BolgeXeber.Com » Xəbərlər » DGK sədrinin vəzifədən çıxarılması məsələsi yenidən gündəmdədir

DGK sədrinin vəzifədən çıxarılması məsələsi yenidən gündəmdədir

26-06-2015, 17:05
Oxunub: 3 864 DGK sədrinin vəzifədən çıxarılması məsələsi yenidən gündəmdədirGömrük sistemində hökm sürən problemlər gün keçdikcə daha da artır

Ölkəyə xaricdən mal idxal edən iş adamları gömrük əməkdaşları tərəfindən səbəbsiz yerə incidilir və onlardan rüsumdan əlavə ödənişlər tələb edilir. Belə olan halda Dövlət Gömrük Komitəsinin (DGK) işçiləri ilə iş adamları arasında narazılıq yaranır. Narazılıqların səngimədiyini görən komitə sədri Aydın Əliyev bir neçə gün əvvəl iş adamları ilə görüş keçirdi.
Gömrük xidməti general-leytenantı sahibkarlarla görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edib. Komitə rəhbəri görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsində sahibkarlarla bu tip görüşlər ənənə halını alsa da, gömrük sistemindəki problemlər bitib-tükənmək bilmir. Gömrük orqanlarından şikayətlərin çoxalması artıq yuxarı dairələri də narahat etməyə başlayıb. Bunun nəticəsi olaraq son vaxtlar gömrükdə monopoliyanın aradan qaldırılması və qeyri-rəsmi rüsumların yığışdırılması kimi ciddi mexanizmlər müzakirə olunmaqdadır. Bu sahədəki özbaşınalığın qarşısının alınması üçün gömrük rusumlarının aşağı salınması, vergidənkənar ödəmələrin yığışdırılması təklif edilir. Həmçinin, ölkəyə idxal olunan məhsullara vergi güzəştlərinin tətbiqi də təkliflər sırasındadır. Bildirilir ki, bu kimi təkliflərin reallaşması həm rəqabət mühiti yarada bilər, həm də iş adamlarında bu sahəyə olan marağı artırar. Təəssüf ki, irəli sürülən təkliflərə hələ də bir cavab verilməyib. Bu sahədəki boşluqdan istifadə edən Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük keçid məntəqələrində xaricdən Azərbaycana mal idxal edən şəxslərə əlavə problemlər yaradırlar. Araşdırmalara görə, xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70 faizə qədərini əvvəlcədən gömrükdə qeyri-rəsmi rüsum kimi verməli olurlar. Sahibkarlar üçün ixrac olunan malları sərhəddən qeyri-rəsmi ödənişsiz keçirmək mümkün deyil. Bəlkə buna görədir ki, neft və neft məhsulları istisna olmaqla, ölkədən xaricə ixrac olunan malların həcmi ildən-ilə azalır. İddialara əsasən, yerli gömrükçülər milyardların büdcədən gizlədilməsi, əvəzində şəxsi ciblərə axan vəsaitin həcminin artırılması üçün ən müxtəlif üsullar fikirləşib bu sahədə "təkmilləşdirmələr" aparıblar: "Gömrükdə idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, "sövdələşmə" olduqdan sonra ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Büdcədən gizlədilən məbləğ, nağd şəkildə sahibkardan alınır. İkincisi, gətirilən mallar ümumiyyətlə qeydiyyata alınmır. Gömrükdə qurulan başadüşülməyən sistem yalnız sahibkarlara deyil, eləcə də dövlət büdcəsinə, ölkənin iqtisadi inkişafına ciddi zərbə vurur". Bayaq vurğuladığımız kimi, ölkəmizin gömrük sistemində yaşanan xoşagəlməz hadisələr yuxarı instansiyaların məsələyə müdaxilə etməsi ilə nəticələnib. Yayılan məlumatlara əsasən, bu sahədəki qanuna zidd halların aradan qaldırılması üçün müxtəlif yollar təklif edilir. Məsələn, bir müddət əvvəl gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsinə başlanıb. Bu məsələyə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə münasibət bildirmişdi: "Gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik. Belə hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı, və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır". Qurumun digər səlahiyyətlərinin bir hissəsinin də ASAN Xidmətə verilməsi gözlənilir. Bəzi mənbələr hesab edir ki, belə olsa, komitə sədri həm böyük qazancdan məhrum olacaq, həm də səlahiyyətlərinin əsas hissəsini itirəcək. Özəl mənbələr bildirir ki, bu sahədə planlaşdırılan tədbirlər komitə sədrinin vəzifədən kənarlaşdırılmasına hesablanıb: "Yuxarıların hədəfində olan komitə rəhbəri ən yaxın vaxtlarda görəvdən alına bilər. Onunla bərabər bəzi müavinlərinin də işdən çıxarılması gözlənilir. Ümumiyyətlə, son illər Dövlət Gömrük Komitəsinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Komitədə struktur dəyişikliyi qaçılmazdır. Başqa sözlə deyilsə, tezliklə bu komitənin ləğvi məsələsi gündəmə gələ bilər".
Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.Gündəlik Bakı