BolgeXeber.Com » Media » Müəllif Hüquqları Agentliyi Nadir Əzimovun iddiasına cavab verdi

Müəllif Hüquqları Agentliyi Nadir Əzimovun iddiasına cavab verdi

8-12-2012, 13:55
Oxunub: 4 588 Bəstəkar, Əməkdar İncəsənət Xadimi Nadir Əzimovun Müəllif Hüquqları Agentliyinə qarşı ittihamlarına cavab özünü çox gözlətmədi. Qurum dərhal bu ittihamlara öz münasibətini bildirdi, özü də yazılı şəkildə. Agentliyin xahişini nəzərə alaraq, cavabı olduğu kimi təqdim edirik.

Xatırladaq ki, dünən Publika.Az-a açıqlama verən bəstəkar Nadir Əzimov hüquqlarını müdafiə etmədiyini əsas gətirərək Müəllif Hüquqları Agentliyinə qarşı ittihamlar irəli sürüb.

“Bəstəkar Nadir Əzimovun Publika.Az xəbər saytına verdiyi müsahibədə Müəllif Hüquqları Agentliyinə qarşı irəli sürmüş əsassız ittihamlarına və həqiqətə uyğun gəlməyən məlumatlarına dair bildiririk ki, N. Əzimov pozulmuş müəlliflik hüququnun bərpasına köməklik göstərilməsi barədə Agentliyə iki müxtəlif məsələ ilə bağlı 2011-ci ilin birinci və sonuncu rüblərində müraciət edib. Belə ki, 2011-ci il 28 mart tarixdə ərizə ilə müraciət edərək mətn müəllifi Rəsmiyyə Sabir, musiqisi isə N. Əzimova məxsus “Unutdun” adlı mahnının türkmən mügənnisi Nazir Habibov tərəfindən icazəsiz ifa edildiyini və “YouTube” internet saytında yerləşdirildiyini bildirərək Agentlikdən hüquqlarının qorunması üçün köməklik göstərilməsini xahiş etmişdi. Məsələ ilə bağlı Agentlik dərhal araşdırma aparıb və müəyyən edib ki, həqiqətən türkmən mügənnisi Nazir Habibov “Unutdum” mahnısını müəlliflərdən icazə almadan rus dilində “Vse proşlo” adı altında ifa eib və məhnıya çəkilən klip göstərilən saytda yerləşdirilib. Həmçinin video-klipdə musiqinin kimə məxsus olması barədə məlumat verilməyib.

Müəllif-hüquq qanunvericiliyi baxımından məsələyə aydınlıq gətirilməsi məqsədilə Agentlik sözü gedən video-klipin müəllifin hüquqlarının pozulması ilə həyata keçirilərək yerləşdirilməsi barədə operativ qaydada məktub hazırlayaraq “You Tube” administrasiyasına göndərib.

Eyni zamanda, Agentlik Türkmənistanın “Türkmənbuqat” Dövlət Birliyinin nəzdindəki Müəllif və Əlaqəli Hüquqlar üzrə Dövlət Agentliyinin sədrinə məktub ünvanlayaraq, beynəlxalq müəllif-hüquq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Azərbaycan bəstəkarı N. Əzimovdan razılıq alınması və pozulmuş müəlliflik hüquqlarının bərpası üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.

Agentlik 11 aprel 2011-cü il tarixdə N. Əzimova məktub göndərərək görülən işlər barədə məlumat verib.

Bir müddət keçdikdən sonra “You Tube” internet saytında yerləşdirilən “Vse proşlo” mahnısına çəkilən video-klipin titrlarında mahnının musiqisinin N. Əzimova məxsus olması barədə məlumat daxil edilsə də, lakin Türkmənistanın göstərilən qurumu tərəfindən Agentliyin məktubuna cavab verilməyib.

Azərbaycanın beynəlxalq sahədə siyasətini həyata keçirən orqanın mövcudluğunu nəzərə alaraq, məsələnin həllinin gücləndirilməsi məqsədilə Agentlik məktubla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək N. Əzimovun musiqi müəllifi olduğu “Unutdum” adlı mahnıdan qeyri-qanuni istifadə hallarının dayandırılması və əsərdən istifadəyə görə müəllif qonorarının ödənilməsinə yardım etmək üçün Türkmənistanın aidiyyəti qurumları ilə məsələnin aydınlaşdırılması barədə ölkəmizin Türkmənistandakı Səfirliyinin məlumatlandırılması xahiş olunub.

Həmin ilin 28 oktyabr tarixində N. Əzimov Agentliyə yeni ərizə ilə müraciət edərək musiqisi ona məxsus “Mənə dəniz verin” mahnısının bir neçə fraqmentindən İran mügənnisi Homayoun Molaei tərəfindən istifadə edilərək ifa etdiyini bildirmiş və bununla bağlı müəllif hüquqlarının bərpasına köməklik göstərilməsini xahiş edib.

Bununla bağlı, Agentliyin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, İran müğənnisi H. Molaei N. Əzimovun “Mənə dəniz verin” mahnısına bəstələdiyi musiqinin qısa fraqmentindən “Arezoo” adı altında fars dilində ifa etdiyi mahnıda istifadə edərək klip çəkdirib və həmin klip “You Tube” və digər internet saytlarında yerləşdirilib. Klipdə N. Əzimovun musiqisindən istifadə edildiyi bərədə məlumat verilməyib.

N. Əzimovun musiqisindən qeyri-qanuni istifadənin dayandırılması və əsərdən istifadəyə görə müəllif qonorarının ödənilməsi üçün Agentlik 2011-ci il 29 noyabr tarixli məktubla Xarici İşlər Nazirliyinə müraciət edərək İranın aidiyyəti qurumları ilə məsələnin aydınlaşdırılması barədə ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə məlumat verilməsini xahiş edib. Bununla yanaşı, bir başa Səfirin özü ilə bir neçə dəfə telefon danışıqları aparılıb.

Bunların nəticəsi olaraq, cari ilin fevral ayında Xarici İşlər Nazirliyi cavab məktubunda H. Molaeinin İran Mədəniyyət və İslam İrşadı Nazirliyində müğənni kimi rəsmi qeydiyyata alınmadığının və hazırda Avropada yaşadığını bildirib. Əlavə olaraq qeyd edilib ki, İran İslam Respublikasının qanunlarına əsasən bu növ janrda mahnı ifa etmək və klip çəkdirmək qadağandır.

N. Əzimova əvvəllər olduğu kimi bu müraciəti ilə də əlaqədar Agentlik tərəfindən 2011-ci ilin 12 dekabr tarixində görülən işlər barədə, 2012-ci ilin 12 mart tarixində isə Nazirlikdən daxil olan məlumatlar haqqında cavab məktubu göndərilib.
Yuxarıda qeyd edilənlərdən görünür ki, N. Əzimovun müraciətləri ilə əlaqədar Agentlik qanunvericiliklə ona verilmiş səlahiyyət çərçivəsində lazımı bütün tədbirləri həyata keçirib və N. Əzimovun müsahibə zamanı verdiyi ittihamlar öz əksini tapmır”.