BolgeXeber.Com » Media » Mətbuat Şurasında beynəlxalq seminarın iştirakçıları ilə görüş keçirildi

Mətbuat Şurasında beynəlxalq seminarın iştirakçıları ilə görüş keçirildi

29-08-2012, 23:35
Oxunub: 3 249
Azərbaycan Mətbuat Şurasında (MŞ) TÜRKSOY, ISESCO və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminarın xarici ölkələrdən gəlmiş iştirakçıları ilə görüş keçirilib.

Şuradan çərşənbə günü Trend-ə verilən məlumata görə, MŞ sədrinin müavini Umud Rəhimoğlu qonaqları salamlayaraq belə görüşlərin vacibliyini vurğulayıb, mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın vacib rol oynadığını bildirib. O, Mətbuat Şurasının yaranması və fəaliyyəti ilə bağlı barədə ətraflı məlumat verib. Təmsil etdiyi qurumun əsas missiyasının media ictimaiyyət, media hakimiyyət münasibətlərinin tənzimlənməsi olduğunu deyən Rəhimoğlu bu istiqamətdə görülən işlər barədə ətraflı söhbət açıb.

"Mətbuat Şurasına şikayətlər ayrı-ayrı vətəndaşlardan, dövlət qurumlarından, idarə, müəssisə və təşkilatlardan, eləcə də özəl firmalardan daxil olur. Bununla yanaşı, mediamızın müxtəlif problemlərinə dair araşdırmalar aparır, müxtəlif mövzularda tematik toplantılar keçiririk. Şuranın beynəlxalq əlaqələrində ümumtürk informasiya vasitələri ilə münasibətlər başlıca yer tutur. Ötən ilin payızında Bakıda türkdilli xalqların media təmsilçilərinin qurultayı təşkil olundu. Bu tədbir xalqlarımızın inteqrasiyasında, qarşılıqlı əlaqələrin daha sıx şəkildə qurulmasında medianın üzərinə düşən vəzifələrin nə dərəcədə məsuliyyətli olduğuna bir daha aydınlıq gətirdi", - o bildirib.

Daha sonra çıxış edən TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışaraq onun Azərbaycanda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını vurğulayan Qafarlı qurumun bir çox beynəlxalq layihələrə imza atdığını nəzərə çatdırıb. O, əlavə edib ki, diqqətəlayiq uğurlarla dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilir. Milli mədəniyyətin və ənənəvi dəyərlərin əhəmiyyət qazandığı son dövrdə TÜRKSOY çoxtərəfli mədəni əməkdaşlıq istiqamətində mühüm işlər görüb.

Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu deyən Qafarlı bildirib ki, türk mədəniyyətinin dünyaya təqdimatında jurnalistlərə üç ildir ki, "TÜRKSOY-un mətbuat mükafatı" təqdim olunur.

"Mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lərin iştirakının daha da artırılması və rolunun inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların diqqət və dəstəyi davam etdirilməlidir", - Qafarlı bildirib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında müasir mədəniyyətlərarası dialoqun təşviqində jurnalist peşəkarlığının rolunu təhlil edib.

"Bu gün dünyada baş verən real hadisələr və bu hadisələrin kütləvi informasiya vasitələrində əksi jurnalistin mövqeyindən asılıdır. Media təmsilçiləri arasındakı münasibətlərin gücləndirilməsi çox vacibdir. Jurnalistlərin təmasları fərdi qaydada deyil, kollektiv şəkildə qurulsa, daha faydalı olar", - o deyib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Özbəkistanın "CA-News" agentliyinin Orta Asiya xəbər xidmətinin əməkdaşı Ümidə Maniyazova, "AKİ Press" Qırğızıstan informasiya agentliyinin redaktoru Yıldız Orospakova, Tacikistanın "Axşam" qəzetinin redaktoru Nəzərəli Pirnəzərov Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını ifadə ediblər. Qonaqlar Bakının füsunkar gözəlliyinə, tikilən yeni, yaraşıqlı binalara, səliqəli küçələrə, fəvvarələrə valeh olduqlarını, Azərbaycandan çox gözəl təəssüratlarla ayrılacaqlarını dilə gətiriblər.