BolgeXeber.Com » Media » Rusiya Qarabağdan əlini hansı şərtlə çəkə bilər?

Rusiya Qarabağdan əlini hansı şərtlə çəkə bilər?

22-08-2012, 14:25
Oxunub: 4 012 Və ya Kremlin mümkün istəkləri barədə

«Qarabağın açarı Rusiyanın cibindədir». Bu deyim bu gün Azərbaycanda ən məşhur fikirlərdən biridir. İnsanların belə bir qənaətə gəlməsinin səbəbi isə münaqişənin Rusiya tərəfindən törədildiyi və Moskvanın bölgədə əsas güc olması ilə bağlıdır.
Kremlin Qarabağla bağlı məsələdə mövqeyi isə aydındır. Məsələ belədir ki, Moskva münaqişənin təkbaşına həll etmək istədiyini deyir. Amma digər tərəfdən Ermənistana bütün yardımları göstərir. Tərəfləri görüşə çağıraraq, onlarla müzakirə aparan Rusiya hakimiyyəti yekunda tutarlı bir addım atmır. Səbəb də odur ki, Qafqazda münaqişələri ustalıqla idarə edən Rusiya təsir imkanlarını itirmək fikrində deyil.
Eyni zamanda, Rusiya Ermənistan vasitəsi ilə Gürcüstan və Azərbaycana faktiki olaraq təsir göstərir. Azərbaycanla arasında Qarabağ münaqişəsi olan Ermənistan 20 ildən artıqdır ki, problemi aradan qaldırmır. Aparılan bütün danışıqların nəticəsi isə göz qabağındadır. Cəbhə xəttində vaxtaşırı baş verən hərbi toqquşmalar isə tərəflərin bir birlərinin gücünü yoxlamasından ibarətdir. Həmçinin Ermənistan bununla Azərbaycanı «yarı can» etdiyinin fərqindədir. Çünki ərazisinin 20 faizini itirən Azərbaycanın bu şəkildə inkişaf etməsi hər nə qədər mümkün olsa da, yenə də yetərli olmayacaq. Yəni, bir tərəfi işləməyən xəstə hər nə qədər bacarıqlı olsa da, yetərli əmək qabiliyyətinə malik deyil. Təbii ki, ortada Rusiyanın oyunun oynamaq da var.
Gürcüstana gəldikdə isə bir tərəfdən Abxaziya və Cənubi Osetiya problemləri mövcuddur. Həmçinin bu ölkənin içində Cavaxetiya kimi «saatlı bomba» var. Ermənilərin kompakt yaşadığı həmin ərazilərdə separatizmin aşkar şəkildə olduğu da sirr deyil. Gah sosial, gah siyasi məsələləri qabardan və bəhanə edən ermənilər Cavaxetiyanın ayrılaraq, Ermənistana birləşdirilməsini istəyirlər. Hadisələrin gedişatı isə belə deməyə əsas verir ki, yaxın gələcəkdə həmin «saatlı bomba» işə düşəcək və «partlayış» baş verəcək. Ortada şübhəsiz yenə Rusiyanın əli var.
Qarabağ məsələsində vəziyyətin son zamanlar dəyişdiyinə dair fikirlər mövcuddur. Nələrin baş verdiyi açıq şəkildə diqqəti çəkməsə də, bir şeylərin tərpəndiyi görünür. Xüsusən də Rusiyanın bəzi addımları Qafqazdakı münaqişələrlə bağlı mövqeyinin dəyişməsindən xəbər verir. Məsələ belədir ki, Moskva Dnestryanı bölgədəki separatçı qrupların üzərindən əlini çəkməyə hazırlaşır. Onların Moldovanın tərkibində yaşamasını məsləhət bilən və buna razılıq verən Kreml ilk addımlarını atmağa başlayıb. Qafqazdakı münaqişələrə gəldikdə isə burada da bəzi dəyişikliklərin olacağı qaçılmaza çevrilib. Çünki Rusiya artıq bu şəkildə bölgəyə hakim olmağın mümkünsüzlüyü qənaətindədir.
Gələn bəzi məlumatlara görə, Kreml rəsmilərinin son dövrlər Azərbaycana vaxtaşırı səfərlər etməsinin də arxasında ciddi planlar dayanır. Həmin xəbərlərdə vurğulanır ki, Rusiya artıq Qarabağ məsələsindən çəkilməyə hazırlaşır. Aparılan danışıqlar da məhz bununla bağlıdır. Hətta bununla bağlı Moskvadan Bakıya bir neçə təklifin gətirildiyi də iddia edilir. Deyilir ki, Rusiya Azərbaycanla məsələdə anlaşıb, Ermənistana təzyiq etmək fikrindədir. Ki, ermənilər də işğal etdikləri torpaqlardan çəkilsinlər.
