BolgeXeber.Com » Xəbərlər » Yanğınla bağlı həbslər başladı - Rəsmi

Yanğınla bağlı həbslər başladı - Rəsmi

19-05-2015, 20:22
Oxunub: 3 205 Yanğınla bağlı həbslər başladı - RəsmiOperativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunmuş, 37 nəfər xilas edilib

Bu gün Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu barədə BOLGEXEBER.COM-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunmuş, 37 nəfər xilas edilib. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılmış, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 14 nəfər həlak olub 27 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə çıxıblar.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.