BolgeXeber.Com » Xəbərlər » “ Ya pendiri götürməlisən, ya kolbasanı...” - Avropadakı mühacirət düşərgəsindən dəhşət hekayələri

“ Ya pendiri götürməlisən, ya kolbasanı...” - Avropadakı mühacirət düşərgəsindən dəhşət hekayələri

9-05-2015, 10:41
Oxunub: 7 183 “ Ya pendiri götürməlisən, ya kolbasanı...” - Avropadakı mühacirət düşərgəsindən dəhşət hekayələriBelçikadakı qadın mühacirlərimiz düşərgə həyatının dəhşətlərini danışır : Ləman Talıbova: “Təqib edilirdim, ölkəmdən qaçdım...”

Hollandiya səfərinə davam... Kamal Qasımov-Vəfa Qasımova cütlüyünün evindən ayrılandan sonra Amsterdama doğru səfər edirik. Amma ondan öncə Belçika-Amsterdam arasında, “milli azül”lərimizdən biri üçün ayrılan bir evə baş çəkirik.

Burada da iki mühacirimiz yaşayır – Ləman Talıbova və qızı Vəfa Məmmədova... İkimərtəbəli, kiçik bir ev veriblər onlara. Təzəlikcə köçüblər. Hələlik oturum izni almayıblar, gözləmə mövqeyindədirlər. Bu günə qədər yaşadıqları kamp həyatının dəhşətlərindən danışırlar, insanın gözü qarşısında bir triller canlanır: aclıq, qorxu, psixoloji gərginlik... və bundan baş çıxarmağa çalışan ana-bala... Söhbəti uzatmadan hekayəni öz dillərindən dinləsək yaxşıdı.


Ləman Talıbova və qızı Vəfa Məmmədova...



Ləman Talıbova:

- 2013-cü ildən rəsmi olaraq Müsavatdayam. Ondan qabaqdan toplantılarda iştirak etmişəm, mitinqlərdə də həmçinin. 2013-cü ilin may ayında isə ölkədən qaçmışam. Təqiblərə görə gəldim. 2013-cü ildə “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən aksiyalarda iştirakıma görə məni təqib etdilər. Aksiya zamanı ciddi təzyiqə məruz qaldım. Mənim yanımdakı yaşlı bir ananı da vurdular. Mən ona yardım etməyə çalışdım, ananı yerdən qaldırdım, o, əsgər anası idi. Mən o ananın döyülməsinə mane olmaq istədiyim üçün dedilər ki, sən müqavimət göstərmisən. Əvvəl su şırnağı gəldi, sonra rezin güllələr. Sonra yadımda deyil nələr olub. Aralanmışıq hər birimiz, qızım və mən. Haradasa 100 nəfərə qədər adam Səbayeldəki 39-cu bölməyə gətirildi. Yasamal polis bölməsində yer olmurdu deyə burada düşürürdülər.

-Təqib konkret nədən ibarət idi?

-2013-cü ilin mart ayı idi. Getdiyim yolda məni 2 nəfər saxladı. Apardılar 39-cu bölməyə. Orada iki nəfər məni ...


Musavat.com-dan zəruri qeyd: Müxbirimiz Sevinc Telmanqızı Ləman Talıbovanın hekayəsini onun öz söylədiyi kimi, tam olaraq, yazıb. Lakin redaksiya hesab edir ki, burada faktlar tündləşdirilib, üstəlik, sübuta yetirilməsi mümkün olmayan iddialar səsləndirilib. Bunları dərc etsək, qəzet üçün məhkəmə perspektivi yaranır və bizim uduzacağımız, cərimələnəcəyimiz qaçılmazdır. Ona görə də bu məqamları ixtisar etmək məcburiyyətində qalırıq.

..................................................


- Harada işləmisiz özünüz?

- Əvvəl BMT-də, sonra isə “Azərenerji”yə keçmişəm. Bu hadisələrdən 15-20 gün sonra isə yığışdım. Satdım qızılları. Adam tapdım, viza düzəltdim. Uşaq 2 yaşında olanda boşanmışam. Ata-anam xəstədirlər. Öncə Azərbaycan-Gürcüstan, oradan isə Türkiyə-Yunanıstan və Belçika. Avtobusla gəlmişəm. Azərbaycan sərhədindən problemsiz keçdim, Gürcüstan sərhədində isə qadınlar üstümə gəldilər ki, keç bu yana. Əlcəkli qadınlar idi. Hər yeri yoxladılar, eyni şey Türkiyədə də təkrarlandı. Yunanıstanda isə yarım saat saxladılar. Maşından ancaq məni düşürdülər, sənədim qaydasında olsa da, çox yoxladılar. Hesab edirəm ki, mənim adımı Azərbaycandan vermişdilər.

- Bütün bunlardan sonra gəldiz çatdız düşərgəyə... Orada həyat necə idi?

