BolgeXeber.Com » Xəbərlər » Bakıda sevgilərin kilidləndiyi ağac- FOTOLAR

Bakıda sevgilərin kilidləndiyi ağac- FOTOLAR

11-07-2015, 16:13
Oxunub: 3 843 Bakıda sevgilərin kilidləndiyi ağac- FOTOLARŞəhər sakinlərinin istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün istifadə olunan ən gözəl məkanlar parklardır. Xüsusilə Dənizkənarı Milli Park ilin bütün fəsillərində şəhər sakinlərinin doğma yerinə çevrilir. Bakı bulvarı həm sevgililərin görüş yeri, həm yaşlıların istirahət yeri, həm uşaqların dəniz havası aldığı yer, həm də gənc velosipedçilərin sevdiyi məkandır.

Məlumdur ki, tez-tez təmir işləri aparılan Bakı bulvarı genişləndirilib. 2012-ci ildən "köhnə" bulvar genişləndirilərək "ikinci bulvar" sözü yaranıb. Bu günlərdə isə "üçüncü" - Ağ Şəhər Bulvarı da insanların üz tutduğu ən məşhur məkanlardandır. Biz də yeni bulvarla tanış olmaq, istirahət edənlərlə söhbətləşmək üçün sözügedən məkana yollandıq.

"Nəfəs almaq" üçün gəlirik"

Havalar isti olduğu üçün şəhər əhalisinin əksəriyyəti, xüsusilə, axşam vaxtlarında parklara üz tuturlar. İşgüzar həyatdan yorulan, təmiz hava almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salır. Parkın gözəlliyi isə həqiqətən insanı özünə cəlb edir. Burada gənc analar üçün hər şərait yaradılıb. Parkın hər iki tərəfində uşaqların əylənməsi üçün pulsuz atraksionlar quraşdırılıb. Uşaqlardan kimi yelləncəkdə yellənir, kimi sürüşkəndə sürüşür, kimisi də onlar üçün quraşdırılan digər attraksionlarda əylənirdilər. Analar isə kənarda skamyalarda əyləşir, uşaqlarının əylənmələrini zövqlə izləyirdilər. Söhbətləşmək üçün attraksionların qarşısında quraşdırılan skamyaya yaxınlaşdıq. 2 uşağını təmiz hava almaq üçün parka gətirən Aliyə deyir ki, pulsuz attraksionların quraşdırılması çox yaxşıdır: "Uşaqlarım buranı o qədər sevir ki, parka gətirəndə evə apara bilmirəm. Buranın havası da mənə xoş təsir edir. Həm uşaqlarım əylənir, həm də mən istirahət edirəm".
Akif dayı isə buraya həyat yoldaşı ilə istirahətə gəlib. Deyir ki, istidən evdə oturmaq mümkün deyil: "Qızım, yaşlı adamlarıq. Havalar görürsünüz necə isti keçir. Bu istilərə gənclər dözə bilmir, nəinki yaşlılar. Biz də "nəfəs almaq" və dəniz havası qəbul etmək üçün hər gün bu parka üz tuturuq".

"Məhəbbət ağacı"

Parkı müşahidə edərkən qeyri-adi ağac diqqətimizi çəkir. Kilidlərin bağlandığı ağac, sən demə, "məhəbbət ağacı" imiş. "Məhəbbət ağacı" layihəsi IDEA, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə layihəsidir. Təxminən 2 metr hündürlüyündə olan ağac bulvarda öz cazibəsi ilə seçilir.
Belə bir inanc var ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda, o, uğur və səadət gətirəcək. Dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində sevgi sözləri yazılmış suvenirlər asırlar. Bakının Milli Parkındakı metal konstruksiyalı "Məhəbbət ağacı" budaqlarında öz duyğularının möhkəmliyini sübut etmək istəyən cütlüklərin üz tutduqları məkandır. Ağaca bağlanan yüzlərlə kilidin üzərində hərflər, arzular, şəkillər aydın görünür. Kimi sevgisinin böyüklüyünü sübut etmək üçün daha böyük kiliddən istifadə edib, kimisi də sevgisinin böyüklüyünü qəlbində daşıyaraq kiçik kilidlərlə kifayətlənib.

"Sevgimizi əbədiləşdirdik"

Məhəbbət ağacının yerləşdiyi parkı sevgililərsiz təsəvvür etmək mümkün deyil. Burada kimi əl-ələ gəzmək bəhanəsi ilə söhbət edir, kimisi skamyada "mehribancasına" əyləşib dəniz havasının dadını çıxarır. Adlarının açıqlanmasını istəməyən nişanlı cütlük deyir ki, məhəbbət ağacında onların da kilidi var: "Sevgi gözəldir, sevmək ülvi hissdir. Biz bir-birimizi çox sevdik və ilk olaraq bu ağaca kilidimizi vurmaqla sevgimizi əbədiləşdirdik. İndi isə nişanlıyıq. Ailə qurduqdan sonra uşaqlarımıza kilidimizi göstərəcəyik". Təəssüratlarını öyrənmək üçün əl-ələ tutaraq məhəbbət ağacına kilid bağlayan cütlüyə yaxınlaşırıq. Adlarının çəkilməsini istəməyən cütlük deyir ki, parkın açıldığı gündən onlar buranın daimi sakinləridir: "Əvvəllər gəzməyə bulvara gedirdik. Orada çox adam olduğu üçün narahat oluruq. Bura isə həm gözəldir, həm də sakitlikdir. İnsanlar mədəni şəkildə istirahət edirlər. Bura bizim sevgi parkımızdır. İnşallah övladlarımızı da burada gəzdirəcəyik".

Parkda balacalarla yanaşı, böyüklər də nəzərə alınıb. Uşaqlar üçün mini avtomobillərin 5 dəqiqə ərzində istifadəsi üçün nəzərdə tutulan məbləğ 2 manatdırsa, böyüklər üçün 4 və 2 nəfərlik velosipedlərin 15 dəqiqəlik istifadəsi 3 manat təşkil edir. Velosipedlərə ailəvi şəkildə minmək və parkın ərazisini gəzmək mümkündür. Parkda istirahət edənlər üçün restoran da var. Türkiyənin tanınmış "Marina" restoranı burada da fəaliyyət göstərir. İtalyan mətbəxi təqdim edən restoranda qiymətlər münasibdir.