BolgeXeber.Com » Media » Azərbaycan hakimiyyəti Qərbə qarşı hücuma keçib

Azərbaycan hakimiyyəti Qərbə qarşı hücuma keçib

23-11-2012, 13:00
Oxunub: 3 190 Hakimiyyət qəzetləri qərb əleyhinə yazılar yazır

İqtidar KIV-lərində Qərb əleyhinə yazıların vüsət alması bunun göstəricisidir. Ötən gün rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov yazdığı köşə yazısında Avropa təşkilatlarını ittiham etmişdi. “Niyə susursunuz?” başlıqlı yazıda deyilirdi:

“Təəssüf ki, vaxtaşırı Azərbaycana dost münasibəti bəsləməyən bir sıra beynəlxalq təşkilatlar - ”Human Rights Watch", “Freedom House”, “Amnesty International”, “Sərhədsiz Reportyorlar” kimi qurumlar ölkəmizdə demokratiya sahəsində problemlərin mövcudluğu barədə açıqlamalar verir, hətta tez-tez mətbuat və söz azadlığının pozulduğunu, kütləvi aksiyalara yol verilmədiyini, “siyasi məhbus”ların mövcudluğunu söyləyirlər".

Bəxtiyar Sadıqovun iddiasına görə, adını çəkdiyi təşkilatlar Avropadakı kütləvi aksiyalar zamanı iştirakçıların əzilməsini görsələr də, susurlar.

Bəxtiyar Sadıqovdan sonra YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Qərbi ittiham edən məqalə yazıb: “Bəzi hallarda milli ideologiyanın yerinə demokratiya, hüquqi dövlət, azadlıq kimi anlayışları milli ideologiya kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bu, yeni bir baxış və müstəqil fikir deyil. Bu, zaman-zaman imperialist mərkəzlərin ayrı-ayrı cəmiyyətlərdə anarxist demokratiya, yaxud ziddiyyətli demokratiya qurmaq və beləliklə də, həmin cəmiyyətləri istismar etmək məqsədilə ortaya atdıqları imperialist düşüncə ünsürüdür. Demokratiya heç vaxt milli ideologiya ola bilməz...

...Imperialist mərkəzlər inkişafda olan dövlətlərə məhz bu dəyərləri ideologiya kimi təqdim etməklə, bir növ həmin dövlətləri ideologiyasızlaşdırlar. Məqsəd isə aydındır, onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz".

Göründüyü kimi Hikmət Babaoğlu Qərbi Azərbaycanda demokratik proseslərə dəstək verməsini YAP sayağı şərh edir. Guya Qərb bu addımı ilə Azərbaycanın milli ideologiyasının sıradan çıxarmağa çalışır. Halbuki Hikmət Babaoğlu da bilməmiş deyil ki, demokratiya ideologiya deyil və Qərbin də bunu Azərbaycana ideologiya kimi təqdim etmək niyyəti yoxdur. Demokratiya azad və ədalətli idarəetmə formasıdır ki, bu da YAP-ın maraqlarına uyğun deyil. Çünki demokratik idarəetmədə YAP kimi avtoritarizmə köklənən partiyalara yer yoxdur.