BolgeXeber.Com » Xəbərlər » Cahangir Əsgərovun ucuz bozbaşından qurd çıxdı - endirimsiz endirim

Cahangir Əsgərovun ucuz bozbaşından qurd çıxdı - endirimsiz endirim

22-07-2015, 20:28
Oxunub: 3 976 Cahangir Əsgərovun ucuz bozbaşından qurd çıxdı - endirimsiz endirimUçuş zamanı yemək verilmir. Daha doğrusu, pulsuz verilmir

İctimai etirazlar və prezidentin məsələyə müdaxiləsi AZAL-dakı qiymətlərlə bağlı cüzi dəyişikliyə səbəb oldu. Qurum dünən bir neçə istiqamətdə olan uçuşlarda qiymətləri endirməsi ilə bağlı məlumat yaydı. Belə ki, dünən "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Qərar isə 4 - Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xəttinin yaradılması olub.

Bu lou-kost istiqamətlərdə biletlərin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. Uçuşlar isə “Boeing”lə deyil, "Embraer" təyyarələri ilə həyata keçiriləcək.
Bu dəyişiklik nələri ehtiva edir? Qiymətlərin kağız üzərində aşağı salınması müştərilərin cibinə nə dərəcədə təsir göstərəcək?
Bəs doğrudanmı AZAL biletlərin qiymətlərini aşağı salıb? Əgər qiymətlər həqiqətən də enibsə, bu, nəyin hesabına başa gəlib?
Məsələni AzNews.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bəzi məqamlara aydınlıq gətirib. O, AZAL-ın qiymətlərini aşağı salmasını xidmət səviyyəsini də aşağı endirməklə balanslaşdırmaq istədiyini və bu siyasətin diskriminativ addım olduğunu bildirib: “Daha aşağı ödəniş qabiliyyəti olan insanlara daha keyfiyyətsiz xidmətin göstərilməsi, yəni “sənə bu ödəniş qabiliyyətinə uyğun olaraq xidmət göstəririk” yanaşması bir çox beynəlxalq aviaşirkətlərin də tətbiq etdiyi yanaşmadır. Təbiidir ki, AZAL qiymətləri azaltmaq üçün xərcləri də azaltmalıdır. Amma bu, xidmətin keyfiyyətinə təsir göstərməməlidir. Sərnişinlər aşağı səviyəli münasibət və xidmətlə qarşılaşmamalıdırlar”.
Ekspertin sözlərinə görə, AZAL dövlətin dəstəyi ilə fəaliyyət göstərən bir qurum olduğundan, dövlətin siyasi xətti ilə hesablaşmalıdır: “Dövlət turizm sektorunu inkişaf etdirmək, bundan əlavə ölkəni tanıtmaq üçün milyardlar xərcləyir. AZAL buna əks biznes siyasəti yürüdürsə bu, təbii ki, dövlət strukturları arasında ziddiyətin olmasından, eyni zamanda məsələyə kompleks yanaşmanın olmamasından qaynaqlanan problemdir. Bu gün AZAL-ın fəaliyyətində dövlətin payı olduğu üçün mövcud məsələyə birbaşa müdaxiləsi də mümkündür. Beləcə Maliyyə Nazirliyi, yaxud digər aidiyyəti qurumla birlikdə dövlət tərəfindən ayrılan datasiyalar müzakirə olunmalı və reallığı əks etdirən qiymətlər tətbiq olunmalıdır. AZAL-a datasiya verilirsə, bu qurum biznes maraqlarından daha çox dövləti maraqları, biznesin şaxələndirilməsini, turizm axınının təmin edilməsini - bu da öz növbəsində valyuta axını deməkdir – düşünməli və ortaya kompleks yanaşma qoymalıdır”.
Yeri gəlmişkən qeyd edək ki, dövlət büdcəsindən AZAL şirkətinə hər il 10 milyon manat məbləğində subsidiya ayrılır.
Bundan başqa R.Həsənov uçuşların tətbiq olunduğu şəhərlərə də diqqət çəkib. Bildirib ki, lou-kost uçuşların həyata keçiriləcəyi şəhərlərin özləri böyük turizm potensialına malikdir və həmin şəhərlərin daha keyfiyyətli və ucuz xidmətlər təklif edən turizm şirkətləri var: “Aşağı qiymətlə uçuşları elə ölkələrə tətbiq etmək lazımdır ki, oradan Azərbaycana turistlərin gəlmə potensialı olsun. Antalyanın özü böyük turizm məkanıdır və xidmətləri Azərbaycandan dəfələrlə yüksəkdir. Düşünmürəm ki, hansısa türk Antalyadan Azərbaycana uçar və turist kimi səfər etmək istəyər. Nəticədə bu reyslər Azərbaycana turist axınına deyil, Azərbaycandan turist axınına səbəb olacaq”.
Ekspert AZAL-da qiymətlərin birtərəfli endirilməsi məsələsinə də toxunub. O, şəhərlərə görə qiymətlərin dəyişəcəyini bildirib: “Qiymətləri azaldılan uçuşların tətbiq olunduğu şəhərlərin məsafələri bir-birindən tamamilə fərqlidir. Ona görə də qiymətlər şəhərə görə dəyişəcək Ola bilər ki, Antalyaya 60 avro olsun, amma Dubaya bir az ondan çox. Bu açıqlanan rəqəm, yəni 99 avro sadəcə maksimal rəqəmdir”.
Vətəndaş 99 avroluq birtərəfli biletdən nə qədər qazanacaq?
AZAL birtəfərli uçuş qiymətinin maksimal həddini 99 avro civarında müəyyən edib. Yəni ikitərəfli bilet almaq təxminən 200 avroya başa gələcək. Bu isə Azərbaycan manatı ilə təxminən 230 manat civarında dəyişir. AZAL-ın “qiymət azalması” tətbiq etdiyi şəhərlərə uçuşların da mövcud qiymətləri elə təxminən 250-270 manat arasında dəyişir. Nəticədə sərnişin buradan sadəcə 30-40 manat qazanmış olur ki, bu cüzi azalmanın da hesabına daha aşağı keyfiyyətli təyyarə ilə uçacaq, daha aşağı xidmətlə üzləşəcək.
AZAL-ın bu gün “endirim”lərinə tətbiq etdiyi şərtlər isə qiymət azalmasından nəinki söhbət gedə bilməyəcəyini, hətta biletlərin daha baha qiymətə başa gələcəyini göstərdi.
Beləliklə AZAL-ın endirilmli biletlərinin şərtləri:

