BolgeXeber.Com » Xəbərlər » Baş redaktora qarşı irəli sürülmüş ittiham sübut edilə bilmir

Baş redaktora qarşı irəli sürülmüş ittiham sübut edilə bilmir

30-06-2015, 12:39
Oxunub: 3 724 Baş redaktora qarşı irəli sürülmüş ittiham sübut edilə bilmirMəhkəmə qaldırılmış cinayət işini müstəntiqə geri göndərmək fikrindədir, Cavid Şirəliyev isə sifariş əsasında həbs olunduğunu deyir

Xəbər verildiyi kimi, 7gun.az saytının rəhbəri, hüquq müdafiəçisi Cavid Şirəliyev bir müddət əvvəl həbs olunub. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baş redaktora qarşı Cinayət Məcəlləsinin 244-ci maddəsilə (Əxlaqsız yuvaları saxlama ittihamı) ilə cinayət işi başlanıb və proses artıq məhkəmə müstəvisindədir.

JAM.AZ xəbər verir ki, Şirəliyevə qarşı irəli sürülmüş ittiham üzrə aparılan istintaq araşdırması kifayət qədər qüsurlarla doludur. Elə bu səbəbdəndir ki, işi araşdıran müstəntiq çıxılmaz vəziyyətə düşüb. Ona görə ki, Gəncə Ağır Cinayətlərə Dair Məhkəmədə ittiham üzrə aparılmış istintaq tədbirlərinin nəticələri ilə tanış olduqdan sonra hakimlər belə işə baxmaqdan imtina etməyə başlayıblar.

Əldə etdiyimiz məlumata görə, 7gun.az-ın baş redaktorunun həbsinə rəvac vermiş Qaradağ sakini Şəfiqə Xankişiyeva özünün şikayət məktubunda Tovuzun Qovlar qəsəbəsində «Tatar» adlı kafe işlətdiyini qeyd edib. Amma sonradan rəsmi araşdırma nəticəsində məlum olub ki, ümumiyyətlə, Qovlar qəsəbəsində «Tatar» adlı kafe yoxdur. Həmçinin Şəfiqə Xankişiyeva adlı şəxsin də bu qəsəbədə hər hansı bir ictimai iaşə obyektini icarəyə götürdüyünə dair bilgi mövcud deyil. Məlumatı həm Vergilər Nazirliyi, həm də Qovlar qəsəbə Bələdiyyəsi rəsmi məktubla təsdiqləyiblər.

Amma vəziyyət belədir ki, istintaq mövcud olmayan bir kafenin sahibinin əliylə Cavid Şirəliyevə ağır ittihamlar irəli sürərək, onun uzunmüddətə həbsini reallaşdırmağa çalışır. Səbəbini elə baş redaktorun özü aydınlaşdırır. Cavid Şirəliyev bildirir ki, 2008-ci ildən jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətə başlayıb və həmin dönəmdən siyasi fəaliyyətlə məşğul olub. «2010-cu ildə ölkədə keçirilən parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən qeydə alınmış müstəqil namizəd olmuşam. Dəfələrlə təqib, təzyiq və təhdidlərə məruz qalmışam. Hazırda peşə fəaliyyətimlə əlaqədar hakimiyyətdə təmsil olunan bəzi məmurların və hüquq-mühafizə orqanları vəzifəli şəxslərinin tapşırığı əsasında qanunsuz həbs olunmuşam. Nəticədə mənim ölkə qanunları, beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarla müəyyən edilmiş bütün hüquqlarım kobud şəkildə pozulub».

Baş redaktor deyir ki, əsassız cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Mən hüquq və azadlığımın qanunsuz məhdudlaşdırılması, istintaqın qeyri-obyektiv aparılması, pozulmuş hüquqlarımın bərpası və digər qanun pozuntuları barədə aidiyyatlı qurumlara yüzlərlə ərizə və şikayət göndərmişəm. Müraciətlərimin heç birinə qanunla müəyyən edilmiş vaxtda və qaydada baxılmayıb».

Cavid Şirəliyev qeyd edir ki, ona qarşı irəli sürülmüş ittihamlar qondarmadır və isbat edilməsi mümkün deyil. «Mən kimsədən nə pul almışam, nə də belə bir niyyətim olub. Mövcud olmayan bir kafenin sahibi kimi özünü təqdim edən biri məndən şikayət edib və buna görə həbs edilmişəm. Bu öyrədilmiş adamın işidir. Məqsəd məni susdurmaqdır. Çüni mən uzunmüddət idi Azərbaycanda insan alveri ilə bağlı silsilə yazılar yazırdım və açıq şəkildə bilirdim ki, bəzi qurumların rəhbərləri bundan heç də məmnun deyillər. Amma bu qədər bəsit və biabırçı iddialarla həbs ediləcəyimi də gözləmirdim. Hər halda həmin adamları ağıllı hesab edirdim».
BOLGEXEBER.COM