BolgeXeber.Com » Media » “Sərhədsiz Reportyorlar”dan Eynulla Fətullayev bəyanatı

“Sərhədsiz Reportyorlar”dan Eynulla Fətullayev bəyanatı

22-03-2013, 21:10
Oxunub: 4 404 “Biz Azərbaycan hakimiyyətinin prezident seçkiləri ərəfəsində tənqidçilərinə qarşı əl atdığı kəskin tədbirlərdən şoka düşmüşük”
Baş ofisi Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı hazırda insan haqları müdafiəçisi kimi fəaliyyət göstərən Eynulla Fətullayevlə bağlı xüsusi bəyanatla çıxış edib. Təşkilatın rəsmi saytında az əvvəl yerləşdirilmiş bəyanatda deyilir: “Biz Azərbaycandakı rejimin prezident seçkiləri ərəfəsində öz tənqidçilərinə qarşı gördüyü kəskin tədbirlərdən, habelə ölkədə şübhəli şəkildə anti-Avropa əhval-ruhiyyəsi yaratmaq və bununla da müxalifəti zəiflətmək səylərindən şok keçiririk. Hazırda bunun nümunələrindən biri Avropada demokratiya və insan haqları dəyərlərinin aşağı düşdüyü barədə guya “Sərhədsiz Reportyorlar” tərəfindən də dəstəklənən “araşdırmadır””.
“Sərhədsiz Reportyorlar” təşkilatının Almaniya qrupunun icraçı direktoru Kristian Mixr deyib: “Biz heç bir halda iddia olunduğu kimi bu araşdırmaya dəstək verməmişik və orada Almaniyada insan haqlarının vəziyyəti ilə Azərbaycandakı vəziyyətin müqayisə olunmasını tamamilə qeyri-proporsional hesab edirik”.
Bəyanatda deyilir ki, “araşdırmanın” (dırnaq işarəsi təşkilata aiddir.-red) müəllifi rejimin tənqidçisi kimi beynəlxalq mükafatlar almış jurnalist Eynulla Fətullayevdir. “O, iki müxalif qəzetin redaktoru kimi prezident İlham Əliyev tərəfindən əfv olunana qədər dörd ildən çox həbsxanada qalıb. Həbsdən buraxılandan sonra Fətullayev açıq-aşkar hakimiyyətyönümlü hesabatlar, o cümlədən Azərbaycan həbsxanalarında siyasi məhbusların vəziyyyətinə dair hesabatlar dərc edib” deyə bəyanatda bildirilir.
Beynəlxalq jurnalist təşkilatı xatırladır ki, Fətullayevin Almaniyada insan haqlarının pozulmasından bəhs edən hesabatı bu ilin yanvarında Brüsseldə təqdim olunub. Bundan bir neçə gün sonra AŞ PA-da Azərbaycanda siyasi məhbuslara dair qətnamə layihəsi səsvermədən keçməyib. Alman məruzəçi Kristofer Ştrasser bunu Azərbaycan hakimiyyətinin güclü lobbi fəaliyyəti ilə izah edib. “Biz qorxu hissi ilə qeyd edirik ki, hətta rejimin keçmiş tənqidçiləri belə indi onun müdafiəçisinə çevrilir” deyə “Sərhədsiz Reportyorlar”ın direktoru Mihrdən sitat gətirilir. Xatırladaq ki, “Amnesty İinternational” E.Fətullayevin həmin hesabatına dəstək vermədiyini bəyan edib, daha sonra təşkilatla jurnalist arasında qalmaqal yaranıb. “Amnesty İnternational” elan edib ki, E.Fətullayevlə bütün əlaqələri kəsir.
musavat.com