Bakı-İstanbul-Bakı

1. Gediş-gəliş- 230 manat (əvvəl 330 idi).

2.Yalnız əl baqajı imkanı (5kq).

3. Əlavə baqaj üçün 50 manat ödəniş (iki tərəfə 100 manat).

4. Uçuş zamanı yemək verilmir. Daha doğrusu, pulsuz verilmir.

Yəni, 99 avroya satılan biletlərin qiyməti hər iki tərəfə manatla 228 manat olacaq. 5 kq əl baqajı pulsuz olacaq, amma baqaja verəcəyiniz hər çamadana (çantaya) görə əlavə 50 avro ödəməli olacaqsınız ki, bu da indiki məzənnə ilə 55 manat edir. Qayıdanda yenə əlavə 55 manat ödəməli olacaqsınız. Yəni, gediş-dönüş bileti, üstəgəl 1 çamadan sizə 338 manata başa gələcək.

Bu səbəbdən R.Həsənov AZAL-ın bu endiriminin effektsiz olacağını düşünür: “Bundan sonrakı dövrdə müqayisəli qiymətlər, eyni zamanda rəqabət qabiliyyətli qiymətlər və xidmətlər təklif olunmalıdır. Əgər vətəndaş ciddi qiymət fərqi olmayan uçuşlarda diskriminativ münasibətlə qarşılaşacaqsa və çox keyfiyyətsiz xidmət görəcəksə, atılan addımlar effektsiz olacaq”.
Bundan əlavə, uçuşlar da hər gün deyil, həftənin müəyyən günlərində tətbiq olunacaq ki, bu da sərnişin sıxlığına, bilet azlığına səbəb olacaq. Təbii ki, bu addım da narazı sərnişinləri bir az da narazı salacaq.
Qeyd edək ki, Azərbaycanda aviabiletlərin qiymətinin baha olması uzun müddətdir uzun müddətdir müzakirə mövzusudur. Belə ki, qiymətlər qonşu ölkələrlə belə müqayisədə dəfələrlə baha satılıb.
Prezident də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xidmət səviyyəsinə baxmayaraq, AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə, şəhərlərə nisbətən baha olması məsələsinə diqqət çəkib.
"Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?", - deyə prezident iradını dilə gətirib.