BolgeXeber.Com » Xəbərlər » Bakıda sökülən villaların sahibləri məlum oldu (VİDEO)

Bakıda sökülən villaların sahibləri məlum oldu (VİDEO)

26-05-2015, 09:57
Oxunub: 5 557 Bakıda sökülən villaların sahibləri məlum oldu (VİDEO)“Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların söküntüsü artıq dayanıb

Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, “Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların prezidentin göstərişindən sonra söküntüsü artıq dayanıb.
"Dostluq" parkı adlanan ərazidə gördüyünüz kimi hasarlar sökülüb, onlarla villa yerlə-yeksan edilib. Lakin bəzi villlalar qalıb. Həmçinin ərazidə yarımçıq tikililər də var ki, onların tikintisi də dayandırılıb.

Səbail rayonunda “Dostluq” parkının ərazisində qanunsuz tikilən 42 villa sökülür. Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mətbuata açıqlayıb ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz, bunlar 5-10 milyonluq böyük tikililərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən cəzalandırılacaq. Bəs bu villaların sahibləri kimlərdir? Öyrəndik ki, sökülən villalardan 4-5-i Cəmilə adında xanıma məxsus olub.

Söküntü zamanı o ərazidə olub, deyilənə görə xanım ev al-satqısı, maklerliklə məşğuldu. Dəbdəbəli evlərdən biri polis generalına məxsusdur. Amma onun evinə toxunulmayıb, yalnız villanın ətrafında hasar sökülüb.

Generalın kimliyini müəyyən edə bilməsək də, onun dövlət nişanlı avtomobili villasının qarşısında idi.

Bir neçə mərtəbəli digər tikili isə şifer və digər dam örtükləri istehsalı ilə məşğul olan zavod sahibinə məxsusdur. Lakin bu faktların sənədlərdə də öz təsdiqinin tapıb-tapmadığını müəyyən etmək çətindi.


“Dostluq” parkında hazırda söküntü dayandırılıb.

Ərazidə müşahidələrimiz zamanı o da məlum oldu ki, ərazi yaşılılıq zonası imiş. Məlum olur ki, villalar tikilən zaman yaşıllıqlar məhv edilib.

Dəbdəbəli villaların, hasarlanan hektarlarla ərazinin qanuni və ya qanunsuz olması araşdırılır. Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov söylədi ki, ərazidə yalnız qanunsuz tikililər sökülür, bu villalar köhnə tarixlə, 10-15 il əvvəl inşa edilib.

Yer gəlmişkən, Milli Məclisin Aqrar Siyasət Komitəsinin bu gün keçirilən iclasında torpaqların qanunsuz istifadəsi və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər müzakirə edilib. Bu hallara görə cəzaların sərtləşdirilməsi təklif edilib.

Aqrar siyasət komitəsi sədri Eldar İbrahimov təklif edib ki, indiyədək qanunsuz torpaq zəbt olunmasına görə 3 ilədək həbs nəzərdə tutulurdusa, bundan sonra cəza 5 ildən 8 ilədək artırıla bilər.ans tv