BolgeXeber.Com » Xəbərlər » Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib

Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib

3-04-2015, 14:53
Oxunub: 8 510 Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilibRəhilə Qarayeva 23 yaşında Vətən uğrunda həlak olub
Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olan, Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın martın 22-də 45 yaşı tamam olub. Bir neçə gün öncə Bakıda Rəhilə xanımın anım mərasimi keçirilib.

Gənc vətənpərvər Leyla Fərhad qızı Həsənovanın təşəbbüsü, Almaz Zeynalovanın rəhbəri olduğu “Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin dəstəyi ilə keçirilən tədbir “Unutmadıq, unutmarıq, unudulmayacaq!” adlanıb.

Tədbirin açılışı sədr və layihə rəhbərinə həvalə edilib. Leyla Həsənova şəhid Rəhilə Qarayeva haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Şəhid xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Qarabağ döyüşçüləri Rahilə Qarayevanın döyüş şücaətindən danışıblar. İbrahim İbrahimov və Mələk Müzəffərova şəhidin xatirəsinə şeirlər söyləyiblər. Milli Konservatoriyanın tələbələri “Qarabağ şikəstə”sini ifa ediblər. Milli qəhrəman Fred Asifin qardaşı Ədalət Məmmədov Rəhilə Qarayevanın cəsarətinin gənclər üçün bir örnək olduğunu deyib: “Rahilə xanımın döyüş yoldaşı olaraq demək istəyirəm ki, o, mərd idi. 1992-ci il dekabrın 10- da Qubadlı rayonu Yuxarı Cibihli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmin döyüşdə biz cəsur komandirimiz Həsənqulu Qasımovu, döyüşçü yoldaşlarımız Sirac Mehdiyevi, Əhmədi, Tərlanı, topçumuz Rafaeli itirdik. Bu qanlı döyüdə Rəhilə Qarayeva adını çəkdiyim heç bir igiddən geri qalmırdı. Özünə söz vermişdi ki, şəhidlərimizin qisasını alacaq. Çox təəssüf ki, 1993-cü ilin iyununda Rəhilə xanımı da itirdik. Onun adı da ucalan şəhidlərlə bir sırada çəkildi”.

Anım mərasimində bir çox təşkilatın nümayəndəsi iştirak edib, şəhid haqda öz xatirələrini, ürək sözlərini söyləyiblər. Onun bacıları Savad və Xanımzər də öz çıxışlarında Rəhilə xanımın qürurlu həyat yolundan danışıblar. Şəhid xanım haqqında olan film də iştirakçılara təqdim olunub.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətindən Rəhilə Qarayevanın adının əbədiləşdirilməsi üçün müvafiq addımların atılması xahiş olunub.

QISA ARAYIŞ

Rəhilə Qarayeva 1970-ci il martın 22-də Tovuz rayonunun Qədirli kəndində doğulub. O, məktəb illərində ədalətsizliyə etiraz edən bir qız kimi tanınıb. Sumqayıt şəhərinə köçdükdən sonra Rəhilə peşə məktəbində təhsilini davam etdirib. Qarabağda müharibə başlayanda cəbhəyə getmək qərarı verib. Rəhilə Qarayeva 1992-ci ilin aprelində döyüş bölgəsinə yola düşür və Qubadlıdakı “N” saylı hərbi hissənin ikinci taborunda qulluq etməyə başlayır.

Rəhilə Qarayeva əvvəlcə tibb məntəqəsində çalışır. Yaşıdları Simarə və İlhamə kimi o da tibb bacısı Dilşaddan ilk yardım göstərməyin incəliklərini öyrənir.

Sonradan hərbi təlim keçib ön cəbhəyə yola düşür. Tezliklə onun səsi “Həsənin bölüyü”ndən gəlir. Rəhilə Qarayevanın döyüş yolu 1993-cü ilin yayınadək davam edir. O, iyulun 31-də Qubadlı torpağında, qanlı döyüşlərin birində 23 yaşında şəhid olur.
Şəhid Rəhilə Qarayeva Tovuz rayonunun Qədirli kəndində dəfn olunub.
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib
Tovuzun ilk şəhid qadınının anım mərasimi keçirilib