BolgeXeber.Com » Media » MTN: Elmarın qətli ilə bağlı yeni dindirilənlər var

MTN: Elmarın qətli ilə bağlı yeni dindirilənlər var

2-03-2011, 10:15
Oxunub: 4 632
Həmkarları bu gün Elmar Hüseynovu anacaq

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 6 il keçir. Saat 12.00-da həmkarları və yaxınları jurnalistin məzarı başında yığışacaq. Dünən isə “Media forum” saytı Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevə E.Hüseynovun qətlinin istintaqı ilə bağlı müraciət edib.

MTN rəsmisi deyib ki, Elmar Hüseynovun qətlinin üstünün açılması üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. O, jurnalistləri qətllə bağlı reallığa uyğun olmayan yazılarda ittiham edib: “Jurnalistlər özləri müxtəlif iddialar, versiyalar irəli sürür, naşı, məsələyə dəxli olmayan şəxslərdən müsahibələr götürürlər, ekspert olmayan şəxsləri ekspert kimi qələmə verərək rəylər alırlar. Bu, ağır cinayət hadisəsidir. Onun üstünün açılması üçün həqiqətən böyük qüvvə sərf olunur, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Görülən işin həcmi çox böyükdür. İstintaq aparmaq sahəsində hüquqi bilgiləri və təcrübəsi böyük olan şəxslər bilirlər ki, bu qədər şahidin dindirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsi nə qədər vaxt, insan resursu, texniki imkanların səfərbər olunmasını tələb edir. Ona görə də deyə bilərəm ki, qətlin üstünün açılması üçün nə zəruridirsə, hamısı həyata keçirilir”.

Arif Babayevin sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları qətlin törədilməsində iştirakları sübuta yetirilən Tahir Xubanov və Teymuraz Əliyevin tutulub istintaqa təhvil verilməsi üçün dəfələrlə Gürcüstan tərəfinə müraciət göndərib, lakin qonşu dövlət bundan imtina edir.

“Gürcüstan niyə Tahir Xubanov və Teymuraz Əliyevi tutub istintaqa təhvil verməkdən imtina edir, bu ölkənin arqumenti nədir” sualına Arif Babayev belə cavab verib: “İstintaq getdiyinə görə daha dərin təfərrüatlara varmaq istəmirəm. Amma istintaq qrupu bu sahədə nə zəruridirsə, onu həyata keçirir”.
MTN rəsmisi deyib ki, qətllə bağlı şahid qismində yeni dindirilən şəxslər də var. Arif Babayevin sözlərinə görə, istintaq dinamik formada davam edir: “Elmar Hüseynovun qətli ilə bağlı yeni şahidlər dindirilir, yeni ekspertizalar təşkil olunur, baxış keçirilir. İstintaq sirri olduğuna görə hər detalı açıqlamırıq”.
MTN rəsmisinin təqdimatında bu cür açıqlamaları zaman-zaman eşitsək də, bəzi faktları xatırlatmağa zəruri ehtiyac görürük. Öncə ondan başlayaq ki, Gürcüstanın baş nazir müavini Giorgi Baramidze hələ ötən ilin noyabrında “Azadlıq” radiosunun suallarına cavab verərkən bu məsələyə də toxunub. “5 il əvvəl Bakıda Azərbaycan jurnalisti Elmar Hüseynov qətlə yetirildi. Azərbaycan rəsmiləri qatillərin Gürcüstan vətəndaşı olduğunu və bu haqda Gürcüstana rəsmi müraciət edildiyini bildirirlər” sualına cavabda G.Baramidze bunları deyib: “Şəxsən mən ilk dəfədir bu haqda eşidirəm. Həqiqi sözümdür, belə bir məsələnin olduğunu heç vaxt eşitməmişəm. Amma bir şeyi tam əminliklə deyə bilərəm ki, Gürcüstan hökuməti heç vaxt hər hansı cinayətkarı - fərq etmir jurnalistin və ya adi vətəndaşın qatili olsun - gizlədə bilməz. Bu, mümkün deyil. Bizim ölkələr arasındakı münasibətlərin səmimiliyini nəzərə alsaq, ümumiyyətlə, belə bir ehtimalı təsəvvür etmək çətindir”.

