BolgeXeber.Com » Xəbərlər » “Bakı Lift-Təmir” İstehsalat Birliyinə ayrılan milyonlar göyə sovrulur

“Bakı Lift-Təmir” İstehsalat Birliyinə ayrılan milyonlar göyə sovrulur

13-06-2015, 11:39
Oxunub: 4 415 “Bakı Lift-Təmir” İstehsalat Birliyinə ayrılan milyonlar göyə sovrulurBaş direktor Qüdrət Şükürovun adı 8 milyonluq vergidən yayınmada və sürücüsünün adına bahalı mülklər almaqda hallandırılır

Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir

Bakıda növbəti dəfə lift faciəsi yaşandı. Belə ki, Nərimanov rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb. 2010-cu ildə anadan olmuş Şahin Dəmirov liftin şaxtasına düşüb. O ağır xəsarətdən yerindəcə keçinib. Hadisə baş verən binada liftin şaxtası açıq olub. Ş.Dəmirov da birinci mərtəbədə həmin şaxtaya düşüb. Başı dəmirə dəyib və dünyasını dəyişib.

Xatırladaq ki, bir müddət əvvəl bədbəxt hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Ata azyaşlı övladının gözləri önündə faciəvi şəkildə ölüb. İ.Məmmədov küçəsi, bina 2-də 40 yaşlı Elmar Mustafayev 3-cü mərtəbədə övladı ilə liftdə qalıb. O, nasaz liftin qapılarını aralayaraq çıxmaq istəyib. Bu zaman nasaz lift işə düşüb və E.Mustafayevin başı liftin arasında qalıb. Qeyd edək ki, nasaz liftlərin ucbatından hər il 2-3 nəfər xəsarət alır, hətta ölüm halları da baş verir. Məsələn, bir neçə il əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Orxan Rüstəmov, daha sonra isə Xətai rayonu ərazisində 16 mərtəbəli binada yaşayan 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov liftin şaxtasına düşərək həyatını itirmişdi. Göründüyü kimi, Sovet dövründən qalmış və istismar müddətini başa vurmuş liftlər vətəndaşlar üçün ciddi problemlər yaradır, hətta onların ölümünə səbəb olur. Binəqədi rayonunda baş vermiş məlum yanğın hadisəsinə görə bir neçə vəzifəli şəxs həbs olundu, amma liftlərdə hər il ölüm halları qeydə alınsa da, heç bir cəza tədbiri görülmür. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Bakı Şəhər İcra Hakimiyyətinin “Lift-Təmir” İstehsalat Birliyinin ayrılmış vəsaiti hansı şəkildə xərcləməsi isə qaranlıq olaraq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşmaqdadır. Əldə etdiyimiz məlumatlara görə, birliyin balansındakı liftlərin yetərli hissəsi qəzalı vəziyyətdədir: “Köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır. Təəssüf ki, “Lift-Təmir” İstehsalat Birliyinin rəhbərliyi bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir. Texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır. İstismar müddətini başa vurmuş liftlərdən istifadə edərkən onun “tros”unun qırılması və alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olub. Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir. Lift elə-belə xidmət növü deyil. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir. Liftin yoxlanma qaydası belədir: lift hansı ağırlığa hesablanıbsa, 3 qat həmin ağırlıqda yüklə yoxlanır. Liftin “tros”ları da dartılıb yoxlanır. Bu, “tros”dur, kəndir deyil ki, ağırlıq çox olsa qırılsın. Onun da öz yoxlanma mexanizmi var. Digər tərəfdən, liftlərin avtomatik əyləc və paraşüt sistemi olur. Lift xarab olursa, o, uzaqbaşı yarım metr sürüşüb dayanmalıdır. Biz isə çox zaman eşidirik ki, lift şaxtaya düşüb. Lift şaxtaya düşməməlidir. Normal liftlər “pereqruzka” olanda, ümumiyyətlə, hərəkət etmir, dayanır”. Araşdırmalar göstərir ki, son illər lift xidmətlərinə görə ödənişlərin faizi xeyli artıb. Yəni əvvəlki illərlə