BolgeXeber.Com » Media » MTN-in sabiq zabitindən şokaçıqlamalar...

MTN-in sabiq zabitindən şokaçıqlamalar...

24-03-2013, 09:20
Oxunub: 7 211 Ramin Nağıyev vəkil Ramiz Zeynalovun “Təzadlar qəzetindəki iddialarına cavab verdi; ortaya müdhiş iddialar çıxdı və qaranlıq qalan sirlərə yenidən işıq tutuldu
Martın 21-də “Təzadlar” qəzetində “Tanınmış vəkil Ramin Nağıyevi ifşa etdi” başlıqlı məqalə dərc olunub. Məqalədə məşhur vəkil Ramiz Zeynalov MTN-in keçmiş zabiti, indi Fransada mühacirət həyatı yaşayan Ramin Nağıyevə qarşı bir sıra ittihamlar irəli sürüb.
Vəkil Ramin Nağıyevin 1995-ci ildə həbsdə ölən Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) üzvləri Elçin Əliyevlə Fazil Muxtarovun həbsxanada ölümündə də əli olduğunu iddia edir. Haqqında səslənən iddialara Ramin Nağıyev “Yeni Müsavat”a göndərdiyi məqalədə cavab verib. Məqalənin birinci hissəsini diqqətinizə çatdırırıq.

****
Sözün düzü, mən Ramiz Zeynalovun açıqlamalarını görəndə təəccüb etdim. Xüsusən müsahibənin 1994-cü ildə Xüsusi Şöbənin rəisi Şəmsi Rəhimovun öldürülməsi ilə bağlı olan hissəsini. 12 ildir mən bu haqda açıqlamalar verirəm və ilk dəfədir Bakıda kimsə mənim söylədiklərimi şübhə altına alır. Oxuculara baş verənlər daha da aydın olsun deyə, mənim apardığım təhqiqatla bağlı bir neçə kəlmə demək istəyirəm. 1994-cü il sentyabrın 30-da Azərbaycan Respublikası Baş Prokurorluğunda general Şəmsi Rəhimovla Ali Sovetin sədri Afiyəddin Cəlilovun qətli ilə bağlı cinayət işi açıldı. Daha sonra istintaq davam etdirilməsi üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinə göndərildi. Müstəntiq olaraq çalışdığım bu araşdırma haqda fikirlərimi 2002-ci ildən başlayaraq Azərbaycanın müxtəlif media orqanlarında bildirmişəm. Detallara varmadan onu vurğulamaq istəyirəm ki, hər iki cinayət faktı ilə bağlı OMON əməkdaşları suçlu bilinərək həbs edildi, cinayətin təşkilatçısı isə Mahir Cavadov elan olundu. İstintaq belə bir qənaətə gəldi ki, cinayətin motivi təşkilatçı ilə öldürülən şəxslər arasında şəxsi ədavətdir. Hüquq-mühafizə orqanları cinayətin motivi ilə bağlı ortaya başqa heç nə qoya bilmədilər; çünki istintaq orqanlarının əlində OMON-çulardan Bakı Şəhər Baş Polis İdarəsinin zirzəmisində alınan “səmimi etiraflar”dan başqa onların cinayətdə iştirakını sübut edən heç bir dəlil, sübut yox idi. Buna baxmayaraq, OMON-çulara azadlıqdan məhrumetmə cəzası verildi. Onlardan biri - ömürlük həbs cəzası alan Elçin Əliyev bir neçə il sonra həbsxanada vəfat etdi. Fazil Muxtarov isə cəzaçəkmə müəssisəsində narkotik vasitələrə alışdırıldı və həbsdən çıxandan az müddət sonra o da vəfat etdi. Afiyyədin Cəlilov və onun sürücüsü 1994-cü il sentyabrın 29-da Cəlilovun evinin girəcəyində öldürülmüşdü. Bundan 2 saat sonra – saat 23.30-da isə Şəmsi Rəhimov qətlə yetirildi. O da öz evinin girişində...

Operativ əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanları Abbasov R.R. adlı vətəndaşa çıxdılar. O, istintaqa ifadəsində demişdi ki, hadisə baş verən zaman iki nəfər şübhəli şəxs görüb. Həmin iki kişi olaydan dərhal sonra VAZ 2107 markalı açıq rəngli maşına əyləşərək uzaqlaşıblar...