BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədova “yolun sonu” görünür - İDDİA

Ziya Məmmədova “yolun sonu” görünür - İDDİA

29-06-2015, 11:18
Oxunub: 4 562 Ziya Məmmədova “yolun sonu” görünür - İDDİANəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşı

Bu barədə yayılan son məlumatların təhlili onu göstərir ki, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər.

Z.Məmmədov Avropa Oyunları davam edən müddətdə gözlənilməz üç ciddi zərbə alıb. Bunlardan birincisi “Atletlər kəndi”ndə baş vermiş məlum qəza ilə bağlıdır.

“Yeni Müsavat”dakı eksklüziv xəbərlərə görə, bu işlə bağlı açılmış cinayət işinin istintaqı elə bir fakt üzə çıxarıb ki, bu, bir neçə məmurun karyerasına son qoya bilər...

İkinci ciddi zərbə isə “qiyamçı səfir” Arif Məmmədovun müxalifətə “transferidir”. Qovulmuş səfirin ailəsinin və özünün hələ Ziya Məmmədovla yaxın əlaqələrinin olduğu üzə çıxıb. Ziya müəllim hələ Gəncədə işləyən zamanlarda (o, 1989-1991-ci illərdə Gəncə Lokomotiv Deposunun rəisi vəzifəsində işləyib) Arif Məmmədovun atası ilə olduqca yaxın dostluq münasibətləri qurubmuş.

Ziya Məmmədov nazir təyin olunan zaman A.Məmədovun atasını işlədiyi Gəncə Ət Kombinatından işdən çıxarıblar. Ziya Məmmədov dostunu dəstəksiz buraxmayıb. Onu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə məsul vəzifəyə gətirib. Zahid Məmmədov xeyli müddət Z.Məmmədovun rəhbərlik etdiyi nazirlikdə məsul vəzifədə çalışıb.

Maraqlıdır ki, A.Məmmədov Abbas Abbasovla yaxınlıq iddialarını təkzib etməyə çalışsa da, Z.Məmədovla bağlı analoji iddiaları cavabsız buraxıb.

Arif Məmmədovun arxasında da sabiq vitse-primyer Abbas Abbasovun durduğu barədə iddialardan sonra isə onun qardaşının Bakıda həbsi, bəzi qohumlarının Gəncədə işdən çıxarılması hakimiyyətin bu məsələdə qəzəbinin və məlumatın dəqiqliyinin dərəcəsini göstərdi. Rüstəm İbrahimbəyovdan 2013-cü il seçkisində hakimiyyətə qarşı “müxalifət” düzəldən A.Abbasovun indi də Arif Məmmədovu ortaya atması iqtidarı daha sərt addımlar atmağa məcbur edib. Bu, A.Abbasovla yaxınlığı olan Z.Məmmədova da bir xəbərdarlıq hesab oluna bilər.

Yeri gəlmişkən, vaxtilə Ziya Məmmədovun ən böyük biznes ortağı olan “Baghlan Gorup”un prezidenti “Hafka” ləqəbli Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü milyonlarla manat kreditdə nazirin də müəyyən məsuliyyəti olduğu bilinib. Bu, birbaşa imza məsuliyyəti olmasa da, aydındır ki, indi ölkədən qaçdığı deyilən iş adamının Z.Məmmədov kimi şəriki olmasaydı, ona dövlətin bankından milyonlarla manat kredit verilməzdi.

Bir mənbənin iddiasına görə, “Hafka” istintaqı belə bir mesaj göndərib ki, onun bankrot olmasında Məmmədovların da rolu var və bir çox əmlakı keçmiş şərikləri tərəfindən əlindən alınıb və bu səbəbdən borcunu qaytara bilmir. Mümkündür ki, bu, daha çox “Hafka”nın özünü qorumaq cəhdi və ya keçmiş şəriklərinə pislik etmək cəhdi olsun...

Avropa Oyunları bitməmiş daha bir xəbər Z.Məmmədovu mətbuatın diqqətinə gətirib. Mediaya məlum olub ki, Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət (30 il) istismarda olacağı vurğulanırdı. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin katiblik rəisi Anar Nəcəfli modern.az saytına açıqlamasında bildirib ki, Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir: “Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib.

Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altındadır".

Maraqlıdır ki, Anar Nəcəfli Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib: “Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur

. Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi və ”Azəryolservis" ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir".

Məlumatlara görə, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisinə 2010-cu il - 2 milyon 500 min, 2011-ci il - 90 milyon, 2012-ci il - 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il üzrə 20 milyon manat ayrılıb.

Daha bir maraqlı fakt “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər siyahısını nəzərdən keçirdiyimiz zaman məlum olub. Həmin proqramda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km hissəsində yenidənqurma işləri görüləcəyi nəzərdə tutulub. Amma Nəqliyyat Nazirliyi, nədənsə, təmir-bərpa işlərinə neftin qiymətinin düşdüyü bir dövrdə başlayıb və magistral yolun 74-cü kilometrliyindən start verib.

Ekspertlərin iddiasına görə, buna səbəb böyük vəsait xərclənərək tikilən yolun tezsıradan çıxmasdıdır. “Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb” iddiası isə ciddi arqument kimi qəbul edilmir. Dövlət büdcəsinə milyonlarla manata başa gələn bu yolun belə tez sıradan çıxması isə Z.Məmmədova, eləcə də bu işdə cavabdeh olan digər məmurlara baha başa gələ bilər...