müqayisədə vətəndaşlar liftdən istifadəyə görə dövlətə daha çox pul keçirirlər: “Bu vəsait ona görə ödənilir ki, sabah liftlərdə hansısa texniki problem meydana çıxsa, “Lift-Təmir” İstehsalat Birliyinin əməkdaşları dərhal gəlib yaranan qəzalı vəziyyəti aradan qaldırsınlar”. Bizə çatan məlumatlarda isə bildirilir ki, vətəndaşlardan yığılan vəsaitin çox cüzi hissəsi liftlərin təmirinə, motorlarının dəyişdirilməsinə sərf edilir. Yerdə qalan məbləğin hansı işlərə xərcləndiyi isə dəqiq məlum deyil: “Qüdrət Şükürov birliyə baş direktor təyin olunandan sonra “Bakı Lift-Təmir” İstehsalat Birliyi böhran dövrünə qədəm qoyub. Şəhər meri Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır. Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar”. Araşdırmalar nəticəsində onu da öyrəndik ki, son illər ərzində Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişdirilib: “Yeni liftlər Amerikanın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınıb. Yeni liftlərin içərisindəki elektron tabloda mərtəbə sayları göstərilir. Bu liftlərin alınması dövlətimizə elə də asan başa gəlməyib. Belə ki, xaricdən ucuz qiymətə alınan liftlərin qiyməti rəsmi sənədləşmədə bir neçə dəfə şişirdilib. Bununla da dövlətin büdcəsinə külli miqdarda ziyan vurulub”.
Teref.info haftaaz tv yə istinadən yazır ki,bu sahədə hökm sürən problemlərin bir çoxu “Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun adı ilə əlaqələndirilir. Məlumat üçün bildirək ki, sözügedən şəxs bu vəzifəyə 2012-ci Hacıbala Abutalıbovun əmri ilə təyin olunub. İddialara görə, vəzifədə olduğu 3 il ərzində elə də müsbət addımları ilə yadda qalmayıb. Elə bu səbəbdən bir neçə dəfə mətbuatın tənqid hədəfinə çevrilib. Hətta bir müddət əvvəl birlik rəhbərinin barəsində maraqlı ittihamlar səsləndirilib. Baş direktorun özünün yox, sürücüsünün adına nə az-nə çox, düz 5 milyon manatlıq əmlakının olduğu haqda məlumat yayılıb. Qəzetlərin yazdığına görə, baş direktorun Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində, həmçinin “Hilton” otelində şəxsi mənzil üslubunda yaşayış sahələri var: “Bakı Lift-Təmir” İstehsalat Birliyində Vergilər Nazirliyi və Hesablama Palatası bu ilin əvvəlində yoxlama aparıb. Yayılan rəsmi məlumatda paytaxtın Xətai, Nəsimi, Sabunçu və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin vergi borcunu ödəmədiyi qeyd olunurdu. Xüsusi olaraq borclu vergi ödəyiciləri sırasında Qaradağ rayon Kanalizasiya İdarəsi və “Bakı Lift-təmir”ə tabe olan “Bakılift-1″, “Bakılift-2″ ixtisaslaşdırılmış istehsalat idarələrinin adları çəkilirdi. Yoxlamalar zamanı “Bakı Lift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxıb. Belə bir vəziyyətdə baş direktorun sürücüsünün adına 5 milyon manatlıq mənzil alınması böyük qalmaqal yaradıb. Büdcə pullarının yeyintisinin hansı səviyyədə olması aranı qatıb”. Qüdrət Şükürovun bu təyinata qədər hansı vəzifədə işləməsini araşdırsaq da, heç bir məlumata rast gəlmədik. Bu arada, qeyd edək ki, 2010-cu ilin aprelində adıçəkilən məmura məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Deyilənə görə, o deputatlardan biri ilə qohumluq əlaqələrinə malikdir. Bir sözlə, “Bakı Lift-Təmir” İstehsalat Birliyinin rəhbər şəxslərinin məsuliyyətsizliyi hər il liftlərdə insan ölümlərinə səbəb olur. Fikrimizcə, bu cür hadisələrdə günahı olan şəxslər müəyyənləşdirilməli və barələrində hüquqi səviyyədə ölçü götürülməlidir.

Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.