- Çox ağır oldu. Kampda nə var? Bir çarpayıdır. 9 kv metrlik otaqdır. 3-ün 3-ə otaqdır. “Matras”lar rezindən. Nə dönmək olur, belin yara olur. Yastıqların ömrü Belçikada birinci kamp açılandandır. O yastığın içində heç nə yox idi. Paltarlarımı yastığın içinə qoyurdum ki, yumruluq hiss olunmasın. Ucqar bir yerdir. Sentruyden kəndində yerləşirdi o kamp. Həftədə 7 avro 40 sent yeməyə verirdilər. Hər həftənin 4- cü günü. İl yarım o cür yaşamışam. Elə bil akvariumun içindəyəm. Qonşularım əfqanlar idi, məktəb oxumayıblar. Elə pis hərəkətlər edirdilər ki... Mən orada heç kimə əxlaq dərsi keçə bilmərəm. İraqdan, Suriyadan, Çeçenistandan gələnlər, kürdlər, albanlar, zəncilər vardı çoxlu. 500 adamlıq düşərgə idi. Bir də görürdün zəncilərlə əfqanlar dalaşır. Dərhal polislər gəlirdilər.

“Düşərgəyə girəndə adamı dəhşətli bir iy vurur: kasıblığın natəmizliyin, xəstəliyin miksi olan iy...Və o, uzun müddət burnundan çəkilmir”


- Hələ də oturum izni ala bilməmisiz...

- Oturumla bağlı sənədlərimə baxıblar. İntervüyə getmişəm. Yol intervüsündən keçmişəm. Əsas intervüdən keçə bilmədim. Dedilər ki, tərk elə. Mənə dedilər ki, cinayət işimin sənədi yox idi. Polisdə yaşadıqlarımı danışırdım, nağıl kimi qəbul edirdilər. Prokurorluğun sənədi, məhkəmə qərarının surətini vermişəm. Miqrasiya təşkilatı var Azərbaycanda. Ora müraciət etmişdim ki, mənə bir köməklik edin. Onlar da dedi ki, ancaq vəkillə köməklik edə bilərlər.
-Hal-hazırda işinizi hansı mərhələdədir?
- İkinci intervünün cavabını gözləyirəm. “Azül”lə bağlı. Bu gün-sabah cavab veriləcək. Mənə dedilər, Azərbaycana zəng edib, cinayət işi ilə bağlı danışacağıq. Partiya mənsubiyyəti ilə bağlı zəng edib danışacağıq.

- Və indi yaşadığınız ev... Kifayət qədər komfortlu, şıqdır. Belə evləri hər miqranta verirlər?

- Bu, ev sosial yox, yarım-sosial evdir. Bura gəldiyin 4 ayın tamamında avtomatik olaraq adın komisariata gedir. 4 ay 1 həftə sonra ev gəlir. Sən bilmirsən hara gedəcəksən. Mən köçə bilmədim, xəstəxanaya getdim, ruhi əsəb xəstəxanasında qalmışam. Ev bizə gəldi, amma razılıq vermədim. Qızım dedi ki, etiraz edirəm, filan səbəblərə görə köçmürəm. Haqqındır sənin dedilər. 4 aylıq əzab var ki, kampda partlayırsan, isterikaya düşürsən. Bizim yanımızda meşədir, yaşıllıq idi. Ora gedirdim. O kampda adamı sıxan nə idi bilirsiz? Hər gün posta baxırsan ki, görəsən sənin adına nəsə gəlibmi? Mənim rəqəmim 11222 A, qızımınkı 11222 B idi. Adımızı orda görmək şok idi. Məktub gəlirdi, bilmirsən, nə məktubdur, ürəyin döyünürdü.

- Bundan sonra sizə neqativ cavab gəlsə..?

- Bu, ikinci etapdır. Sabah bizi burdan ata bilərlər. Neqativ cavabdan sonra 1 ay vaxtınız qalır ki, məhkəməyə müraciət edək. 1 ay ərzində məhkəmə baxışı keçirilir. Belçikanın tarixində məhkəmədən sonra Afrikadan başqa, hələ məhkəmədən pozitiv alan olmayıb. Heç bir məhkəmə sistemi komissiaratın verdiyi qərarı təkzib etmir, onunla kəllə-kəlləyə gəlmir.

- Amma həyat şərtləriniz indi xeyli yaxşıdır. Ən azı düşərgə ilə müqayisədə...

- Evimiz dəyişdi, pulumuz qalxdı. Düşərgənin yeməyini yemirik. 60 avro hərəmizə verirlər. Həftədə 120 avro verirlər. Deyirlər, sosial şərtlər var, qənaət etməlisən. Suya, işığa. 5 dəqiqədən artıq duşda çimmək olmaz. Bununla bağlı bir aparat da qoyublar hamama, limiti göstərir orda.


(Fotoda həmin limit aparatı yer alıb )

Hər ayın 8-də biz gedib hesabat veririk. Sayğacın kağızları olur, hesablayırlar. Hər şey normaldırsa, aylıq pulumuzdan çıxmırlar. Yox, əgər limiti keçmişiksə, pulumuz azalır həmin ay.

