BolgeXeber.Com » Xəbərlər » DSMF-nin Sabirabad şöbəsində özbaşınalıq - Burda hələ də "Müslümov küləyi" hakimdir...

DSMF-nin Sabirabad şöbəsində özbaşınalıq - Burda hələ də "Müslümov küləyi" hakimdir...

31-07-2015, 12:00
Oxunub: 3 468 DSMF-nin Sabirabad şöbəsində özbaşınalıq - Burda hələ də "Müslümov küləyi" hakimdir...Sosial yardımla bağlı bitib-tükənməyən problemlər hələ də qalmaqdadır

Xatırlayırsınızsa, ötən saylarımızda DSMF-nun Şəki şöbəsində baş verən qanunsuzluqla bağlı yazmışdıq. Sonda problem həllini tapdı. İndi yenə də oxşar hadisəylə üz-üzəyik. Bu dəfə isə Sabirabad rayon Nizamikənd kənd sakini Cəfərov Samid Murtuz oğlu rayondan paytaxta gələrək DSMF-nin Sabirabad rayon şöbəsindən şikayətlənir.

«Heç yerdə işləmirəm...»

Samid Cəfərov yaşayışının acınacaqlı olduğunu deyir: “Yaşayışımız elə də ürəkaçan deyil. Valideynlərim rəhmətə gedəndən sonra vəziyyətimiz daha da pisləşdi. 2004-cü ildə ailə həyatı qurdum. İndi dörd azyaşlı uşağım var: ikisi qız, ikisi oğlan. Özüm astma xəstəsiyəm. Ona görə hərbi xidmətə də gedə bilmədim. Dedilər ki, yararsızam”.

«Suszuluqdan qırılırılıq...»

«Su bizim kəndlərə fasilələrlə verilir. İndi heç vermirlər. Düzdür, içməli suyumuz var. Onu da sizə müraciətimizdən sonra və bu haqda yazdığınıza görə bərpa etdilər. Yoxsa, içməli sudan da əziyyət çəkirdik. Əkin üçün su hələlik pərpa olunmayıb. Bir az pay torpağımız var. Taxıl əkdik, su vermədiklərinə görə suvara bilmədik, hamısı məhv oldu. Bir dəfə biz tərəflərə gəlin, onda hər şeyi gözünüzlə görəcəksiniz».

«DSMF-nin Sabirabad rayon şöbəsinə iki yüz dəfə getmişəm...»

«2011-ci ildən DSMF-nin Sabirabad rayon şöbəsinə gedib-gəlirəm. Hər dəfə də müxtəlif bəhanələrlə geri qaytarırlar. Tələb etdikləri bütün sənədləri təqdim etmişəm, amma heç bir müsbət nəticəsi yoxdur. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında sənədlərimi təqdim etdim. Bu vaxt ərzində yaşadığım evə bir neçə dəfə baxış keçiriblər. Ata evində yaşayıram. Burada məndən başqa iki bacım da yaşayır. Mən özüm 1999-cu ildən ayrı təsərrüfatam. Bu vaxt ərzində imkanım olmadığına görə ev tikib ayrıla bilməmişəm. İyulun 16-da yaşadığım ünvana DSMF-nin Sabirabad rayon şöbəsindən bildiriş göndərilib. Bildirişdə ailə tərkibimi «düzgün göstərməməyim» bəhanə gətirilərək, sosial yardımın verilməsindən imtina edilir. Mən başa düşə bilmirəm ki, ailə tərkibimlə bağlı hansı yanlış məlumatı onlara vermişəm ki, onlar məni neçə ildir süründürür?! 2011-ci ildən bu günə kimi kənddən rayon mərkəzinə bu qurumun binasına 200 dəfə getmişəm. Sentyabrda məktəb başlayır, üç uşağa məktəb paltarı və dərs ləvazimatlarını hansı pulla alım?! İndidən dərd götürüb məni ki, neyləyəcəm?!»

Vüsal Talıblı və Surxay Dadaşovun birgə «sosial yardım» əməliyyatı...

«DSMF-nin Sabirabad rayon şöbəsinin sədri Vüsal Talıblı və onun köməkçisi Surxay Dadaşov maraqlı olduqları adamlara bu yardımı «təşkil edirlər». Biz, bu iki şəxsin əməllərindən cana doymuşuq. Bir neçə il öncə bu qurumda korrupsiya faktı da aşkarlanmışdı və hətta bir neçə nəfər həbs də edilmişdi. Amma, görünür, olanlar bu adamlar üçün dərs olmayıb».

DSMF-nin Sabirabad şöbəsi niyə susur?!

Məsələylə bağlı şikayətçinin təqdim etdiyi Vüsal Talıblı və Surxay Dadaşovun mobil telefonlarına zəng vuraraq qarşı tərəfi də dinləmək istədik. Amma heç birisi telefon zəngimizə cavab vermədi. Hər iki şəxsin mobil telefonuna mesaj da yazdıq, ancaq cavab gəlmədi ki, gəlmədi. Bütün bunlara baxmayaraq, qarşı tərəfi dinləməyə hazırıq. Çünki problem təkcə Samid Cəfərovla bitmir. Bundan əlavə, daha iki şikayətçi - Mirzəbaba Babayev və Xəyal Hidayətov da adı çəkilən problemdən şikayətlənir. Gələn saylarımızda həmin şəxslərin problemini də araşdıracağıq. Görünür, bu xamır hələ çox su aparacaq.
tezadlar.az
DSMF-nin Sabirabad şöbəsində özbaşınalıq - Burda hələ də "Müslümov küləyi" hakimdir...