BolgeXeber.Com » Media » Dünya, doğrudan da, dağılacaq?

Dünya, doğrudan da, dağılacaq?

8-12-2012, 19:25
Oxunub: 4 138 Qiyamətin baş verəcəyi ilə bağlı tibetli kahin Dalay Lamanın NASA-ya ünvanladığı müraciətdə göstərilən tarix yaxınlaşdıqca narahatlıq da artır...Doğrudur, xəbərin yayılması ilə təkzib edilməsi arasında uzun zaman fasiləsi olmadı. NASA 21 dekabrla bağlı narahatlıqları aradan qaldırmaq məqsədilə ictimaiyyəti maarifləndirmək üçün kampaniyaya başladı. NASA 21 dekabrda dünyanın qaranlığa qərq olacağı fikrinin heç bir elmi əsasının olmadığını söyləyərərk insanları narahat olmamağa çağırıb.

Evini anbara çevirənlər

Rusiya Meteorologiya Mərkəzinin rəhbərliyinin reaksiyası da fərqli olmayıb. Mərkəzin rəhbəri Roman Vilfand “21 dekabrda heç bir təbii fəlakət baş verməyəcək” deyə vurğulayıb. Həmin gün gündüz işığının azalacağını və bunun 22 dekabr qədər davam edəcəyini deyən Vilfand bundan başqa 21 dekabrda heç bir təhlükənin gözləmədiyini bildirib. Ancaq buna baxmayaraq keçirilən rəy sorğularında rəyi soruşulanların hər 10 nəfərindən biri qiyamətin məhz 2012-ci il dekabrın 21-də qopacağına inandığını bildirib. Qiyamət gününə ehtiyat görənlər isə heç özləri də bilmədən bu xəbərlərin iqtisadi maraqlara hesablandığı fikrini doğru çıxarıblar. Bəzi ölkələrdə, o cümlədən Rusiyada qida ehtiyatı görənlərin sayı durmadan artmaqdadır. Hətta evinin bir otağını anbara çevirənlər belə tapılır. Müşahidələr göstərir ki, qiyamət gününə hazırlıqla bağlı ən çox tələbat konservlərə olub.

İsa peyğəmbər qiyamət günü zühur edəcək?


Bu xəbərlər insanlarda dünyanın sonu olacağına dair qorxu hissi yaratmaqla bərabər, bəzi ölkələrdə turizmin inkişafına da ciddi təsir göstərib. Söhbət Türkiyə və Fransadan gedir. Məsələ burasındadır ki, bəzi inanclara görə qiyamət günü dünyada ancaq 2 kənd dağılmaqdan qurtulacaq ki, bu kəndlərdən də biri Türkiyədə, biri də Fransadadır. Türkiyədə də qiyamətin olmayacağına dair rəsmi açıqlama verilsə də, bu xəbərlər turizm sektorunu canlandırıb. Bu isə İzmirin Səlcuk bölgəsindəki Şirincə kəndinin qiyamətdən qorunmaq üçün təhlükəsiz ərazi güman edilməsi ilə bağlıdır. “Blue Energy Group” adlı qurumun yaydığı məlumata görə, dekabrın 21-də Türkiyənin Şirincə və Fransanın Bugaraş kəndləri mühafizə olunacaq. Artıq Türkiyənin Şirincə kəndinə turist səfərləri başlayıb. Turizm obyektlərində boş yerin olmadığı bildirilir. Fransa isə Buqaraş kəndi ilə bağlı tədbir görmək məcburiyyətində qalıb. Yerli orqanların qərarı ilə dekabrın 18-22-də əraziyə daxil olmaq məhdudlaşdırılacaq. Bu isə qiyamətdən qorunmaq istəyənlərin bölgəyə axınının qarşısını almaq üçün nəzərdə tutulur. Hətta xristianlar arasında qeybə çəkilən İsa peyğəmbərin məhz Türkiyənin Şirincə kəndində yenidən zühur edəcəyinə inananlar da var. Buna görə də turistlər “həmin günün” şahidi ola bilmək üçün Şirincəyə üz tuturlar.

