BolgeXeber.Com » Media » Zahid Oruc Rüstəm İbrahimbəyovdan yazdı

Zahid Oruc Rüstəm İbrahimbəyovdan yazdı

19-11-2012, 12:10
Oxunub: 6 885 Səhranın bəyaz günəşinin gətirdiyi inqilab

Adam çox şöhrətlənə bilər. Lakin tanınmanın və nüfuzun çəkisi altında təmsil etdiyi millətini basdırmaz.

Rüstəm İbrahimbəyov heç vaxt dissident olmayıb. Onu siyasi mübarizənin önünə atanlar bunu nəzərə alsınlar. Sovet illərinin ən yaxşı ideoloji ekran əsərlərinə qoyduğu imzası bunu sübut edir. Karyerasının pik nöqtəsində belə o hər vaxt sadə vətəndaşın deyil, kommunist elitasının yanında durub. Yox, bunu ittiham kini səsləndirmirəm. Lakin ictimai nəzərə nümayiş etdirdiyi sadəliklə dəbdəbəli həyata meyl arasında həmişə bir təzad olub. Məhz ona görə də hava limanınada onu qarşılayan taksi sürücüsünü aşağılayır, onun gerizəkalılığına rişxənd edir və sürücünün istədiyi haqqı özünə həqarət sayır.

Başa düşürəm ki, böyük bir məkanda ona qoyulan hörmət xüsusi komplekslər formalaşdırmalıydı. Bəlkə də ona görə hər zaman tamtəraqla qarşılanmağa gizli bir ehtiyac duyur. Lakin kinodramaturgiya həyata baxışı bir az da korlayır. Qazandığın titullar və alqışlar səni millətin fövqünə çıxarır. Artıq gürcüdən, rusdan və ya ermənidən gələn hər bir səsi özününkündən ayıra bilmirsən.

Rüstəm bəy Bakının ədəbi mühitinin kasıblaşmasına acıdıqca qətiyyən səmimiyyətsizlik etmir. O, doğrudan da belə düşünür ki, erməni və yəhudi dostlarının getməsi ilə nə qədər elita itkisinə məruz qalmışıq. Halbuki bundan sonra dedikləri ilə nə qədər haqsız oldunu sübuta yetirir. Onun aşağıladığı kəndçi mentallığı, köçkün nəfəsi və qaçqın qoyun-quzusu kütləvi olaraq Bakıya niyə pənah gətirib ki? Bəlkə biz də düşmənlərimiz kimi şəraiti düzgün dəyərləndirib paytaxt Moskvaya üz tutmalıydıq?

Kimsə yazıçı və şairlərimizdən İlya Erenburqluq və ya Konstantin Simonovluq tələb eləmir. Bunu bir sovet yanaşması, hətta təbliğat priyomu da saya bilərik. Döyüş meydanına atılmaq hərbçilərin işidir. Qoy, onlar Stalinə yaxşı qələbə himni, antifaşıst çağırışları təqdim etsinlər.

Ancaq Rüstəm bəy bundan da yan keçir. Xatırlamırıq onun işğal gerçəkliyinə müqavimət hayqırtısını, qələm protestini və ya bədii üsyankarlığını. Halbuki onun səsi döyüş meydanlarındakı toplardan daha təsirli olardı. Yenə də lənətlənmiş Aznavur nümunəsi olmasaydı. Sonda geri çəkilən bu şanlı-bədnam erməninin dərk etdiyi həqiqətlər və sülh çağırışları sizi çaşdırmasın.

Milli savaşda hər kəsin öz missiyası var. Biz Qarabağı kinomuza nə vaxt gətirə bilmişik
ki? Vətənin dərdi adı ilə Bakıda hakimiyyətlə yer davası edənləri Cəbrayılla, Fizuli ilə silahlandırmaq müşkül məsələdir.

Siyasətə gəlincə, bu quruluşun bütün keyfiyyətlərini hər kəsdən bəyənməyi tələb etmək olmaz. Lakin Rüstəm bəyin qardaşı 5 il parlamentə üzv olanda bircə dəfə də olsun bu protestin əlamətləri görünməyib. Əksinə, əldə olumuş hər məqamdan indiki itirilmiş mülklərə dair xahişlər, müraciətlər üçün əlavə pilləkən yaranıb. Ulu Öndərin bir zəngini mükafat bilib sonrakı dövrdə öz iqtisadi iddialarını yekəldiblər. Əlbəttə, sizlər gəlir deklarasıyasını açmağa borclu deyilsiniz. Lakin əgər bunu etsəniz, indi günahlandardığınız məmurlarla müqayisədə sizlərin də lümpenproletariat olmadığı üzə çıxacaq.

