BolgeXeber.Com » Media » Saakaşvili üçün ölüm-dirim savaşı...

Saakaşvili üçün ölüm-dirim savaşı...

6-08-2012, 13:35
Oxunub: 3 925

Gürcüstandakı parlament seçkilərində Bakı kimə “stavka” edəcək?

Gürcüstanda parlament seçkiləri bu il oktyabarın 1-də keçiriləcək. Xatırladaq ki, ölkə parlamentində 150 deputat təmsil olunur və seçkilər qarışıq sistem üzrə keçirilir. 2008-ci il 21 mayda keçirilən sonuncu parlament seçkilərində hakim Vahid Milli Hərakat Partiyası 119 mandat qazanmışdı.

Gürcüstanda Medvedev-Putin kombinasiyasına hazırlıq

Builki paralment seçkiləri Gürcüstan və prezident Mixail Saakaşvili üçün fövqəladə əhəmiyyət daşıyır. Çünki, 2010-cu ilin oktyabr ayında Gürcüstan Konstitusiyasına edilən əlavə və dəyişikliklərdən sonra qarşıq idarəetmə sisteminin tətbiqi nəzərdə tutulub. Konstitusiya dəyişikliklərinə görə, prezidentin səlahiyyətləri azaldılacaq və parlamentlə, hökumət arasında bölüşdürüləcək. Ölkənin idarəolunmasında əsas rol faktiki olaraq Baş nazirə məxsus olacaq. Hökumətin formalaşması isə bilavasitə parlament seçkilərinin nəticələrindən asılıdır.

Ölkənin müxalif qüvvələri Konstitusiya islahatlarını Saakaşvilinin demokrtaik dəyərlərə bağlılığı ilə deyil, onun öz hakimiyyətini qoruyub saxlamaq cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirirlər. Belə ki, 2013-cü ildə Saakaşvili prezident kimi ikinci müddətini başa vurur. Onun 3-cü dəfə seçilmək hüququ yoxdur. Müxaliflərə görə, Gürcüstanda Medvedyev-Putun kombinasiyası təkrarlana bilər. Saakaşvili prezident kürsüsünü baş nazir postu ilə əvəzləyə bilər. Ehtimal olunan bu ssenarinin gerçəkləşməsi üçün isə hakim Vahid Milli Hərəkat Partiyası oktyabrın 1-də parlament seçkilərində qələbə qazanmalıdır.

Prezidentin vədləri

Artıq Saakaşvlili ona xas enerji və novatorluqla qələbə üçün var gücü ilə çalışmağa başlayıb. O, “Gürcüstanla müavilə” adlı sənəd hazırlayıb. Bu sənəd Vahid Milli Hərakat Partiyası tərəfindən verilən vədlərin yerinə yetirilməsinin qarantı kimi təqdim edilir. Sənəddə qeyd olunur ki, növbəti 4 ildə işsizliyin sayı yaribayarı azalacaq, hər bir işsiz vətəndaş qeydə alınacaq, onlar dövlət hesabına təhsil ala və ixtisaslarını dəyişə biləcəklər, həmçinin hər bir sosial müdafiəyə ehtiyacı olan vətəndaşın sosial sığortası olacaq. Hər bir vətəndaş 600 dollar dəyərində vauçer alacaq, bununla kommunal xərcləri ödəmək mümkün olacaq və s.

Eyni zamanda Saakaşvili özünüsığortalamağı da unutmayıb, bu yaxınlarda keçmiş daxili işlər naziri, sərtliyi və prezidentə sədaqəti ilə seçilən Vano Merabaşvili baş nazir postuna gətirilib. Baş nazir kimi ilk çıxışında o bildirib ki, 2013-cü ildə prezidentin pensiyaların minumum 100 dollar olması ilə bağlı vədi yerinə yetiriləcək.

Saakaşviliyə real alternativ

Parlament seçkilərində Saakaşvilinin əsas rəqibi milyarder, “Gürcüstan arzusu” koalisiyasında müxalifətin bir hissəsini birləşdirməyə nail olan Bidzina İvanaşvilidir. İvanaşvilinin müxalifət lideri kimi çıxış etməsi Gürcüstan siyasətində yeni situasiya yaradıb və faktiki olaraq Saakaşvili üçün real təhlükəyə çevrilib. Kifayət qədər maliyyə imkanlarına malik və liderlik bacarığı ilə seçilən İvanaşivilinin siyasi səhnəyə çıxması uzun müddətdir ki, real alternativi olmayan indiki prezidenti ciddi rəqiblə üz-üzə qoyub. “Qızılgül inqilabı”ndan sonra ilk dəfədir ki, Saakaşvili doğurdan da var-gücü ilə yarışmaq məcburiyyətində qalacaq və uduzmaq ehtimalı da yüksəkdir.

