BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədov və onun çevrəsi ilə bağlı... - İlginc iddialar

Ziya Məmmədov və onun çevrəsi ilə bağlı... - İlginc iddialar

3-03-2015, 11:07
Oxunub: 7 603 Ziya Məmmədov və onun çevrəsi ilə bağlı... - İlginc iddialarMilli Məclisin deputatı Elton Məmmədovun oğlu, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar ötən həftə nəhayət ki, “Glass Plaza” əyləncə və ticarət mərkəzində kafe-restoranının açılışını etdi.
Aynar Məmmədov belə bir kafe açmaq istəyini hələ ötən ilin noyabrında vəd etmişdi. O, sosial şəbəkədəki səhifəsində məlumat vermişdi ki, belə bir kafe-restoran açacaq.
Qeyd edək ki, bu o zamanlar idi ki, avtoxuliqanlıq və sosial şəbəkələrdə paylaşdığı fotolarına görə Aynar Məmmədov ciddi qınağa tuş gəlmişdi. Bu da səbəbsiz deyildi. Çünki nazirin qardaşı oğlu ilə bağlı qalmaqal prezidentin ötən ilin fevralın 5-də keçirdiyi müşavirədən sonra-fevral ayının 13-də ortaya çıxmışdı. Sözügedən müşavirədə prezident harın məmurlar və onların övladlarını sərt tənqid etmişdi.

Nazirin qardaşı oğlunun dəbdəbəli maşınlarının fotosunun yayılması Məmmədovları hədəfə çıxarmışdı. Mediada da Məmmədovların tezliklə hakimiyyətlə vidalaşacağı barədə xəbərlər dolaşırdı.
Deputat isə oğlunun dəbdəbəli həyat tərzinə haqq qazandıraraq demişdi ki, sovet İttifaqı dövründən bizneslə məşğul olduğu üçün imkanlı şəxs sayılır. “Mən indi müasir və inkişaf etmiş Azərbaycanda öz oğluma normal maşın ala bilmərəm? Mənim oğlumun avtomobilinin dəyəri 100 min manatdan aşağıdır. Azərbaycan qanunları bahalı avtomobillərin ölkəyə gətirilməsinə də imkan verir. Heç bir qanunda buna məhdudiyyət yoxdur. Camaat 100 milyona təyyarə alıb gətirir. Heç buna məhdudiyyət qoyulmur. Ancaq hansısa xarici ölkədə bahalı maşınla foto çəkilib, bunu götürüb yazırlar ki, filankəsin 500 minlik maşını var və sairə” deyən deputat Məmmədovların hədəfdə olduğunu etiraf etmişdi: “Burada söhbət oğlumdan deyil, Elton və Ziya Məmmədovlardan gedir. Bizi qaralamaq istəyirlər. Ancaq Allah da bilir ki, mən və qardaşım dövlətçiliyə və millətə xidmət edən adamlarıq”.
Elə həmin ərəfədə Aynar Məmmədovun adı daha bir qalmaqalda - jurnalistin döyülməsində əsas fiqurat kimi hallanmağa başladı. Bu dəfə A.Məmmədovun əmisi, nəqliyyat naziri Ziya Məmmədov danışdı: “Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda cənab prezidentə xidmət edirəm”, deyə nazir vurğulamışdı. Məmmədovların təkzibinə baxmayaraq, DİN Aynarın istintaqa çağırılaraq ifadəsi alındığını təsdiq etdi. Amma sonda nəticə olmadı.
Təbii ki, belə bir qalmaqallı şəraitdə Aynarın obyekt açması Məmmədovları yenə də diqqətə və qınağa tuş gətirəcəkdi. Onlar isə gözlədilər və deyəsən, Məmmədovlar üçün təhlükə tam sovuşduğundan yenidən güc ortaya qoydular. Kafe-restoranın açılışından yayılan fotolarda Məmmədovların diqqətçəkən bir mesajı da var. Aynar əlinin baş barmağını qaldıraraq “əla” işarəsini (fotoya bax) göstərir. Mümkündür ki, bu, hakimiyyət daxilində Məmmədovlara rəqib olanlara bir acıq işarəsidir. Etiraf etmək lazımdır ki, kifayət qədər maliyyə imkanlarına sahib olan Məmmədovları hakimiyyətin içərisində sevməyənlər çoxdur. Məmmədovların çöküşünü gözləyənlərə Aynar Məmmədovun bir işarəsi də yetər. Necə deyərlər, “arifə bir işarə də yetər”.
A.Məmmədovun yeni obyekti haqqında daha bir ilginc məlumat da var. “Yeni Müsavat”ın məlumatına görə, Bakının Yasamal rayonunda, Süleyman Dadaşov küçəsində yerləşən “Glass Plaza” əyləncə və ticarət mərkəzi Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirova məxsusdur. 2012-ci ildə birdəfəlik bağlanan məşhur “Şüşəli bazar”ın yerində tikilən ticarət mərkəzi 4 mərtəbəlidir. “Glass Plaza”nı “Arcon” MMC adlı türk inşaat şirkəti tikib.
Maraqlıdır ki, A.Bəşirovla nəqliyyat naziri arasında münasibətlərin həmişə sərin olduğu iddia olunurdu. Buna səbəb isə A.Bəşirovun birbaşa tabe olduğu Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında iştirak etməməsi göstərilirdi. A.Bəşirov işdən uzaqlaşdırılandan sonra isə bu barədə danışarkən Z.Məmmodovla dost olduğunu demişdi: “Olub ki, Ziya müəllimin iclasına mən getməmişəm, ancaq yerimə müavinimi göndərmişəm. Biz dostuq, bir yerdə işləmişik, bir əl olmuşuq”, - deyərək yayılan xəbərləri təkzib etmişdi.
Ziya Məmmədovun qardaşı oğlunun indi A.Bəşirovun “çatısı” altında kafe açması maraq doğurur... \\ musavat.com \\