BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

31-07-2015, 16:36
Oxunub: 4 063 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilibKorrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunmuşdur

İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2015-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş və vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil etmişdir.
2015-ci ilin birinci yarısının Azərbaycanın tarixinə möhtəşəm hadisənin - ilk Avropa Oyunlarının keçirildiyi vaxt kimi daxil olmasını vurğulayan Baş prokuror ölkəmizin belə genişmiqyaslı tədbirə ev sahibliyi etməsini, eyni zamanda idmançılarımızın qazandığı parlaq qələbələri müstəqil Azərbaycan Respublikasının son illərdə əldə etdiyi nailiyyətlərin, sosial-iqtisadi sahədəki müvəffəqiyyətlərin əyani sübutu kimi qiymətləndirərək birinci Avropa Oyunlarının Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən belə mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha təsdiqlədiyini, həmçinin Avropa Oyunlarının beynəlxalq standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fədakar əməyini xüsusi qeyd eymişdir.
Diqqətə çatdırılmışdır ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuş, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Digər hüquq mühafizə orqanları ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. 2015-ci ilin birinci yarımilində qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9% (2014-cü ilin müvafiq dövründə 88,4%) təşkil etmişdir.
Xüsusi vurğulanmışdır ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2015-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.
Bu sahədə prokurorluğa dövlət səviyyəsində göstərilən böyük inam və etimadın nəticəsidir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan tələblərdən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə Baş Prokurorluq üzrə müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni strukturu, idarə və şöbələrin əsasnamələri təsdiq edilmiş və əməkdaşlar yeni struktura uyğun vəzifələrə təyin edilmişlər.
Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt“ əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.
Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlarına müvafiq olaraq Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Baş Prokurorluq üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilməklə yoxlamaların keçirilməsi və 5 cinayət işinin başlanılması təmin olunmuşdur. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara tapşırıqlar verilmişdir.
Əməliyyat müşavirəsində hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirilməsi xüsusi vurğulanmışdır.
Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə ciddi qüsurlar kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilmişdir.
Hesabat dövründə də kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlərdə obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi və prinsipiallığın artırılması, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 100 ştat vahidi üzrə prokurorluqda işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 54 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirmişdir.
Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində “İmtahan” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Prokurorluğu əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır.
Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların təkmilləşdirilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
Hesabat dövründə yol-nəqliyyat hadisələrinin təhqiqatı və istintaqı zamanı, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verildi.
Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunmuşdur. Belə ki, 2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilmiş, 4 nəfər tutduqları vəzifələrdən azad olunmuşdur. Tələb edilmişdir ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğu xüsusi vurğulanmaqla, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Lənkəran, İsmayıllı, Beyləqan və Salyan rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Müşavirədə 2015-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə etmişdir. Müzakirələrdə çıxış edən Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov hesabat dövründə iş planının icra vəziyyəti, cari ilin ikinci yarımilinə dair iş planında nəzərdə tutulmuş tədbirlər və vətəndaşların yerlərdə qəbulu barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov 2015-ci ilin birinci yarımilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumatlar vermişlər.
Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Bolgexeber.com