Mərhumun hazırda oğlu ilə Norveçdə mühacir həyatı yaşayan həyat yoldaşı Ruşaniyyə Hüseynova da tez-tez mətbuata açıqlamasında bildirib ki, o, Gürcüstan Ədliyyə Nazirliyinə məktubla müraciət edib: “Bizə cavab verdilər ki, Azərbaycandan heç vaxt, bir daha təkrar edirəm, heç vaxt Tahir Xubanov və Teymuraz Əliyevin ekstradisiyası ilə bağlı rəsmi müraciət etməyiblər”.
Demək ki, mətbuat A.Babayevin dediyi kimi, fərziyyələr yox, konkret faktlardan çıxış edir. O ki qaldı jurnalistlərin guya naşı, məsələyə dəxli olmayan şəxslərdən müsahibələr götürməsi, ekspert olmayan şəxsləri ekspert kimi qələmə verərək rəylər almasına, bu məsələdə də qarşı tərəfin mövqeyi var.

E.Hüseynovun qətli mövzusunda ilk gündən etibarən yazan “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy hesab edir ki, qeyri-peşəkarları daha çox hakimiyyətdə axtarmaq lazımdır. Onun sözlərinə görə, ölkə mediasında işləmək ağır olduğundan bura axın da zəifdir. Bu səbəbdən tanınan media orqanlarında qeyri-peşəkar axtarmaq yersizdir: “O ki qaldı mövzu ilə bağlı kimləri danışdırmağımıza, bu qətllə bağlı danışmaq istəyənlər, buna cəsarət edənlər azdır. Biz jurnalistlər onun açılmasında maraqlı olan insanları danışdırırıq və bu zaman onların hansı peşədən olduğunu yox, rəyinin əhəmiyyətliliyini əsas götürürük. Bu, jurnalist təşkilatı rəhbəri də olur, keçmiş əməliyyatçılar da, keçmiş polis işçiləri də”.
Jurnalist qətllə bağlı əlavə məlumat almaq üçün əlaqədar dövlət qurumlarına, onların rəhbərlərinə də müraciət etdiklərini dedi. Onun sözlərinə görə, qarşı tərəf hər zaman müsahibələrdən, açıqlamalardan yayınıb: “Əgər əlimiz onlara çatmayıbsa, bu, bizim qeyri-peşəkarlığımız deyil. Sadəcə, imkanlar bu qədər olub”.

Hüquqşünas Müzəffər Baxışov da hesab edir ki, E.Hüseynovun qətli bütün ictimaiyyətin diqqətindədir. Onun sözlərinə görə, mövzu ilə bağlı çoxlu rəylərin, versiyaların səslənməsi təbii olduğu qədər, istintaqın imkanlarını da genişləndirir. Müsahibimiz dedi ki, media mənsubları kimi, mərhumun ailə üzvləri də istintaqa məsul olan şəxslərdən bununla bağlı məlumat ala bilmir: “Cinayət işinin istintaqı qətllə bağlı bütün versiyaları tam araşdırırsa, bu, işdə boşluq olmayacağı deməkdir, istintaqa köməkdir”.

O ki qaldı qətldə təqsirləndirilənlərlə bağlı Gürcüstana müraciət məsələsinə, hüquqşünas hesab edir ki, burada da bilinməyən gizlin məsələlər var. Onun sözlərinə görə, əgər bu şəxslər Gürcüstan vətəndaşlarıdırsa, sorğunun əhəmiyyəti var: “Gürcüstan demokratik ölkədir. Qoşulduğu beynəlxalq konvensiyalara görə, öz vətəndaşını başqa ölkəyə təhvil verə bilməz. Sadəcə, Gürcüstan rəsmiləri də deyirlər ki, Azərbaycan tərəfi bu işlə bağlı onlara heç bir sübut təqdim etməyiblər. Halbuki Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalara görə, sübutları təqdim etməlidir. Məndə elə bir təəssürat var ki, istintaq orqanlarının bu işlə bağlı heç bir sübutu yoxdur. Sadəcə, ictimaiyyəti sakitləşdirmək üçün belə deyirlər”.

Martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 6 ili tamam olur. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır.