BolgeXeber.Com » Xəbərlər » Adil Vəliyevin şanlı biznes imperiyası

Adil Vəliyevin şanlı biznes imperiyası

26-06-2015, 16:23
Oxunub: 4 376 Adil Vəliyevin şanlı biznes imperiyasıSabunçunun icra başçısı dövlətin işindən çox şəxsi işlərinə vaxt ayırır

Son üç ildə rayon ərazisindəki torpaqların satışından külli miqdarda gəlir əldə edildiyi deyilir

Azərbaycanda məmurların biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Amma buna baxmayaraq, bəzi millət vəkilləri, icra başçıları, nazirlər, komitə sədrləri, o cümlədən digər xırda rütbəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qanunların icra başçılarına bizneslə məşğul olmağa imkan vermədiyini açıqlayıb: "Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam. Hökumət adamı dövlətin işilə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətinin təmin edilməsilə məşğul olmalıdır. Məmurun vəzifəsi budur.

Amma bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin". Deputatın da bildirdiyi kimi, hazırda bəzi məmurlar gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olurlar. Bu günlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin biznesi haqda maraqlı məlumatlar yayılıb. Bildirilib ki, Bakıdakı "Volkswagen", "Audi", "Seat", "Porsche" Sabunçunun rəhbərinə məxsusdur. İcra başçısının köməkçisi Müslüm Mahmudov deyilənlərin reallığı əks etdirdiyini bildirib: "Doğrudur, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də "Sarı gəlin" şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev "Sarı gəlin" şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur. Bəli, Adil müəllim "Volkswagen", "Audi", "Seat", "Porsche" avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil". İcra başçısının köməkçisi guya bu açıqlaması ilə başçını müdafiə edib. Əslində, o özü dolayısı ilə rayon rəhbərinin biznes layihələrində indi də yaxından iştirak etdiyini təsdiq etmiş olub. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Ənvər Vəliyevin biznes obyektlərinə rəhbərliyi sadəcə olaraq formal xarakter daşıyır: "İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir. O bu işlərdə, yəni pul məsələsində çox diqqətlidir və heç kimə etibar etmir. Məhz bu səbəbdən uzun illər dostluq etdiyi, keçmiş biznes ortağı və müavini Şakir Alıyevlə yollarını ayırdı. Müavini başçıdan xəbərsiz qazanc əldə etdiyinə görə cəzalandırıldı. Keçmiş dostların münasibəti Sabunçu rayonunun M-1 yolunun Kürdəxanı dairəsindən keçən hissəsinin sökülməsi və vətəndaşlara verilən kompensasiyanın çox hissəsinin silinməsinə görə pozuldu. Deyilənə görə, icra başçısının müavini Kürdəxanı bələdiyyəsinin keçmiş sədri Sabir Əliyevlə əlbir olaraq boş qalan əraziləri, zibilxanaları, hətta dar dalanları belə müxtəlif şəxslərin adlarına sənədləşdirərək dövlətin külli miqdarda vəsaitini havaya sovurub. Vətəndaşlara verilən kompensasiya sənədlərinə görə onlardan nəysə alınıb. Üstəlik, həmin kompensasiya sənədlərinin bir çoxunda, daha doğrusu bələdiyyə sədri tanıdığı vətəndaşların sənədlərində kompensasiya təqribən bir dəfə artıq göstərilib. Bəzi vətəndaşlar isə haqsızlıqla üzləşiblər və onların kompensasiyaları müxtəlif yollarla azaldılıb. Bilgəh, Nardaran, Kürdəxanı, Pirşəağı, Goradil, Novxanı, Saray, Corat istiqamətində salınan və ümumi uzunluğu 39,6 kilometr olan Bilgəh-Sumqayıt yolunun çəkilişi zamanı həyata keçirilən kompensasiya əməlində Şakir Alıyevin bələdiyyə sədri ilə birlikdə bir neçə milyon manata yaxın qazanc əldə etdiyi üzə çıxıb". Araşdırmalar göstərir ki, bundan xəbər tutan başçı bələdiyyə sədri Sabir Əliyevi vəzifəsindən çıxardaraq onun yerinə müəllimə işləyən bələdiyyə üzvü Həqiqət Zeynalovanı sədr təyin edib. Bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılması baş verən səs küylü pozuntu əməliyyatının bir müddət sakitləşməsinə səbəb olub. Amma hüquq-mühafizə orqanlarının işi araşdırmaqda davam etdiyini görən başçı köhnə dostu Şakir Alıyevi də istefaya yollayıb. Araşdırmalar nəticəsində onu da öyrəndik ki, uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və kapitalını xeyri artırıb. Deyilənə görə, rayon ərazisindəki torpaq satışından son üç il ərzində külli miqdarda gəlir əldə edilib: "Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o "Sarı gəlin" şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Bu barədə deyilənlər tamamilə yalandır. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda "Sarı gəlin" şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. Tikilməkdə olan "Bakıxanov Rezidens"in ona məxsus olduğu deyilir". Sabunçu RİH-in rəhbəri barədə söylənən fikirlər bununla bitmir. Növbəti saylarımızda Adil Vəliyevin idmançılarımızın nəyə görə ciddi uğurlar qazanmasını istəməməsi, "Bakıxanov" stansiyasının yaxınlığında aparılan tikinti işləri, "AQAT" şadlıq sarayı, "Porshce Bakı" mərkəzində baş alıb gedən vergi pozuntuları, icra başçısının oğlu Ənvər Vəliyevin yaşadığı qlamur həyat, Şakir Alıyevin vasitəsilə həyata keçirilən qanunsuzluqlar və penoplast üzlüklərin sökülməsi zamanı yol verilən cığallıqlar barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.gundelik-baku.com

Qarşı tərəfin də münasibətini dərc edə bilərik.