“Qonşularım əfqanlar idi, məktəb oxumayıblar. Elə pis hərəkətlər edirdilər ki... Mən orada heç kimə əxlaq dərsi keçə bilmərəm. İraqdan, Suriyadan, Çeçenistandan gələnlər, kürdlər, albanlar, zəncilər vardı çoxlu”


Üzümü Ləman xanımın qızına tuturam. Onun burda yaşadıqları da maraqlı gəlir mənə...

- Vəfa, siz bura gələndə neçə yaşınız vardı? Nələr yaşadız burda, nələr gördüz?

Vəfa Məmmədova:

-19 yaşım vardı bura gələndə. Yolda yaşadıqlarımızı anam danışdı. Amma bura gələndə özümüzə gəlmək üçün oteldə qaldıq. Özümüzü təslim edəndə adamların düşərgələrdə hansı şəraitdə yaşadığını gördük. Sonra gəldik düşərgəyə... Ora girəndə elə qəribə bir iy vardı ki... O iy nə iydir? İnsan iyi deyil, natəmizliyin iyi deyil. Hamısının qarışığıdır. Ağır bir miksdir, heç bir şeylə müqayisə oluna bilməz. Gündə bir neçə dəfə ora yuyucu vasitələrlə yuyulur. Hər şey dəyişilir. Təmiz işləyirlər. Amma o iy əsla çəkilmir. Əgər sən düşərgədə olub, pul qazanmaq istəyirsənsə problem deyil. 1 saatı 1 avro 90 sentdir. Amma bu işdə işləmək üçün də uzun növbələr vardı.

Anası Ləman xanım davam edir:

-Kampda mənim divarım mənim boydadır. Onun üstü açıqdır, arakəsmə kimidir. O biri otaqdakı hər şeyi, adi nəfəsi də eşidirik.

Vəfa:
- Əslində axşam saat 10-dan sonra sakitlik olmalıdır. Amma buna nəzarət edən yoxdur.

Ləman:
- Ondan sonra bizə qulaqcıq verdilər. Problemin həlli budur. (gülür)

Vəfa:
- Mən düşərgənin içindəki uşaq bağçasında işə düzəldim. İngilis, fransız və niderland dillərini yaxşı bilirdim. Çox tərcümələrinə pulsuz getmişdim. Tərcüməçinin 1 saatı 50 avrodan başlayır. Amma mən pulsuz edirdim. Özləri bəzən 1 saatıma 1 avro 90 sent verirdilər. Düşərgədəki qadınlardan hansısa xəstəxanada ana olur, analizlər, həkimlər lazım gəlir. Hamısı ilə danışırdım. Məndə adaptasiya əvvəlcə işçilərlə başladı Ondan sonra camaata keçdim.

“Əsas intervüdən keçə bilmədim. Dedilər ki, tərk elə. Mənə dedilər ki, cinayət işimin sənədi yox idi. Polisdə yaşadıqlarımı danışırdım, nağıl kimi qəbul edirdilər”


Ləman:
- Düşərgədə bizə 3-4 dilim nazir çörək verirdilər. Dilimin bir üzündən baxanda o biri üzü görünürdü. Onların 3 ədədi, mənim normal evdə kəsdiyim bir dilim idi. 3 dilim kolbasa, 3 dilim hazır doğranmış pendir. Ya kolbasanı götürməlisən, ya da 3 pendiri. 3 dilim çörək və 3 dilim kolbasa götürə bilirsən. Aclığın varsa, 3 dilim yavan çörək götürə bilərsən. Doymursan? Cavabları budur ki, xoşuna gəlmirsə, getdin restorana. Restoranda bir yemək 15 avrodur.

Vəfa:
- Verdikləri şampunları köpüklənmirdi. İşləməsən şampun ala da bilməzsən. Şampun, sabun, diş pastası, fırçanı hərdən verirdilər. Otaqda ütü olmaz. Peç, elektrikli heç nə olmaz. Qapı isə bayırdan açılır. İstənilən şəxs gəlib istədiyi vaxt otağa girə bilərdi.

Ana-balanın bütün danışıqları düşərgə həyatının ağırlığı ilə yüklənib. Onlar danışır, hərdən ağlayır, hərdən düşdükləri duruma gülürdülər. Ya Azərbaycana qaytarsalar.... bu sualı eşidəndə isə onların üzünü sadəcə görmək lazımdır... Qorxurlar, həyəcanlanırlar. Belçika düşərgəsinin “bir tərəfdən baxanda o biri tərəfi görünən nazik dilim çörəkləri” belə Azərbaycan həyatlarının yanında daha firavan görünür onlara...
“ Ya pendiri götürməlisən, ya kolbasanı...” - Avropadakı mühacirət düşərgəsindən dəhşət hekayələri
“ Ya pendiri götürməlisən, ya kolbasanı...” - Avropadakı mühacirət düşərgəsindən dəhşət hekayələri
“ Ya pendiri götürməlisən, ya kolbasanı...” - Avropadakı mühacirət düşərgəsindən dəhşət hekayələri