Hətta opponentləri də etiraf edirlər ki, indiki prezident populyarlığını o qədər itirməyib ki, onu asanca məğlub etmək mümkün olsun. Lakin müxaliflər ümid edirlər ki, gürcülər dəyişikliyə səs vercəklər. Həyata keçirdiyi bütün islahatlara, çox böyük aktyorluq qabiliyyətinə və siyası lider kimi bacarıqlarına baxmayaraq indiki prezidentin siyasətindən narazılar az deyil. Xüsusən, Rusiya ilə uğursuz mübarizə, onun ölkənin iqtisadi baxımdan çiçəklənəcəyi ilə bağlı vədlərinin böyük hissəsinin söz olaraq qalması seçiciləri mümkün alternativlər üzərində düşünməyə vadar edir. Müxaliflər isə onu demokratik imicin araxasında gizlənən, zaman-zaman özünü çox qabarıq biruzə verən avtoritar lider kimi təqdim edirlər. Xüsusən müxalif qüvvələrin fəaliyyəti üçün mümkün qədər imkanların məhdudlaşdırılması, siyasi mübarizədə adminstrativ resusrardan fəal istifadə etməsi, iqtisadi sahədə, böyük biznesdə yalnız prezidentə yaxın çevrələrin üstünlük əldə etməsi kimi faktları qabardırlar.

İndiki prezidentin əsas vəzifəsi demokratik seçkilərdə partiyasının qələbə qazanmasını təmin etməkdir. Çünki, artıq onun da əvvəlki resursları yoxdur və seçkilərdə admnstrativ resurslardan istifadə imkanları əvvəlki qədər geniş deyil. Gürcüstanda səfərdə olan ABŞ Dövlət katibi Hillari Klintonda yalnız demokratik seçkilərin keçiriləcəyini gözlədiklərini açıq şəkildə bəyan etdi. Eyni zamanda Avropa Birliyi də dəfələrlə işarə vurub ki, Saakaşvili hələ də seçicilərin istədiyi lider olduğunu demokratik seçkilərdə sübut etməlidir. Bu baxımdan qarşıda iki ay Saakavili üçün həll edici olacaq.

Müxalifətin minumum vəzifəsi isə Saakaşviliyə təkbaşına hökumət qurmaq imkanın verilməməsi və onun opponentləri ilə kompromisə məcbur etməkdir. Bu 2013-cü ilin sonunda keçiriləcək prezident seçkilərində müxalifət üçün çox böyük şans yaradardı.

ABŞ Respublikaçılar İnstitunun bu il iyul ayında keçirdiyi sorğunun nəticələrinə görə, hakim partiya səslərin 43, İvanaşvilinin rəhbərlik etdiyi müxalif koalisiyanın isə 24 faizinə ümid edə bilər. Yeni yaradılmış Xristian Demokratalar Partiyası sorğunun nəticələrinə görə 8 faiz səs alıb. Rəyi soruşulanların 21 faizi isə hələ qərar vermədikllərini açıqlayıblar.

Gürcüstan seçkilərində Azərbaycan faktoru


Gürcüstan seçkilərində Azərbaycan faktoru hər zaman aktual olub. Bakının dəstəklədiyi siyası qüvvə bu ölkədə kompakt yaşayan azərbaycanlıların əksəriyyətinin səsinə ümid edə bilər, bu isə artıq əhəmiyyətli dəstəkdir. Heç kimə sirr deyil ki, ötən prezident və parlament seçkilərində Bakı rəsmi və qeyri-rəsmi Saakaşviliyə dəstək verib. Bu dəstək onun qələbəsində az rol oynamayıb. Saakaşvili də bunu hər zaman qiymətləndirdiyini nümayiş etdirib və rəsmi Bakının ünvanına hər zaman xoş sözlər soyləməkdə xəsislik etməyib.

Azərbaycan iqtidarı və Saakaşvili komandası arasında yaxşı işgüzar münasibətlər yaranıb. Azərbaycan iqtidarı üçün Saakaşvilinin loyallığı, Gürcüstan prezidenti üçün isə Bakının iqtisadi və maddı dəstəyi önəmlı faktor olub. Böyük ehtimalla Bakıda bu dəfə də “stavka”nı dəyişməyəcəklər. Saakaşvili özünü yaxşı və loyal tərəfdaş kimi göstərib, onun opponentləri isə hələ ki, Azərbaycanla bağlı hər hansı jest etməyiblər...

Zaur İbrahimli, Modern.az