BolgeXeber.Com » Xəbərlər » Buzovna internat evinin sakini təhlükəsizliyinə zəmanət istədi

Buzovna internat evinin sakini təhlükəsizliyinə zəmanət istədi

31-07-2015, 14:06
Oxunub: 3 508 Buzovna internat evinin sakini təhlükəsizliyinə zəmanət istədiMüəssisənin müdiri insanlığa qarşı cinayət əməlləri törətməkdə ittiham olunur

Qəzetimizin 29.07.2015-ci il tarixli sayında “İnternatda rəhbərlik dəyişdi, vəziyyət dəyişmədi” sərlövhəli tənqidi material dərc olunmuşdu. Materialda Buzovna qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı ruhi-əsəb internat evində baş verən bir çox qanun pozuntularından bəhs olunurdu. Dünən isə, redaksiyamıza həmin internat evinin sakinlərindən biri, Ağayeva Arzu Kamil qızı təşrif buyurmuşdu. Bəri başdan deyək ki, Arzu xanımın həmin internatda bu gün baş verən real hadisələr barədə danışdıqlarını sadəcə dinləmək belə, artıq insanı əsil əsəb sarsıntılarına məruz qoyur. Şikayətçinin deməyinə görə, internat evinin rəhbərliyi və cəmi bir neçə nəfərdən ibarət personalı (personalın sayı məsələsinə aşağıda xüsusi toxunacağıq) buranın sakinlərinin başlarına elə bir oyunlar açırlar ki, xəstələr və əlillər elə haqsızlıqlara məruz qoyulurlar ki, bir müəllif kimi az qala yazının başlığında “+18” və “şiddət və qorxu” qriflərini qoymaq istəyirəm.Bizə dediklərini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümovun adına yazdığı ərizəsində də öz imzası ilə təsdiq edən Arzu Ağayeva bildirdi ki, Rəhimə xanımın onların internat evinə rəhbər təyin olunması ilə burada, bizim yazdıqlarımızdan fərqli olaraq, hər şey dəyişib. Sadəcə olaraq, pisə doğru. İlk növbədə internat evinin nömrəsi dəyişilərək 1 saylı olub. Əlbəttə ki, bunun mahiyyət etibarı ilə heç bir əhəmiyyəti yoxdur. Arzu xanım demişkən: “İstəyir lap 101 olsun, təki bizi incitməsinlər...” Amma incidirlər. Həm də sadəcə incitmirlər, sözün əsil mənasında əzab və əziyyət verirlər. Bir qədər əvvəl biz artıq qeyd etmişdik ki, 1 saylı internat evində çalışan personalın sayı Rəhimə xanım tərəfindən minimuma endirilib. Arzu Ağayevanın deməyinə görə, burada xəstələr həm özlərinə, həm də biri-birilərinə qayğı göstərməli olurlar. Təbii ki, personalın say azlığı müəssisənin ştat cədvəlində öz əksini tapmır. Yəni ştatda həqiqi tibb bacıları, sanitar və xadimələr əvəzinə “ölü canlar” saxlanılır. Bunun nə məqsədlə edildiyini isə yəqin ki, şərh etməyə ehtiyac yoxdur. Bununla belə, internat evinin sakinlərinə hətta özlərinə insan kimi qulluq etmək imkanı belə verilmir. Şikayətçi bildirir ki, onlara dövlət tərəfindən ayrılan dərman preparatlarını, ərzağı, gigiyenik ləvazimatları mənimsəyən müəssisə rəhbərliyinin gözü bununla da doymur. Buna görə də indi, xəstə və əlil insanların təqaüd kartları da onların əllərindən alınıb və bu zavallılar artıq öz tələbatlarını öz hesablarına ödəmək imkanlarından belə məhrum ediliblər. Arzu Ağayeva təqdim etdiyi ərizədə həm özü, həm də internat evinin digər sakinləri ilə bağlı bir çox məqamlara toxunub. Aşağıda biz həmin ərizədən bəzi hissələri müəyyən düzəlişlərlə sizə təqdim edəcəyik.



Qaldığımız otağa da gözləri düşdü...



