BolgeXeber.Com » Media » 17 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - SORĞU

17 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - SORĞU

14-08-2012, 19:25
Oxunub: 5 914 Bu gün kütləvi informasiya vasitələrində Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən bir qrup məhkumun məktubu dərc olunub.

Bolgexeber.com-un Azadlıq.info-ya istinadən verdiyi məlumata görə, Nemət Pənahlının da cəza çəkdiyi müəssisənin 28 sakini saxlanma şəraiti ilə bağlı şikayətlərini çatdırıblar. Məktubda müəssisədə olan müxtəlif problemlərə toxunulur, dustaqlara qeyri-insani münasibətin olduğu bildirilir.

“Cəzaçəkmə müəssisəsində peşəkar və ixtisaslaşmış aşpaz yoxdur, adi məhkumlar aşpazlıq edir. Çörək ən aşağı səviyyəli undan bişirilir. Məhkumların duş qəbul etməsi üçün şərait və tualet normal deyil. 200 nəfər cəmi 2 duşdan istifadə etmək məcburiyyətindədir, duşxana bərbad vəziyyətdədir. Tualet dezinfeksiya olunmur, bu da öz növbəsində dəri-zöhrəvi xəstəliklərə şərait yaradır. 200 məhkum bir krandan və qısa zaman kəsiyində içməli su götürmək məcburiyyətində qalıb. Tibbi bölməsi faktiki olaraq fəaliyyət göstərmir. Xəstə məhkumlara, ölümcül halda olsalar belə, yalnız qarın ağrısı və tərlətmə dərmanı təklif edilir. Müəssisənin televiziya və film seyr etmə otağı çox bərbad vəziyyətdədir. Yayda istidən, qışda soyuqdan orada oturmaq mümkün deyil. Yağış tavandan içəri yağır. Məhkumlar üçün nəzərdə tutulmuş ərzaq, yeyinti və zəruri əşyalar saxlanılan otaqlar tam yarasızdır...”


Məhkumların müraciətinə göstərilə faktlarla bağlı “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev Lent.az-a bildirib ki, sonuncu dəfə həmin müəssisədə bu ilin mart ayında olub: “Bu cəzaçəkmə müəssisəsində vəziyyət həqiqətən də çox ağırdır. Əslində həmin ərazi, tikililər cəzaçəkmə müəssisəsi üçün nəzərdə tutulmayıb. Oralar köhnə sexlər, istehsalat sahələri olub. Sovet vaxtından qalmış bir müəssisədir. Həm də deməliyəm ki, yataqxanaların döşəməsi taxtadandır. Həm də müəssisə digərlərindən fərqli olaraq lokal xarakterlidir”.


Eynulla Fətullayev bildirdi ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyəti düzəltmək çox çətindir: “Penitensiar Xidmətin rəisi 3 ay əvvəl həmin müəssisənin rəisini dəyişib. Məqsəd isə orada vəziyyət düzəltmək idi. Amma orda vəziyyət həqiqətən acınacaqlıdır, deyim ki, 17 saylı müəssisədə vəziyyəti düzəltmək çox çətindi, bəlkə də mümkün deyil. Məncə oranı yerlə yeksan edib, yenidən tikmək lazımdı. Bundan başqa 15 saylı Cəzaçəkmə Müəssisəsində də vəziyyət oxşardır”.


Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Lent.az-a bildirib ki, müəssisədə vəziyyət məhkumların qeyd etdiyi kimi deyil: “Beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə bizim cəzaçəkmə müəssisələrimizdə olub. Düzdü müəssisə köhnədi, sovet illərindən qalıb. Amma Azərbaycanda bu məsələlərlə bağlı Dövlət Proqramı qəbul olunub, yeni cəzaçəkmə müəssisələri tikilir. Artıq iki belə müəssisə, Bakı İstintaq Təcridxanası və Naxçıvanda qarışıq tipli cəzaçəkmə müəssisəsi istifadəyə verilib. 17 saylı cəzaçəkmə müəssisəsinə gəldikdə isə, mən yazılmış həmin mətnlə tanış olmuşam. Orda elə faktlar göstərilir ki, tamamilə həqiqətə uyğun deyil. Müəssisədə aşpazlar var, yemək də keyfiyyətlidi. Sadəcə, bəzi məhkumlar onlara kömək edir. Çörəyə gəldikdə isə bütün müəssisələrə çörək mərkəzləşdirilmiş qaydada verilir, yəni fərq yoxdur. Əgər həqiqətən narazılıq varsa, o biri müəssisələrdə də deyərdilər. Tibb məntəqələri də lazımı qaydada fəaliyyət göstərir. Ola bilsin bu məktub kimlərinsə diktəsi, hansısa məhkumun təsiri ilə yazılıb. Digər məhkumlar da sadəcə buna imza atıblar”.


Qeyd edək ki, 17 və 15 saylı Cəzaçəkmə Müəssisələrində vəziyyətin yaxşı olmaması ilə bağlı KİV-də dəfələrlə müxtəlif səpkili məlumatlar yayılıb.