Bu məlumatların həqiqət olduğunu demək xeyli çətindir. Hətta diplomatik mənbələrə bununla bağlı baş vurduqda onlar məlumatı təsdiqləmədilər. Bizimlə söhbətdə vurğuladılar ki, Rusiyanın belə bir təklif irəli sürməsi mümkün olsa da, onlarda heç bir məlumat yoxdur. Amma aydın məsələdir ki, Kreml bunun qarşılığında nələrisə istəyir. Bu nələrin nədən ibarət olduğu isə maraqlıdır. Həmin maraqların nədən ibarət olduğunu ardıcıllıqla sıralamağa çalışaq.
Birincisi, Rusiya Azərbaycandan ilk olaraq Qərblə əlaqələrini sadələşdirməsini tələb edə bilər. Yəni, iqtisadi və sisial sahələrdə əməkdaşlığa etiraz etməyən Rusiya, siyasət və hərbi sahələrdə yaxınlaşmanın əleyhinədir. Bunu dəfələrlə Moskva rəsmiləri də dilə gətiriblər.
İkincisi, Qəbələ RLS-i ilə bağlı məsələdir ki, bu istiqamətdə aparılan danışıqların nəticəsizliyi məlumdur. Amma inandırıcı deyil ki, Rusiya Qarabağı Qəbələ RLS-i ilə dəyişsin. Çünki bu iki şeyi yan-yana qoyduqda, Qarabağ daha ağır gəlmiş olur.
Üçüncüsü, enerji məsələləridir ki, bu Kremlin birbaşa marağında olandır. Avropanı təbii qazla sıxışdırıb, istədiyi kimi hərəkət edən Rusiya inhisarçılığını əldən vermək istəmir. Orta Asiyanın enerji resursları üzərində hakimiliyini qoruyan Moskva təkcə Azərbaycanla aralarındakı münasibətləri bu sahədə aydınlaşdıra bilmirlər. Düzdür, «Qazprom»un ARDNŞ-lə bağladığı müqaviləyə əsasən hər ruslar Azərbaycandan 2 milyard kub metr qaz alırlar. Amma hər il 15 milyard kub metr qaz hasil edən Azərbaycan üçün bu rəqəm çox kiçikdir və ona görə də, əlavə bazarlar axtarmaq məcburiyyətindədir. Azərbaycanın Avropa bazarlarını əldə etmək üçün yarışa girməsi isə Rusiyanın maraqlarında deyil və bu onun gəlirlərinə mənfi təsir göstərir. Ona görə də, Xəzərdə nəzarəti və qazın onsuz satılmaması təkliflərinin qarşılığında Qarabağ məsələsindən əl çəkə biləcəyi ehtimal olunandır.
Dördüncüsü isə Avrasiya İttifaqına üzvlüklə bağlıdır. Rusiya xeyli müddətdir keçmiş SSRİ-nin yerində bərpa etmək istədiyi bu birlik üçün bütün MDB dövlətlərinə müraciət edib. Azərbaycanın məsələdə mövqeyi bu yaxınlarda açıqlanıb və bildirilib ki, Bakı heç bir birliyə qoşulmaq fikrində deyil. Belə olan təqdirdə, Kreml Bakını razı salmaq və onu da bu birlikdə təmsil etdirmək üçün Qarabağı güzəştə gedə bilər. Çünki məsələdə çox israrlıdır və məqsədin də yenidən bölgəyə açıq şəkildə nəzarət imkanlırını əldə etməkdir. Şübhüəsiz ki, Qarabağın müqabilində Azərbaycanın bu təklifə razı ola biləcəyi mümkündür. Ona görə ki, belə bir dəyiş-döyüş hər nə qədər zərərli olsa belə, yenə də torpaq itkisindən xeyirlidir.
Təbii ki, burada başqa təkliflərin və istəklərin olması da mümkündür. Həmin sırada İranla bağlı vəziyyət və birgə müttəfiqlik kimi işlər də yerini alır. Bu gün Azərbaycanın İranla münasibətləri pisdir və bunun haradan qaynaqlandığı Rusiyanın bildiyi bir şeydir. Moskvanı narahat edən məqam odur ki, illərdən bəri qoruduğu İrana qarşı müharibəyə başlaya bilər və bu prosesdə Azərbaycanın da iştirakı mümkünləşər. Ona görə də, həm İranın, həm də Azərbaycanın əldən çıxmaması üçün rəsmi Bakı ilə danışıqlara gedərək, onu razı salmaq zərurəti meydana çıxmış ola bilər.
Sonda onu da bildirək ki, Rusiyanın bu cür asanlıqla Qarabağı güzəştə gedəcəyinə inanmaq sadəlöhvlük olardı. Amma Dnestryanı bölgədə baş verənlərdən belə başa düşmək olar ki, Kreml düzəni dəyişmək fikrindədir. Əks təqdirdə, özü üçün bəzi problemlərin yarana biləcəyinin fərqindədir.

JAM.AZ