Bu sətirləri oxuyanların “nə olsun, o bunu zəhməti ilə qazanıb” deyə silkələdiyi barmağı görürəm. Ancaq tələsməyin. Bu adamlar Eynşteyn səxavətindənsə, hər məqamda cah-cəlala çatmaq üçün necə incə diplomatiyadan isifadə etdiklərini bir çoxları yaxşı bilir. Maqsud bəy həmişə antiEynulla pamfletlərini büküb yüksək məqamlara təqdim edəndə onun parlament fəaliyyətini nədə gördüyünü təyin etmək o qədər də çətin olmurdu. Lakin bütün deputatlığı ərzində onun səsini eşidə bilmədik. Bilirsiniz, indi kaset qalmaqalı ilə dələduzluğa və deputatlara dirəniş göstərən bu ziyalı qrupunun ən azı 3-ü keçmişdə-məhz o siciliya sindikatlarını lentə çəkən və özü də dünyəvi avantürist olan rektorun təyin olunmaq istədiyi Məclisə üzv olub. Gətirib vaxtı bitmiş o mandatları təhvil verə və aldıqları 5 illik məvacibdən imtina edə bilərlər.

O ki qaldı Prezidentin Rüstəm bəylə məsləhətləşməsinə, həqiqətənmi o bunu ictimai problemlərin diskussiyası üçün istəyir? Bayaq xatırlatdıq ki, cəmi üç il qabaq bu dartışma mediada yeni başlayanda hələ təzə-təzə dərk olunurdu ki, adı parlaq bu fiqurlar Azərbaycanı özlərinə borclu sayırlar. Oskar mükafatının sevincinə batan zavallı insanların heç ağlına da gəlmirdi ki, milli kimlik məsələsini hörmətli Rüstəm bəy neçə ildi “ilişib qaldığı” Bakıda qərarlaşdırmalı olub. Hər dəfə qatıldığı mübahisə cəbhəsindən o, nəhayət ki, milli barrikadaya məcburən keçirdi. Bu platforma onun üzərinə zorən qoyulurdu. İndi onu hətta gələcək dövlət rəsmisi kim görənlər fərqində deyillər ki, Rüstəm bəy günün birində nazir olduğu Azərbaycanı qoyub həyatını çox xərclədiyi və sevdiyi Rusiyaya gedər, onu simvollaşdıranları pəjmürdə edərdi. Heç kəsin buna şübhəsi olmasın. Çünki belə yerlər titanik şəxslər üçün dar gəlir.

Bircə onu xatırlayıram ki, böyük Heydər Əliyev yəhudi Rastrapoviçi bir azərbaycanlı sevdalısına çevirə bildi. Asan olmadı. Bundan ötrü onun iki Almaniyanın birləşdiyi yerdə ifa etdiyi violençelin şərəfinə bütün Azərbaycan mədəniyyətini düzdürdü ki, dünya şöhrətindən bir az bu millətə xərcləsin. Hiss olunurdu ki, adam həyat yoldaşı ilə birgə sidq ürəklə çalışır. Lakin qocalıq və uzün müddət Avropada yaşamaq Bakıda doğulmağı əvəz edə bilməzdi.

Əsədullayevin qızına isə ele hey neft buruqlarından biri lazım olurdu. Atasından qalma yadıgarın yerini axtarırdı. Başqa cür milli vətənpərvərlik damarı işləmir və ruhu oyanmırdı.

Dünya şöhrətli Müslüm fenomeni isə tamam ayrı məsələdir. Zamanında ona göstərilən dövləti ehtiram, Müslüm dünyadan gedəndə isə Azərbaycanın birinci xanımının Tamara Snyavskaya üzərindəki mənəvi nüfuzu olmasaydı, indi dahi sənətkarın Fəxri Xiyabanda uyuyan qəbrinin ünvanı Moskva olacaqdı. Yaradıcı şəxsə rəsmi diqqət tələb edənlər bunu unutmasınlar.

O ki qaldı Lütfi Zadəyə,onun beynəlxalq titullarına və adlarına Azərbaycanın mükafatlarını qataraq Bakıda təntəli qəbul keçirəndə heç kəs bu böyük alimi milli mübarizəmizə forpost olmağı məsləhət görmürdü. Yetər ki, özünü azərbaycanlı sayır-bax, əsil xalq yanaşması bundan ibarət olub.

Əslində mən də sizlər kimi “Səhranın bəyaz günəşi”ni uşaqlıqdan sevmişəm. Hələ də basmaç Abdullaya nifrət eləyirəm. Hələ istəsəniz lap qırmızı qvardiyaçı Petruxanın nakam taleyinə acıyıram da. Lakin Orta Asiyada inqilab quruculuğuna film həsr etmək hörmətli Rüstəm bəyə dünya siyasi irsini bizə anlatmağa əsas vermr. Düzdür, kino çəkən hər şeydə bir məna axtarır. Lakin əminəm ki, bu günəşdən o inqilab doğası deyil. Azərbaycan bolşevizm tarixini arxada qoyub. İndi sizcə, biz hansı Günəşin altında isinirik? Film öz yerində... (lent.az)