21 dekabr qorxusu intihara apara bilər

Qiyamət xəbərlərinin insan psixologiyasına təsiri də maraq doğurur. Dünyanın bir sıra psixoloji xidmət mərkəzi 21 dekabla bağlı insanlarda psixoloji narahatlıqların daha da artdığını vurğulayır. Yaş və cins fərqi olmadan psixoloji gərginlik, stress hətta intihara da apara bilər. Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, xüsusilə nevroz xəstələrinə qiyamət xəbərləri daha ciddi təsirlər göstərir, dərman qəbulu artır: Nevrozlardan müraciətlərin artdığını bildirən psixoloq onların hətta inanmadıqları qiyamət xəbərlərindən narahatlıq keçirdiklərini vurğulayıb. Ancaq D.Rzayev də 21 dekabr xəbərlərinin iqtisadi maraqlara hesablandığı qənaətindədir: “Təsdiqlənmiş faktdır ki, insan həyəcanlananda, stress keçirəndə, əsasən, çoxlu maye qəbul edir, qazlı içkilər içir. Həmçinin qida qəbulu da artır”. Bu isə iqtisadi böhran səbəbindən müflisləşmə həddinə çatan şirkətləri hərəkətə keçirir.

Top atəşi yerə dəyəcəkmi, yoxsa..?

Bəs əslində 21 dekabrda nə baş verəcək? Bunun elmi açıqlamasını N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri fizikası şöbəsinin müdiri, AMEA-ın müxbir üzvü Namiq Cəlilov açıqlayıb. Onun sözlərinə görə, 21 dekabrda baş verəcək
“planetlərin paradı” astronomik hadisədir və təkrarlanır. Astronomlar asanlıqla bunun təqvimini hesablaya bilirlər: “Planetlərin paradı” Yerə olan qabarma və çəkilmə qüvvələrini dəyişdirə bilər, ancaq bu effekt zəif effektdir. İnsanlar yaxşı başa düşürlər ki, son nə vaxtsa çatacaq. Ancaq nə vaxt? İqtisadiyyat maqnatları belə şeylərdən məharətlə istifadə edirlər. Yaxın keçmişdə guya, dünya quş və donuz qriplərindən məhv olmalıydı. Bəs nə ilə qurtardı? Bu prosesdən hansı ölkənin iqtisadiyyatının qazandığı da yaxşı məlumdur.

Doğrudur, Günəş Yerə və insanlara həyat versə də, elə ən real və ciddi təhlükə də elə onun özündən gözlənilir. Günəşin nüvəsində qazın (plazmanın) temperaturu 15 milyon dərəcədir, sıxlığı isə sudan 150 dəfə çoxdur. Orada nüvə reaksiyaları baş verir. Ayrılan böyük enerjinin əksər hissəsi ətraf kosmosa səpələnir və bu Yer üçün enerji və həyat mənbəyinə çevrilir. Ancaq nüvə enerjisinin xeyli hissəsi də Günəşin səthinə yaxın qatlarda udulur və bu plazmanı hərəkətə gətirir. Plazma böyük elektrik keçiriciliyinə malik olduğundan və differensial olaraq fırlandığından səthə yaxın qatlarda böyük maqnit “adaları” yaranır. Bu adaların ölçüsü 40-50 min km-dir. Bu adalar tədricən Günəşin səthinə qalxır və biz onu Günəşdəki ləkələr kimi müşahidə edirik. Bu ləkələr güclü maqnit sahəsinə malikdirlər. Hər 11 ildən bir bu ləkələrin sayı maksimuma çatır. Buna Günəşin maqnit aktivliyi deyirlər. Təqribən 3 milyard ildir ki, bu proses beləcə davam edir. Müxtəlif qütblü ləkələr bir-birlərini cəzb etdiyindən qısaqapanmalar baş verir və Günəş səthində nəhəng partlayışlar olur. Bu alışmalardan güclü istilik şüalanması və qaynar plazma ətraf kosmosa atılır. Beləliklə, üst-üstə yığılıb qalmış enerjidən Günəş bu yolla azad olur. Atılan qaynar plazma buludunun temperaturu milyon dərəcə, kütləsi milyard ton, sürəti isə saniyədə bir neçə min km tərtibində olur. Məhz belə Günəş atəşinin hədəfi Yer olduqda qorxu yarana bilər. Ancaq həmişə yox. Bu, ilk növbədə, açılan atəşin gücündən asılıdır.

