BolgeXeber.Com » Xəbərlər » Qanunsuz mərc oyunları və ya kriminala axan milyonlar

Qanunsuz mərc oyunları və ya kriminala axan milyonlar

24-03-2015, 16:15
Oxunub: 4 700 Qanunsuz mərc oyunları və ya kriminala axan milyonlarMüasir dünyada dövlətlər büdcələrini formalaşdıran zaman ölkənin tam potensialının səfərbər olunmasına çalışırlar.

Məsələn, bir çox ölkələrin büdcə gəlirlərinin əhəmiyyətli hissəsini turizm təşkil etdiyindən həmin ərazilərdə bu sahənin inkişafına mühüm yer verilir.

Amma zaman irəlilədikcə, texnologiya inkişaf etdikcə, insanların ünsiyyət imkanları artdıqca gəlirli sahələrin sayı da artır. Belə sahələrdən biri də leqal mərc oyunlarıdır.

Bəli, yanılmadınız, yaşadığımız dünyada dövlət üçün ən gəlirli sahələrdən biri də məhz budur. Əvvəlcə inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxaq.

Avropanın mərc oyunları bazarı yüz illərdir fəaliyyət göstərsə də onun leqallaşması təxminən 40 il əvvəl baş verib. Leqal formada fəaliyyət göstərən bazarın dövlətə ödədiyi vergilər hər ötən il daha da artır.

Dünyanın bu sahədəki nəhənglərindən biri - Böyük Britaniyadan olan “William Hill” şirkəti artıq 80 ildir ki, fəaliyyət göstərir. “William Hill” şirkəti 17 mindən çox insanı işlə təmin edərək yüksək vergiödəyicisi kimi dövlət büdcəsinə böyük miqdarda gəlir gətirir.

Rəsmi mərc oyunları Rusiya, Türkiyə kimi qonşu ölkələrdə, Ukraynada, Almaniyada və digər ölkələrdə sərbəst şəkildə aparılır.

Qeyd edək ki, Türkiyədə bu oyunların keçirilməsinə 2004-cü ildə başlanıb.

Məlum olduğu kimi, Azərbaycan Milli Məclisi idman mərc oyunlarının təşkilinə “0Bədən tərbiyəsi və idman haqqında” qanuna 2010-cu il, 31 may tarixli əlavə və dəyişikliklərin təsdiqlənməsi ilə icazə verib. Azərbaycanda da bütün dünyada olduğu kimi idman oyunlarının, məsələn futbolun mərci və lotereya oyunları keçirilir. Bu, bir növ idmana olan marağı da artırır.

Amma bu oyunlardan gələn gəlirlərin heç də hamısı digər dövlətlərdə olduğu kimi dövlət büdcəsinə vergi şəkilində daxil olmur.

Bu sahəni tənzimləmək üçün rəsmi qanunvericiliyin olmasına baxmayaraq “qara bazar” da paralel fəaliyyət göstərir. Onun real dövriyyəsinin nə qədər olduğunu demək çətindir. Hazırkı iqtisadi çətinliyi nəzərə alsaq, qeyri-leqal bazardan daxil olan vəsait dövlət büdcəsi və idman sənayesi üçün böyük itkidir.

Beləliklə, heç bir qeydiyyatı aparılmayan pul dövriyyəsi əslində müəyyən sosial ehtiyaclara, ən əsası idmanın müxtəlif növlərinin inkişafına xərclənə bilər. Hazırda futbol və bir sıra başqa tanınmış idman növləri üzrə liderliyi ələ almış dövlətlər bu sahələrin inkişafını məhz leqal mərc oyunlarından gələn gəlir hesabına qarşılayırlar.

Azərbaycanda mərc oyunları ilə bağlı “qara bazar”ın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı kriminal vəziyyəti da agırlaşdırır. Çünki leqal, dövlət tərəfindən rəsmi icazə verilən mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Bir çox hallarda gözdənkənar yerlərdə fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.

Yalnız ona ümid etmək qalır ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vergi orqanları da daxil olmaqla hüquq-mühafizə orqanları yaxın zamanlarda “qara bazar”ı mümkün minimum səviyyəyə endirəcəklər. Onu da qeyd edək ki, bu məsələnin müsbət həll edilməsində ictimai dəstək olduqca vacibdir.
BOLGEXEBER.COM