BolgeXeber.Com » Media » Mətbuatın “istefaya göndərdiyi” məmurlar...

Mətbuatın “istefaya göndərdiyi” məmurlar...

29-10-2019, 16:19
Oxunub: 6 323 Mətbuatın “istefaya göndərdiyi” məmurlar...Mediada daha bir neçə vəzifəli şəxsin işini itirəcəyi barədə proqnozlar verilir, amma...

Ötən həftə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə məmur vəzifəsindən azad edildi. Yada salaq ki, prezident baş nazirin iki müavinini - Əli Həsənov və Hacıbala Abutalıbovu tutduqları vəzifədən azad etdi. Adıçəkilən məmurlar ərizə ilə ölkə başçısına müraciət etmişdilər.

Əli Həsənov 1998-ci ildən baş nazirin müavini vəzifəsində çalışırdı. Hacıbala Abutalıbov isə bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi. 2001-ci ildən 2018-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı idi.

Prezidentin obrazlı şəkildə “oktyabr inqilabı” kimi də xarakterizə edilən islahatları fonunda ötən həftə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edildi. O, vəzifədən azad edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasına prezident seçildi.

Bütün bu dəyişikliklərdən sonra mətbuat, bəzi ictimai-siyasi fəallar, sosial şəbəkə istifadəçiləri bir neçə məmurun da yaxın zamanlarda işdən çıxarılacağına dair proqnozlar verirlər. Xüsusilə də prezidentin müvafiq sərəncamından sonra Hacıbala Abutalıbovla görüşü zamanı “Hər halda, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər” - ifadəsi əsas götürülərək, bir neçə məmurun adı hallanır. Onlar arasında baş nazirin birinci müavini Yaqub Eyyubov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və eləcə də Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı xüsusi qeyd edilir.

Yaqub Eyyubovla bağlı iddialar Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana gələn dövlət və hökumət başçılarını baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə birinci müavin görünməyib. Bu isə ictimaiyyətdə onunla bağlı müxtəlif fikirlərin və eləcə də vəzifəsindən azad ediləcəyi proqnozlarının yayılmasına səbəb olub. Yaqub Eyyubov 1999-cu ildən 2003-cü ilə kimi baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin vəzifəsində çalışır. Oktyabrın 24-də onun 74 yaşı tamam olub. Bəzi iddialara görə, Yaqub Eyyubovu Şahin Mustafayev əvəzləyə bilər. Şahin Mustafayev oktyabrın 22-də baş nazirin müavini təyin edilib. Bundan əvvəl o, iqtisadiyyat naziri vəzifəsində çalışıb.

Ramiz Zeynalova gəlincə isə 1951-ci il təvəllüdlü general 69 yaşının içərisindədir və 1994-cü ilin avqust ayından Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Yeni nazir Vilayət Eyvazovun kadr islahatları çərçivəsində onun da işdən azad ediləcəyi ilə bağlı məlumatlar yayılıb, proqnozlar verilir.

Əhməd Əhmədzadə ilə bağlı yayılan məlumatlarda isə onun hətta artıq istefa ərizəsini yazdığı da bildirilir. 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhmədzadənin 74 yaşı var.

Elman Rüstəmovun da adı istefaya göndərilənlər sırasında çəkilirdi. Proqnozlarda yazılırdı ki, yaxın günlərdə onun da vəzifəsindən azad edilməsi rəsmi şəkildə məlum olacaq. Lakin proqnozlar özünü doğrultmadı. Bu söhbətlərin getdiyi ərəfədə Elman Rüstəmov jurnalistlərə açıqlama verdi ki, vəzifəsinin başındadır: “Mən bu postdayam və öz fəaliyyətimi davam etdirirəm. KİV nümayəndələrinə məsləhətim odur ki, rəsmi məlumatlara istinad etsinlər”, - deyə Elman Rüstəmov bildirib...

Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. O, uzun müddətdir ki, bank sektorunda çalışır. 1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilən Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədridir.

Əli RAİS,