Alışmaların öz təsnifatı var. Bu alışma zamanı yaranan güclü rentgen şüalanmasının gücü ilə müəyyən olunur: A, B, C - zəif, M- orta və X- güclü alışmalardır. Az və orta gücü olan alışmaların Yerə təsirini ürək xəstəliyi olan insanlar daha tez hiss edirlər. X- alışmalarının fəsadları isə Yer üçün daha ciddi ola bilər. Günəş öz maqnit aktivliyinin minimum fazasında ətraf kosmosa açdığı güclü atəşlərin sayı həftədə bir dəfə olursa, maksimum fazada bunların sayı hər gündə 3-4 dəfə olur. Hal-hazırda Günəş öz aktivliyinin maksimum fazasına daxil olub. Bu faza təqribən 2013-cü ilin axırına qədər davam edəcək. 23 oktyabr 2012-ci ildə baş vermiş partlayış X2 gücünə malik idi. Bu son 6 ayda ən güclü partlayış sayılır. Bundan əvvəlki 11 illik sikldə X-güclü partlayışların sayı dörd dəfə olub. Bunlardan ən güclüsü 4 noyabr 2003 tarixində X28 olub. Bu, çox nəhəng partlayış idi. Qeyd edim ki, Yeri onun atmosferi və maqnit sahəsi bu cür Günəş hücumlarından kifayət qədər müvəffəqiyyətlə müdafiə edir. Ancaq atılmış çox böyük kütlələr Yerdən yan keçməyəndə onlar Yerin maqnit sahəsini güclü təlatümə gətirir və yüksək enerjili elektron və ionlar atmosferə daxil olurlar. Bu cür maqnit fırtınaları Yerin şimal qütbü ətrafındakı rayonlarda daha tez-tez müşahidə olunur. Lap güclü atəşlərin təsiri orta və cənub en dairələrində belə hiss oluna bilir. Yerin maqnitosferində güclü həlqəvi sabit elektrik cərəyanları generasiya olur. Bu, ilk növbədə, süni peykləri, elektron cihazları, transformatorları sıradan çıxır. Bu isə bütün kommunikasiya və elektrik sisteminin dayanması – texnogen katostrof deməkdir. İndi əsas məsələ həmin “atəşlərin” Yerə dəyib-dəyməyəcəyidir. Birincisi, çox güclü X partlayışların sayı azdır – hər siklin maksimum fazasında 1-2 sayda. Digər tərəfdən nəzərə alsaq ki, atəş radiusu 700 min km olan böyük bir fırlanan şarın səthindən açılır və bu səthdən 150 milyon km məsafədə çox böyük sürətlə (1 saniyədə 30 km) fırlanan Yer bir nöqtədir, onda bu atəşin Yerə dəyəcəyi ehtimalı çox az olur, ancaq sıfır olmur”.

Hələ 350 il qorxusuz yaşamaq olar

N.Cəlilov bildirir ki, yerdə güclü maqnit qasırğası 1859, 1921, 1960, 1989-cu illərdə müşahidə olunub. Bunlardan ən güclüsü 1859-cu ildə olub. Həmin vaxt maqnit qasırğası bütün elektrik sistemini, teleqraf sistemini sıradan çıxarmışdı: “Buna oxşar, lakin zəif gücə malik hadisə 1989-cu ildə şimali Amerikada, ən çox-da Kanadanın Kvebek əyalətində baş vermişdi. Yer tarixində belə hadisələr tez-tez olub. Yer iqlimində baş vermiş qlobal dəyişmələri müəyyən etmək üçün xüsusi elmi-tədqiqat üsulları var. Məsələn, Qrenlandiyada, Antaraktidada dimi buz qatlarında çöküb qalmış izotpoların konsentrasiyası ölçülür. Bu həmin o izotoplardırlar ki, yer atmosferinə daxil olan yüksək enerjili Günəş hissəcikləri onları yaratmış, sonra isə bu izotoplar atmosferdən çökərək buzlaqlarda saxlanılmışlar. Bu buz qatları təbiətin arxivlərindən biridir. Belə arxivlər milyon illər ərzində Yerdə baş vermiş dyişmələrdən xəbər verir. Beləliklə, müəyyən edilib ki, yerdə təqribən hər 500 ildən bir belə katostrofik maqnit qasırğası baş vermişdir. Sonuncu dəfə təxminən 150 il bundan əvvəl 1859-cu ildə belə hadisə olub. Deməli, 350 il qorxusuz yaşaya bilərik. Ancaq təsadüflər də yox deyildir. Artıq Günəş aktivliyin maksimum fazasına daxil olub. Bu il noyabrın 23-də 2X alışması ilə baş verib. Günəşdəki partlayışların ən maksimum həddi 2013-cü ildə olacaq. 2014-cü ildən başlayaraq yenidən aktivlik aşağı düşəcək. Bu partlayışlarda yaranan “top atəşlərinin” Yerə düşüb-düşməyəcəyini isə demək çətindir”.
"Olaylar"