“Mən özüm həm onkoloji xəstəyəm, həm də şəkərdən əziyyət çəkirəm. Amma xəstəliyi, əlilliyi heç zaman özümə dərd biməmişəm. Atam müharibə əlili olub. Həmçinin qardaşım da 20 il əlillikdən əziyyət çəkib. Uşaq yaşlarımdan əlillərə qulluq göstərməyə vərdiş etmişəm. İndi tale elə gətirib ki, ömrümün qalan hissəsini də yəqin ki, bu internat evində keçirməli olacağam. Burada da biz özümüzə və biri-birimizə özümüz qulluq edirik. Çünki internat evində təmizlik, baxıcılıq işlərini görməli olan personal demək olar ki, yoxdur. Artıq üç ildən çox olar ki, I qrup əlil, Eldar Bünyatova da mən baxırdım. Bir müddət əvvəl İnsan Hüquqları Müvəkkili, hörmətli Elmira xanım Süleymanovanın köməkliyi ilə internat evində mənə və Eldar Bünyatova geniş, hər bir şəraiti olan otaq vermişdilər. Otaqda soyuducu, kondisioner, televizor da var idi. Sizi inandırım ki, bütün bu şərait bizim kimi insanlar üçün heç də dəbdəbə göstəricisi deyil, sadəcə zəruri tələbatdır. Heç təsəvvür edirsinizmi ki, növbəti kimyəvi terapiya kursundan sonra, məni kimi xəstə bir insan yayın bu istisində kondisionersiz otaqda necə yata bilər? Amma Rəhimə xanım dedi ki, yata bilər. Bəli, həmin otağı bizdən aldılar...”Daha sonra Arzu Ağayeva internat evində xəstə və əlillərin şəraitsizlik, baxımsızlıq ucbatından müxtəlif yoluxucu xəstəliklərə də tutulduqlarından, müəssisə rəhbərliyi tərəfindən isə bu xəstəliklərin nə müalicəsi, nə də profilaktikası istiqamətində heç bir tədbir görmədiklərindən söz açdı. Şikayətçinin sözlərinə görə, hətta bu günlərdə internat evinin sakinlərindən biri baxımsızlıq üzündən dünyasını dəyişib. Daha bir neşə nəfər isə hal hazırda olduqca ağır vəziyyətdədirlər. Arzu xanım iddia edir ki, internat evinin rəhbərliyi hətta infeksion xəstələrin karantinə yerləşdirilməsini belə təmin etmir. Eyni zamanda da, hər hansı xəstənin halı xüsusilə ağırlaşdığı zaman digər sakinlər tərəfindən çağırılmış təcili tibbi yardım həkimləri də müəssisəyə buraxılmır.Sanki bizi qəsdən müxtəlif xəstəliklərə yoluxdurub öldürmək istəyirlər...“Bizim internat evində baxımsızlıq baş alıb gedir. İmkanı olan bütün xəstələr bacardıqları qədər digərlərinə də qulluq göstərirlər. Amma belələri azdır. Bizim bütün qalan xəstələrə qulluq edə bilməyimiz fiziki cəhətdən mümkün deyil. Heç bir həftə olmaz, üçüncü mərtəbə yaşayan İlqar da baxımsızlıqdan rəhmətə getdi. Nisbətən gənc, gözəl bir insan idi. Ondan bir gün sonra Şərifə nənə gecə vaxtı huşunu itirdi. Heç bilmirdik, komadadır, yoxsa o da artıq dünyasını dəyişib. Səhərə qədər orqanizmin ifraz pisliyin içərisində qaldı. Müəssisənin işçilərindən heç kəs də əlini ağdan-qaraya vurmadı. Yalnız səhər əl-ayağa düşdülər. Qadını 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə apardılar. Başqa bir hadisə də Rəhimə xanımın bizim müəssisəyə yeni təyinat aldığı vaxtlarda baş vermişdi. Vüqar adlı bir sakinimiz var. Həmin vaxt yazıqda bir neçə günün içində qızılça və pnevmaniya əlamətləri özünü büruzə verməyə başladı. Möhkəm öskürməyə başladı, səpdi. Yenə də personaldan heç kəs ona yaxın durmadı. Təcili yardım çağırdıq, onları heç əraziyə buraxmadılar. Digər xəstələr, yoluxmaq təhlükəsinə baxmayaraq, Vüqara qulluq etdilər. Bir təhər böhrandan çıxdı. Amma zavallının bundan sonra ayaqları tutuldu. İndinin özündə də yataqdan qalxa bilmir. Bundan başqa, 4-cü mərtəbədə Arzu adlı bir qız yaşayır. Yazığı “təhkim” ediblər, birinci mərtəbənin ayaqyolunu təmizləyir. Heç bir əlcək, və ya digər qoruyucu vasitə də vermirlər. Barmağında kiçik bir yara olub, burdan da orqanizminə mikrob düşüb. İndi əlləri, ağzının içi və ətrafı, həmçinin bədəninin digər nahiyələri də yara içindədir. Nə müalicə edirlər, nə də dəri-zöhrəvi dispanserinə göndərmirlər. Artıq onunla təmasda olan daha bir neçə nəfərdə də oxşar simptomlar əmələ gəlməyə başlayıb...”Arzu Ağayevanın dediyinə görə, bu gün 1 saylı internat evində xəstələrə ayrılan dərman və ərzaqların mənimsənilməsi də adi hala çevrilib. Hətta buranın sakinləri müəssisədə yaranmış ümumi vəziyyət fonunda, ərzaqların mənimsənilməsini yol verilən qanun pozuntularından ən “yüngülü” kimi qiymətləndirirlər. Halbuki, xüsusi qida rasionu bu internat evindəki xəstə və əlil insanların müalicələrinin tərkib hissəsi kimi çıxış edir.



