraltı sərvətləri talaması nəticəsində dəyən, dəyməkdə davam edən ziyanın həmin 100 milyarda daxil olub-olmadığı da müəyyən deyil.

"Yeni Müsavat"