BolgeXeber.Com » Media » Böyük bəyə kiçik yazı

Böyük bəyə kiçik yazı

22-08-2012, 16:20
Oxunub: 5 476 Və yaxud “Elçibəysizləşdirəbildiklərimizdənsizmi?”


Onun başqaları kimi təmtəraqlı təqdimata ehtiyacı yoxdur. Onun adı heç bir titul qəbul etmir. Amma, bu gün dəbdə olan bir çox ali siyasi titulları özündə birləşdirir. Çünki, o Elçibəydir! Elçibəydirsə, deməli, Əlahəzrətdir! Deməli, Böyükdür! Deməli, Uludur! Əbülfəz Elçibəydir! Onun böyüklüyünü, ululuğunu təsvir edə bilmək üçün, sadəcə, “Elçibəy” demək də bəsdir! MİLYON TƏQDİMATI KEÇƏN TƏQDİMAT!

Dəbdə olan titulları sayarkən, “bəzi titulları unutdu” deyəcək oxucum. Heç də! Mən ona görə “Ümummili Lider” və “Milli dövlətçiliyimizin banisi” demədim ki… Bunu, heç mərhum Elçibəyin özü də qəbul etməzdi, axı! O, özünü ondan öncə gələnlərdən qabağa verməzdi. Əksinə, özündən sonra gələnlərə “gəl, qabağa keç!” deyərdi. Deməklə, yetinməzdi də! Onun sözü, elə əməli idi! O, əsl Böyük kimi, kiçiksevən biriyidi. Elə, ona görə də, Əbədi Elçibəydir! Öz əbədiliyini daim saxlayacaq biri! İqtidarlar dəyişsə də, qalsa da!

Rəhmətlik Bəylə video-müsahibə, Mirşahini heç özü də bilmədən tarixə salan bir layihədir. Və heç zaman aktuallığını və baxımlılığını itirməyən bir video-xatirə! Demək olar ki, hər elçibəyçi bu video-müsahibəyə dəfələrlə baxıb. Elə, mən özüm də. Bu dəqiqə, TV-də göstərsələr və yaxud da, “DVD”də baxmağı təklif etsələr, böyük həvəslə ekranın qarşısına keçər və “yoruldum” demədən dönə-dönə baxaram. Baxmayaraq ki, az qala, bütün video-müsahibənin mətnini əzbər bilirəm.

Bəyin yarızarafat-yarıciddi dediyi bu sözləri ölənədək unutmaram:

“Fağır bir prezident tapmışdınız, sağdan da döşəyirdiniz, soldan da!”

Bəli! Tanrı belə bir FAĞIR PREZİDENTİ verməklə, Azərbaycan xalqını ƏN BƏXTƏVƏR XALQ kimi şərəfləndirmişdi. Amma, buna baxmayaraq, biz ƏN BƏDBƏXT XALQ kimi özümüzü sübut etdik. Necə? ELÇİBƏYİ İTİRMƏKLƏ! İtirəndən sonra isə, yaman qədr bilirik! Və sonra da, yada salıb deyirik ki: “ANALARIN MİN İLDƏN BİR DOĞDUĞU DAHİLƏRİ GÖZ BƏBƏYİ TƏK QORUMAQ GƏRƏKİR!”

Türk milləti qısır deyil. Əminəm ki, yenə də, Elçibəy kimi dahilər dünyaya gələcək (bəlkə də, artıq gəlib),yenə qədri bilinməyəcək və yenə də, hər xatirə məclisində yuxarıdakı şüar, “boğazdanyuxarı” bir pafosla səsləndiriləcək! Amma, qədrbilməzlərin keçirdiyi xatirə gecələri, dahiləri geri qaytaran deyil! Tanrı dahiləri mükafat kimi verir…. VƏ CƏZA KİMİ ALIR!

Biz, yəni, Azərbaycan xalqı, Elçibəyi qorumaq və ona dəstək olmaq gərəkirkən, nə etdik? Sadə və qısa cavab: SÖZƏ GETDİK! Yəqin ki, oxucum məni qınayacaq, amma, mən düçar olduğumuz Elçibəysizlik durumunu bu cür izah edirəm:

“ÜMUMMİLLİ SƏFEHLİKDƏN DOĞULAN ÜMUMMİLLİ BƏDBƏXTLİK!”


Və hələ də, bu gün, Azərbaycan cəmiyyətində bir “ELÇİBƏYSİZLƏŞDİRMƏ” cinayəti gedir. Həm də, icraçıları üçün çox uğurlu şəkildə! Günahı yalnız iqtidarda axtarmayaq. Məncə, bu cinayətin ən “mühüm” icraçıları, elə özünə “müxalif” və “radikal” deyən bəzi “elçibəyçi”lərdir. Onlar Elçibəy ənənəsini deform etmək, onun ülkü və prinsiplərini çeynəmək yolu ilə, Elçibəy yolunu da yanlış bir səmtə yönəldirlər. Mən belələrinə “NEANDERTAL” deyirəm. Milliyətçi kəsimi irəli aparmaq əvəzinə, daha da geriyə dartan və ümidsizliyə düçar edən “NEANDERTAL SÜRÜSÜ”! Heyfim gəlir belələrindən nəsə öyrənəcəyi ümidi ilə “sürü”yə qoşulan elçibəyçi gənclərə! Ürək ağrısı ilə, təəssüflənirəm onların hədər gedən enerjisinə!

Yazımı çox uzatmaq istəmirəm. Çünki, buna ehtiyac da yoxdur! Çünki, nə qədər gəlişigözəl sözlər yazsam da belə, yenə də, Elçibəy Zirvəsinə layiq bir yazı yaza bilmərəm. Mən sadəcə içimi boşaltdım bu yazı ilə! Və bir də məqsədim o idi ki, bəyan edim:

Ey, Türk millətini Elçibəysizləşdirməyə çalışanlar! Hədər yerə uğraşmayın! Az da olsa, tədirgin və pərişan da olsa, Elçibəyi təmənnasız və sifarişsiz sevən və vəsf edən Türk oğlu Türklər ölməyib hələ! Onlar son nəfəslərinə qədər Elçibəydən miras qalan Bütov Azərbaycan sevdası ilə yazacaq, yaradacaq və elə siz demişkən, LAZIM GƏLDİYİ ANDA, qələmini süngü edib, SAVAŞA QALXACAQLAR!


Sonda isə, Elçibəyə layiq olmasa da, içimdən gələn və istedadıma uyğun yazdığım bir şeri təqdim edirəm. Əgər, zəifdirsə, lütfən, Elçibəyin xatirəsinə bağışlayın!

Elçibəysiz – Rəhbərsiz mübarizə

Bəy!

Ölümmü aldı

Səni bizlərdən?

Yoxsa,

Əbədiyyət qopardı Səni!?

Onu bilirəm ki,

yaman, tez oldu!

Kimsə bu itkini

Gözləməyirdi!

Əzab içində,

Sən əzəllik qurdun!

Amma, hazırını

“nazir”lər yedi!

Gəlişinlə,

Göy Hədiyyəsi oldun!

Gedişin xalqına

cəza dəmiydi!

Sevdiyin sevməyə

hazır deyildi!?

Ya, qədr bilməyə

qadir deyildi!?

Bilmirəm!

Sadəcə,

dərk edirəm ki,

Sən getdin,

Qədərin kədəri gəldi!

Rüfət Əhmədzadə, 2010-cu il