BolgeXeber.Com » Media » “Azərbaycan" qəzeti məmurları ifşa etdi

“Azərbaycan" qəzeti məmurları ifşa etdi

26-08-2013, 11:20
Oxunub: 5 417 Saysız imarətlər sahibi olan, «estrada ulduzlar»ına bahalı hədiyyələr bağışlayanlar topa tutuldu

Rəsmi mətbuat orqanı “Azərbaycan” qəzeti Azərbaycan məmurlarını ifşa edib. Qəzetinin dünənki sayında “Görməmişlik, maksimalistlik” başlıqlı yazı dərc olunub. Yazıda heç bir məmurun adı çəkilmir. Ümumiyyətlə, yazıda “məmur” ifadəsinə rast gəlinmir. Lakin bununla belə yazının Azərbaycan məmurlarına həsr olunduğunu iddia etmək olar.

Yazı Azərbaycandakı var-dövlət sahiblərinin görməmişliyindən, pullarını yalnız eyş-işrətə sərf etmələrindən, ölkə üçün, ehtiyacı olan vətəndaşlar üçün isə əllərini ciblərinə salmaq barədə düşünməmələrinə həsr olunub. Avropadan, Rusiyadan bunun əksi olan nümunələr gətirilib: “Eşitdiyimizə görə dünyanın ən varlı adamı olan Bil Qeytsin ABŞ-dakı evi bizim hətta Badamdardakı orta səviyyəli mülklərdən kiçikdir (belə olan halda onun Bakının ”milyonçular məhəlləsi"ndəki imarətləri görəcəyi zaman hansı hissləri keçirəcəyini təsəvvür etmək çətin deyil). Inanmırıq ki, bu ABŞ milyardçısının istifadə etdiyi avtomobil, evindəki məişət avadanlıqları da bizimkilərin maşınlarından, cah-cəlallarından baha olsun. Əvəzində Bil Qeyts və onun kimi yüzlərlə digər külli miqdarda maliyyə sahibləri hər il dəyəri milyon dollarla ölçülən xeyriyyəçilik tədbirləri keçirir, dünyanı rahatsız edən qlobal humanitar problemlərin həllində yaxından iştirak edirlər. Onlar bu zaman hətta malik olduqları sərvətin əhəmiyyətli hissəsindən belə, keçməkdən çəkinmirlər.

Bəs bizdə? Hansısa ağır xəstənin müalicəsində, hansısa əlilin, müharibə veteranının, kimsəsiz qocanın bu və ya digər ehtiyacının ödənilməsində, hansısa perspektivli gəncin xaricdə təhsil almasında imkanlılarımızın özünü qabağa verməsini görüb, yaxud eşitmisinizmi? Təəssüf ki, yox!..

...Əgər imarətlərinin sayını bilməyən biri başının üstündə adicə dama həsrət qalan çoxuşaqlı ailəyə arxa çevirirsə, qapısında, yaxud obyektində işlətdiyi insanların zəhmət haqqını kəsib onu öz harın ehtiyaclarına xərcləyirsə, vətəndən qazandığı pulları vətən naminə xərcləməyi qıymayıb hansısa “estrada ulduzları”na bahalı hədiyyələr bağışlayırsa və digər bu kimi əməllərə sahiblik edirsə, ondan nə ad qalacaqdı ki...".

Azərbaycan var-dövlət sahibi olanların əhəmiyyətli hissəsi məmurlardır. Məhz məmurlardır ki, avtomobillərinin, villalarının sayını-hesabını bilmirlər. Məhz məmurlardır ki, “estrada ulduzlar”ı yetişdirirlər və onları yaşadırlar. Lakin “Azərbaycan” qəzeti rəsmi mətbuat orqanı olduğu üçün bunu açıq yaza bilmir. Amma yazıda daşın kimlərinə bostanına atıldığını başa düşmək o qədər də çətin deyil. Hətta məmurlar nəzərdə tutulmasa belə yazılanlar məhz onlara uyğun gəlir.