BolgeXeber.Com » Xəbərlər » Eldar Əzizovun iclasında yatan məmurla bağlı maraqlı faktlar

Eldar Əzizovun iclasında yatan məmurla bağlı maraqlı faktlar

5-08-2015, 13:44
Oxunub: 4 957 Eldar Əzizovun iclasında yatan məmurla bağlı maraqlı faktlarTəmizlik Departamentinin direktoru Rahim Mustafayev Sumqayıtı zibillik poliqonuna çevirə bilər

ETSN tərəfindən cərimələnən məmur fəaliyyətində dönüş yaratmaq istəmir

Sumqayıt Şəhər İcra Hakimiyyətində cari ilin 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən hesabat yığıncağında Təmizlik Departamentinin direktoru Rahim Mustafayevin yuxuya getməsi haqda xəbər vermişdik. Sosial şəbəkələrdə və xəbər saytlarında yayılan şəkildən aydın görünür ki, departament rəhbəri icra başçısı Eldar Əzizovun hesabat məruzəsi ilə çıxış etdiyi vaxt şirin yuxuya gedib. Yəqin icra hakiminin danışdıqları onun üçün maraqlı olmayıb, ya da departament rəhbəri başqa səbəblərə görə yuxuya gedib. Səbəbini dəqiq bilməsək də, Rahim Mustafayevin hesabat yığıncağında yatması aydın görünür. Dünən adıçəkilən məmurla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Mətləbə keçməmişdən əvvəl isə qeyd etmək istəyirik ki, Sumqayıt Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin 500-ə yaxın işçisi var. Departamentdə 22 ixtisaslaşdırılmış rotopress tipli avtomaşın, habelə çoxprofilli assenizatorlar, "ECONIC" modelli mersedeslərdən istifadə olunur. Bundan başqa, dövlət büdcəsinin hesabına departamentə müxtəlif kommunal təyinatlı texnikalar alınıb. Sirr deyil ki, Sumqayıt sovet vaxtı çirkli şəhər kimi tanınıb. İttifaq dağıldıqdan sonra isə Sumqayıtdakı sənaye müəssisələrinin bir çoxu fəaliyyətini dayandırıb və şəhərdə ekoloji tədbirlər görülməyə başlanıb. Məhz həmin tədbirlərin nəticəsidir ki, son illər Sumqayıt təmiz şəhərə çevrilməkdədir. Buna baxmayaraq, neqativ hallar da mövcuddur. Belə ki, Sumqayıt Şəhər Təmizlik Departamentinin direktoru Rahim Mustafayevin özbaşına əməlləri şəhərin təmiz qalmasına imkan vermir.

Xatırladaq ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rahim Mustafayevi 4000 manat məbləğində cərimələyib. Məlumata görə, ETSN-ə Sumqayıt şəhərinin cənub-qərbində yerləşən ümumşəhər məişət tullantıları poliqonunda məişət tullantılarının yandırılması ilə bağlı daxil olmuş şikayət nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə baxış zamanı Sumqayıt şəhərində əmələ gələn məişət tullantılarının yığıldığı poliqonda 0,5 hektar sahədə tullantıların yanmasına və atmosfer havasının çirklənməsinə yol verildiyi aşkar edilib. Yol verilmiş inzibati xətaya görə poliqona cavabdeh olan Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev barəsində protokol tərtib olunub. O, İnzibati Xətalar Məcəlləsinin 76-1.0.5-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib. Poliqonda müvafiq tədbirlərin görülməsi, tullantıların yandırılması faktlarına yol verilməməsi üçün əraziyə cavabdeh olan R.Mustafayevə icrası məcburi olan müddətli məcburi göstəriş verilib. Ərazi nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən nəzarətə götürülüb. Əldə etdiyimiz məlumatlara görə, departament direktoru nazirliyin cəriməsindən sonra da qanunsuz əməllərindən əl çəkməyib: "Sumqayıtdakı zibillik poliqonunda məişət tullantılarının yandırılması prosesi yenə də davam edir. Sakinlər yandırılan zibilin tüstüsündən əsəb keçirirlər. Bu onların sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən, şəhərin ərazisində yerləşən zibil qutuları vaxtında yığışdırılmır. Yay aylarında zibilin günlərlə qalması kəskin qoxu ilə müşayiət olunur. Sumqayıtın əksər məhəllə və küçələrində acınacaqlı durum yaşanır. Təmizlik Departamentinin əməkdaşları zibil qutularını vaxtında boşaltmırlar. Bu səbəbdən ciddi problemlər meydana çıxır". Bizə verilən məlumatda həmçinin qeyd olunur ki, departamentin fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələrdən əldə etdiyi vəsaitlərin hara xərclənməsi dəqiq bilinmir: "Departamentin imzaladığı müqavilələr ildən-ilə artır. Bu müqavilələrə görə ödənilən vəsaitlərin necə və hara xərclənməsi heç kimə məlum deyil. Direktor vəsaitin çox cüzi hissəsini büdcəyə keçirir, yerdə qalanını isə şəxsi maraqlarına qurban verir. Departamentdə qanunsuz işlərin sayı-hesabı yoxdur. Rahim müəllim istismar müddətini başa vurmuş texnikaları işlək kimi göstərməklə ehtiyat hissələri adı altında dövlətdən vəsait alır. Departamentin balansındakı texnikalara verilən yanacaq və yağlar da alver predmetinə çevrilib. Bir sözlə, Sumqayıt Şəhər Təmizlik Departamentində özbaşınalıq hökm sürür. Rahim Mustafayevin qanunsuz əməllərinin qarşısı alınmasa, Sumqayıt zibillik poliqonuna çevrilə bilər". Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. İnanırıq ki, icra başçısı Eldar Əzizov onun keçirdiyi iclasda yatan məmurla bağlı tezliklə ciddi tədbirlər görəcək.


Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


(Ardı var)
gundelik-baku.com