Axı mən şoru yeyib, kimya terapiyasına necə gedim..?



“Artıq qeyd etdiyim kimi, mən həm də onkoloji xəstəyəm. Kimya terapiyası kursları alıram. İndiyədək altı belə kurs almışam. Təbii ki, nəticə olaraq ürəyim də çox zəifləyib. Kardiologiya institutunun elmi işçisi olan Elman həkim mənə nəzarət edir. Onun yazdığı dərmanları mənə bilirsiz kim alır? Nəsimi rayonunda bir məscid var, “Məşədi Dadaş məscidi”. Bax həmin məscidin rəhbəri alır mənim də dərmanlarımı. Allah onlardan razı olsun! Burada isə, nəinki dərman, heç yeməyimizi də özümüzə vermirlər. Səhər yeməyimiz 2-3 qaşıq şordan ibarət olur, özü də acı. Halbuki, bizə hələ nazirlikdən yumurta, yağ, qatılaşdırılmış süd və digər ərzaqlar da ayırırlar. Bir dəfə səhər yeməyində Vüqar həkimə (əslində o, həkim deyil, tibbi personaldandır, amma internatda at oynadır) dedim ki, bu nədir axı bizə yedirirsiz? Mən özüm on günə kimya terapiyası almağa gedəcəyəm. Gərək canımda bir az qüvvə olsun. Həm də axı bizə bütün ərzaqlardan dövlət verir. Niyə bizi belə yaman günə qoyursuz? Cavab verdi ki, nə verirlər ye, ona da şükür elə. Vallah, biz hər zaman şükür edirik. Həm də ən çox ona şükür edirik ki, xəstə də olsaq, əlill də olsaq, ən vacib olanını, insanlığımızı itirməmişik...”Ərizəsinin sonunda Arzu Ağayeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova birbaşa müraciət edərək onu qəbul etməsini xahiş edir. Təbii ki, bu xahişin qəbul edilib-edilməyəcəyinə dair biz heç bir mülahizə yürüdə bimərik. Amma öz növbəmizdə çox ümid edirik ki, bu material ruhi-əsəb internat evində nələrin baş verdiyini doğru-dürüst müəyyənləşdirmək üçün dərhal müvafiq araşdırmaların başlanmasına səbəb olacaq. Çünki əks halda, əgər bizə təqdim olunan faktların hətta az bir hissəsi belə həqiqətən baş veribsə, Allah buna görə bizim hamımızı cəzalandıra bilər.



P.S. Arzu Ağayeva bütün bu məlumatları bizə təqdim etdiyinə görə internat evinin rəhbərliyi tərəfindən cəzalandırıla biləcəyindən qorxur. Məsələyə tam aydınlıq gətirilənə qədər, aidiyyatı olan bütün müvafiq qurumlardan, xüsusən də hörmətli nazir Səlim Müslümovdan bu məqamı diqqət mərkəzində saxlamağı xahiş edirik!
BOLGEXEBER.COM