BolgeXeber.Com » Xəbərlər » “Azinko” şirkəti işlətdiyi mütəxəssisi necə aldatdı...

“Azinko” şirkəti işlətdiyi mütəxəssisi necə aldatdı...

8-07-2015, 13:26
Oxunub: 5 074 “Azinko” şirkəti işlətdiyi mütəxəssisi necə aldatdı...“İşlədiyim dövrdə üzləşdiyim haqsızlıqlarla bağlı “Azinko” rəhbərliyinə dəfələrlə müraciət etdim. Aldığım cavab “heç kimdən qorxmuruq, get kimə istəyirsən de” oldu”.

Bunu virtualaz.org saytına müraciətində “Azinko Holdinq”in nəzdində fəaliyyət göstərən SMTS və “Azvill” firmalarında geodeziyaçı vəzifəsində çalışmış Hüseyn Vəliyev deyib.
H.Vəliyevin sözlərinə görə, 2013-cü ildən sözügedən firmalar tərəfindən Heydər Əliyev prospekti, 102 və 109 ünvanlarında inşa edilən, Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus 34 mərtəbəli binanın tikintisində çalışıb.
Şikayətçinin sözlərinə görə, işlədiyi dövrdə qarşılaşdığı problemlərlə, haqsızlıqlarla bağlı “Azinko”nun direktoru Akif Həsənova, daha sonra “Azvill” firmasının direktoru Nazim Həsənova müraciət edib. Amma firma rəhbərlərindən aldığı cavab “heç kimdən qorxmuruq, get kimə istəyirsən de” olub: “Həmin firmada işə iki köməkçimlə birgə başlamışdım. Firmanın direktoru Ağalar Allahyarovla ilk bir ay müddəti üçün razılaşdırılmış maaşım 1500 manat, ayrıca “Topcon” elektrik alətim üçün də 500 manat təşkil edirdi.
2014-cü il yanvarın son günlərində Ağalar Allahyarov layihənin ekspertizasını bəhanə edərək məni və bir neçə işçini işdən uzaqlaşdırdı. Məni “Azinko”ya məxsus digər firmaya - Heydər Əliyev pospekti, 109 ünvanında yerləşən 52 mərtəbəli binanın inşasını aparan “Azvill” firmasına yönləndirdi. Geodezist köməkçim Sabir Əliyevlə layihənin geodeziya işlərini aparmağa başladıq. Təxminən bir aydan sonra firma işçilərinə maaş verilsə də bizə pul verilmədi. Bu barədə “Azvill” firmasının direktoru Nazim Həsənovdan soruşanda “anlaşılmazlıq olub, eyni holdinqin işini görürsünüz, həll edərik” dedi.
Amma aprel ayında mənə xəbər verildi ki, “sizin firma ilə bağladığınız müqavilə bitib, əmək kitabçanızı geri alın”.
Bunu Nazim Həsənova dedim və “Azvill” firmasında işə götürülməyim üçün ərizə yazdım. Ona may ayında da əməkhaqqı almadığımı deyəndə Nazim Həsənov firmada söz sahibi olmadığını, əsas söz sahibinin Akif Həsənov olduğunu bildirdi və ona müraciət etməyimi məsləhət gördü.Dəfələrlə Akif müəllimə, o cümlədən Nazim müəllimə müraciət etsəm də “darıxma, həll edərik” cavabı öz təsdiqini tapmadı”.
Sonradan məlum olub ki, Hüseyn Vəliyevin işə qəbul olunması üçün yazdığı ərizə “itib”. Məcbur olub yenidən ərizə yazıb: “Mənə cəmisi 1000 manat maaş verdilər. Nazim müəllim yerdə qalan ayların maaşını yaxın günlərdə verəcəyini dedi. Atam ağır xəstə olduğuna görə oktyabrın 27-də rayona getməli oldum. Bu barədə Nazim müəllimə xəbərdarlıq etsəm də bir neçə saatdan sonra zəng vurub işdən azad edildiyimi dedi.
İki-üç gündən sonra Bakıya qayıtdım. Obyektə gəldikdə mühafizə xidmətinin əməkdaşları əraziyə daxil olmağıma Nazim müəllim tərəfindən qadağa qoyulduğu söylədilər.
Çətinliklə də olsa, əvvəl Nazim müəllimlə, sonra da Akiflə görüşdüm, bir həftənin içində məsələnin həll olunacağını dedilər. Amma problem yenə həllini tapmadı. Onu da deyim ki, atamın yas mərasimi ilə əlaqədar rayonda olduğum müddətdə köməkçim işə gəlib. İşi yerinə yetirmək üçün 10-15 dəqiqəlik köməkçi istəyəndə obyektdə ona “sən işə Hüseyn müəllimlə birlikdə gəlməlisən, Hüseyn müəllim olmadan işə gəlmə” deyiblər.
Və bu arada işçilərdən birinin Akif müəllimə “Hüseyn müəllim işi atıb Afrikada işləməyə gedib” deməsi ilə o, məni və köməkçimi işdən azad edib. Xahiş edirəm vəziyyəti araşdırıb göstərilən müddət ərzində mənə ödənməmiş əməkhaqqını nödənməsi üçün köməklik göstərəsiniz”.
Onu da qeyd edək ki, Hüseyn Vəliyev üzləşdiyi haqsızlılarla bağlı “Azinko Holdinq”in “kuratoru”, deputat Malik Həsənova müraciət edib. Ancaq hələlik həmin müraciətə də cavab verilməyib.
Bolgexeber.com
“Azinko” şirkəti işlətdiyi mütəxəssisi necə aldatdı...