BolgeXeber.Com » Xəbərlər » Zaur Əliyevin müştəriləri arasında Ziya Məmmədovun da qohumları var

Zaur Əliyevin müştəriləri arasında Ziya Məmmədovun da qohumları var

24-06-2015, 14:45
Oxunub: 8 517 Zaur Əliyevin müştəriləri arasında Ziya Məmmədovun da qohumları varAsif Əsgərovun bacanağı vətəndaşları şantaj edərək onların evlərini spekulyasiya obyektinə çevirir

Artıq xəbər verildiyi kimi, Səbail rayonu ərazisində yerləşən “Dostluq” parkının ərazisinin qanunsuz zəbt olunması və orada şəxsi villaların tikilməsi faktı ilə əlaqədar aparılmış əməliyyat tədbirləri nəticəsində, bu ərazilərin müxtəlif şəxslərə satılmasında vasiəçilik etdiyi iddia olunan Tərlan Hüseynov adlı şəxs həbs olunmuşdur. Bu xüsusda məlumat verən mənbənin bildirdiyinə görə, Tərlan Hüseynov “Dostluq” parkının ərazisinin kimlərə və hansı yollarla satıldığını, hansı dövlət qurumlarından kimlərin bu qanunsuzluqlarda iştirak etdiyini müəyyənləşdirəcək, ümumiyyətlə böyük bir mütəşəkkil cinayətkar şəbəkəni üzə çıxarmağa imkan verə biləcək əsas fiqurlardan biridir. Bu işdə saxta sənəd hazırlanmasından tutmuş, qanunsuz özəlləşdirməyədək uzanan və bir neçə dövlət qurumunu əhatə edən böyük bir istintaq prosesinin başlanacağını deyən mənbə bildirib ki, Tərlan Hüseynovun həbsi xəbəri artıq adları qanusuzluqda keçən məmur korpusunu böyük təşvişə salıb. Bu xüsusda redaksiyamıza daxil olmuş məlumatda isə, Tərlan Hüseynovun həbsindən ən çox həyəcan keçirən məmurlardan biri kimi Səbail RİH-nin başçısı Asif Əsgərovun və başçının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyevin adları vurğulanır. Bildirilir ki, “Dostluq” parkının ərazisində satılan torpaqların sənədləşməsində vasitəçilik edən Tərlan Hüseynovun demək olar ki, bütün hallarda iş gördüyü şəxs Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev olub. Zaur Əliyev isə Asif Əsgərovun yaxın qohumu, bacanağı olmaqla, Səbail rayonunda başçının “pulyığanı” kimi tanınır. Bu xüsusda yeni aldığımız daha bir məlumatda bildirilir ki, Zaur Əliyev həmçinin Badamdar qəsəbəsində eyni zamanda həm qeyri-qanuni tikinti işlərinin aparılmasına, həm də hazır ev və vilların alqı-satqı işinə də nəzarəti həyata keçirir. Mənbənin iddiasına görə, bir müddət əvvəl Zaur Əliyevin ev satdığı şəxslər arasında Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumları da olub. Bildirilir ki, bu şəxslərin almaq istədikləri ev, sahibi tərəfindən 2 milyon manata qiymətləndirilsə də, Zaur Əliyev ev sahibini bu evi qanunsuz tikili kimi sökəcəyi ilə şantaj edərək, onu qiymətdə 1 milyon 2 yüz manata qədər enməyə “razı salmışdır”. Bundan sonra isə icra nümayəndəsi həmin evi Nəqliyyat nazirinin qohumlarına 1 milyon 4 yüz min manata sataraq, 200000 manat xalis gəlir əldə etmişdir. Daha sonra aldığımız məlumatda Zaur Əliyevin Badamdar qəsəbə bələdiyyəsinin sədri Həbib Əsədovla gərgin münasibətlərdə olduğundan bəhs edilir. Bu gərginliyin səbəbi isə budur ki, Həbib Əsədov qəsəbədə gedən proseslərə Səbail RİH-nin başçısı Asif Əsgərovun tapşırığı ilə nəzarət edir və bütün olanlar barədə birbaşa başçıya məruzə edir. Bu isə bəzi hallarda Zaur Əliyevi öz bacanağı olan Asif Əsgərovla qarşı-qarşıya qoyur. Məsələn, Badamdar qəsəbəsində qanunsuz tikintiyə “göz yumulması” üçün alınan məbləğ 30-50 min manat civarında “oynaya” bilər. Təbii ki, bu hal Zaur Əliyevə başçının kassasına müdaxilə etmək imkanları verir. Həbib Əsədovun məruzələri isə məhz belə imkanları bir qədər məhdudlaşdırır. Bununla belə, mənbələr Asif Əsgərovun hələ də öz bacanağına kifayət qədər etibar etdiyini söyləyirlər. Belə ki, Zaur Əliyev hər həftənin şənbə-bazar günlərini ölkə xaricində keçirir. Bu səfərləri isə, icra nümayəndəsi özü məhz Asif Əsgərovun Gürcüstandakı biznesinə nəzarət etmək tapşırığı ilə izah edir. Məlum olduğu kimi Zaqatala RİH-nə rəhbərlik etdiyi dövrdə Asif Əsgərov şəxsi sərvətini artırmaq istiqamətində “əhəmiyyətli” addımlar atmışdır. Belə ki, rayonun inkişaf etdirilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi sayəsində A.Əsgərov qonşu Gürcüstanda bir sıra iri kommersiya obyektlərinə sahib olmuşdur. Göründüyü kimi hazırda Zaur Əliyev məhz həmin obyektlərin fəaliyyətini yönləndirmək məqsədilə hər həftə Gürcüstana səfərlər edir.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
bizimdovr.az