BolgeXeber.Com » Xəbərlər » Diplomatdan Qaxın deputatına ağır İTTİHAMLAR

Diplomatdan Qaxın deputatına ağır İTTİHAMLAR

1-07-2015, 18:01
Oxunub: 3 191 Diplomatdan Qaxın deputatına ağır İTTİHAMLARƏlbəttə, 15 il ərzində bu deputatın heç olmasa indi səsini çıxarması faktı biz qaxlılar ücün çox sevindirici bir haldır, nəhayət ki, danışdı

Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəri, Ukrayna XİN Radasının (şurası) eksperti, diplomat Paşa Məmmədovun editor.az-a məktubu daxil olub.Məktubda Qax rayonundan olan Paşa Məmmədov deputat Azər Kərimlinin bu günlərdə İtaliya KİV-lərinə olan müraciətinə münasibət bildirirək, millət vəkilinin ünvanına bir sıra sərt ittihamlar səsləndirib.

BOLGEXEBER.COM məktubu olduğu kimi təqdim edir:
"Bu günlərdə Qax rayonundan üç dəfə deputat seçilmiş Azər Kərimli bəzi İtaliya saytlarında “açıq məktub”la çıxış edərək, Azərbaycanımızın mövqeyini müdafiə etmək cəhdi göstərmişdir. Əlbəttə, 15 il ərzində bu deputatın heç olmasa indi səsini çıxarması faktı biz qaxlılar ücün çox sevindirici bir haldır, nəhayət ki, danışdı.
Çox təəssüf ki, bu cənab, 15 il ərzində 1001 dərdi olan Qax əhalisi və sıravi sakinlərin dərdlərindən danışmağa vaxt və zaman tapmamışdır. Söhbət, əlbətdə adi qaxlılardan gedir, Qaxı özləri üçün sultanlığa çevirənlərdən yox!
Təbii ki, öz dövlətimizin maraqlarını müdafiə etmək, hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanımızın əleyhinə məqalələr dərc edən, hər bir xarici KİV-in qərəzli mövqeyi ifşa edilərək, etiraz bildirməlidir. Xüsusilə də, Bakıda yüksək səviyyədə keçirilmiş Birinci Avropa Oyunları ərəfəsində qərəzli mövqeydən çıxış edən İtaliya KİV-ləri tənqid olunmalıdır.
2014-cü ildə Azərbaycanın ixracının ən böyük həcmi məhz İtaliyaya olmuş və il ərzində $4,624 milyard ABŞ dolları həcminə çatmışdır, bununda təxminən 90% xammal təşkil etmişdir.
Belə bir halda İtaliya KİV-lərinin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi, ilk növbədə Azər Kərimli kimi sahibkarın günahıdır ki, İtaliyanı və italyanları zənginləşdirən, İtaliya və italyanlara bu qədər xeyir verən iş adamı bu günə qədər İtaliya KİV-lərində Azərbaycan reallıqlarını əks etdirən məqalə dərc etdirən bilməmiş və Azərbaycan gerçəklikləri haqda bir cümlə belə yazdırmağa aman tapmamışdır.
Cənab Kərimli, İtaliya KİV-lərinə ünvanladığı məktubunda, xoşagəlməz məqalələrin çap olunmasında erməni lobbisinin əli olması fikrini irəli sürmüşdür. Sual yaranır ki, Milli Məclisin Azərbaycan-İtalya dostluq qrupunun rəhbəri və İtaliyada nüfuzlu biznes əlaqələrinin sahibi kimi cənab Kərimli, İtaliyada erməni lobbisinin mövqeyinin zəiflədilməsi və Azərbaycan lobbiçiliyin inkişafı naminə bu 15 il ərzində nə iş görmüşdür?
İtaliya və Azərbaycan arasında mövcud olan iqtisadi əlaqələrdən istifadə edərək, yalnız İtaliya Respublikasına “Xidmətlərə görə” Cəngavər ordeninin alınmasınamı nail ola bilmişdir?! Di hə, İtaliya Respublikasına xidmətlər... Azərbaycanın milli maraqlarını qorumaq deyil!
Azərbaycanın və azərbaycanlıların hansı maraqları haqqında danışmaq olar ki, əgər cənab Kərimli, Milli Məclisin üç çağırış deputatı kimi 15 il ərzində, öz seçiciləri arasında üç dəfə olub, ya yox... Bu da yalnız seçkilər ərəfəsində.
Məhz indi də, cənab Kərimli, İtaliya KİV-inin Azərbaycana qarşı provokasiyalarına, rəsmi statistika, rəqəmlər və iki ölkənin iqtisadi potensialını əks etdirən faktlarla deyil, adi, şablon sözlərlə cavab verdi. İtaliya ictimaiyyətinə təsir göstərmək üçün şablon sözlərlə keçinməkdənsə, Azərbaycanın qüdrəti və ölkələrimiz arasındakı iqtisadi əlaqələrim miqyası açıqlanmalı lazım idi.
Bu, Vətənin maraqlarını qorumaqdansa, daha çox seçkiqabağı “məndə varam” məsələsinə bənzəyir. Çox maraqlıdır, seçiciləri üzünə möhtac qalmış Azər Kərimlinin məqalələrindən İtaliya ictimaiyyətinin nə qədər məlumatı var və onun müsahibələrini İtaliyada izləyirlərmi? Çox güman ki, heç deputatı olduğu Qaxda izlənilmir, qaldı ki, İtaliyada.
Vətən maraqlarını keyfiyyətli əməllərlə qorumaq lazımdır, populist məqalələrlə yox, cənab biznesmen deputat!
Qaxın və qaxlıların dərdinə bir dərman tapmayan, lakin onların sərvəti hesabına (hansı sərvətlərdən söhbət getdiyini hər bir qaxlı çox gözəl bilir)italyanları varlandıran, yedizdirən Azər Kərimli, elə onların nankorluğu ilə üzləşdi.
Lakin, Azər Kərimli qaxlıların sərvətini italyanlara yedirtməkdənsə, ona səs verən seçicilərinin mənafeyinin keşiyində durub, adi kəndlinin bir dərdinə çarə qılsaydı ən azından millətinin duasının sahibi olardı və italyanlardan fərqli olaraq, qaxlılardan heç bir zaman nankorluq görməzdi.
Mən beş qabaqcıl xarici ölkələrdə yaşamış və təhsil almış bir insan kimi, Azər Kərimli kimi deputatlara tövsiyyə edirəm ki, möhtərəm millət vəkilləri, öz millətinizə, xalqınıza yaxın olun, onların mənafeyinə qulluq edin! Milli Məclisdə müzakirələr zamanı fəallıq göstərin və yalnız öz seçicilərinizin mövqeyinin keşiyində dayanın. Bizlərin qədrini, məhz xalqımız biləcək, əcnəbilər yox....
Canım olan qaxlılara isə bu il keçiriləcək növbəti parlament seçkilərində onlara layiq bir millət vəkili seçmələrini səmimi qəlbdən arzu edirəm!"
Millət vəkili Azər Kərimli arzu edərsə məsələ ilə bağlı onun da mövqeyini dərc edə bilərik.