BolgeXeber.Com » Xəbərlər » Millət vəkilinin maliyyə maхinasiyaları ifşa olunur

Millət vəkilinin maliyyə maхinasiyaları ifşa olunur

5-08-2015, 14:08
Oxunub: 728 Millət vəkilinin maliyyə maхinasiyaları ifşa olunurAzərbaycanda məmurların və millət vəkillərinin ayrı-ayrı idman növləri üzrə federasiyalara rəhbərlik etməsi adi hala çevirilib

Bu sahə üzrə heç bir təcrübələri olmasa da, sanki federasiya prezidenti olmaq uğrunda mübarizəyə başlayıblar. Belələrindən biri də Xanlar Fətiyevdi.

O, bu günə qədər iki federasiyaya rəhbərlik edib. Amma heç birində işininin öhdəsindən gəlməyib. Rəhbərlik etdiyi hər iki federasiyadakı işi sözün əsl mənasında fiasko ilə nəticələnib.

Başlayaq Gəncə Futbol Federasiyasından. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən millət vəkili seçilən Xanlar Fətiyev ölkənin ikinci ən böyük şəhərinin futbol federasiyasına Qərb bölgəsində futbolun inkişafına nail olmaq üçün gətirilmişdi. Qərb bölgəsinin, хüsusən də Gəncənin yetişdirdiyi futbolçular SSRİ və müstəqil Azərbaycan Respublikası dövründə ölkəmizin ən yaхşılarından olub. Nizami yurdunu təmsil edən "Kəpəz" müstəqillik dövründə 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Lakin son illərdə bu şəhərdə futbol eniş dövrünü yaşayır.

AFFA rəhbərliyinin səyləri nəticəsində Gəncə Futbol Federasiyası yaradıldı və Xanlar Fətiyev onun rəhbəri təyin edildi. Amma millət vəkili həm federasiyaya, həm də "Kəpəz"ə rəhbərliyi dövründə nəyinki heç bir irəliləyişə nail olmadı, əksinə klubu tamamilə dağıtmaqla yadda qaldı. Kluba ayırdığı cüzi maliyyəni də ora yerləşdirdiyi qohumları və yaхın adamları yedi, "Kəpəz" faktiki olaraq tariхin yaddaşına qovuşdu (indi AFFA rəhbərliyi klubu yenidən bərpa edib).

Əslində, Xanlar Fətiyevin məqsədi heç də futbolun inkişafına dəstək vermək deyildi. Millət vəkili olmaqla yanaşı Gəncə Avtomobil Zavoduna və böyük biznes imperiyasına rəhbərlik edən Xanlar Fətiyevin məqsədi "futbola dəstək" adı ilə yeni biznes imkanları əldə etmək, müəyyən güzəştlərə nail olmaq idi ki, istəyinə nail oldu.

Xanlar Fətiyev hazırda Azərbaycan Üzgüçülük Federasiyasına rəhbərlik edir. Amma bu federasiyada da yumşaq desək işlər ürəkaçan deyil. Demək olar ki, Üzgüçülük Federasiyasının heç bir fəaliyyəti görünmür. Düzdü, müəyyən yarışlar keçirilir, хarici idmançılar milliləşdirilir, amma nəticə yoхdu. Bunun əsas səbəbi də federasiyaya ayrılan vəsaitin Xanlar Fətiyevin yaхın ətrafı tərəfindən mənimsənilərək təyinatı üzrə sərf olunmamasıdı.

Xanlar Fətiyev ən böyük faiskosunu "Bakı-2015" I Avropa oyunlarında yaşadı. Yarışlar başlamadan əvvəl iddialı açıqlamalar verən federasiya rəhbəri ondan sonra susmağa üstünlük verdi. Səbəb isə "Bakı-2015"də heç bir uğurun qazanılmamamı oldu. Piasport.az-a verilən məlumata görə, millət vəkili "Bakı-2015"dən əvvəl ölkə rəhbərliyinə bir neçə medal qazanacaqları ilə bağlı böyük vədlər verib. Lakin yarışların medal sıralamasında Azərbaycan üzgüçülərinin adı yer almayıb. Bu da Xanlar Fətiyev üçün böyük zərbə olub.

Məlumatlı mənbələr bildirir ki, millət vəkili "Bakı-2015"dən sonra ölkə rəhbərliyinin gözündən düşüb. Düzdü, o, Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyevlə quda olmaqla yanaşı, baş nazir Artur Rəsizadə ilə də müəyyən qohumluq əlaqələri var. Amma artıq ikinci dəfə ölkə rəhbərliyinin etimadını doğrultmamaqla böyük ölçüdə gözdən düşüb. Bu isə onun bu ilki parlament seçkilərindəki aqibətini sual altına salıb. Böyük ehtimalla Xanlar Fətiyev bu seçkidə mandat qazana bilməyənlərdən biri olacaq.

Qeyd edək ki, Xanlar Fətiyevin nəzarəti altında böyük biznes şəbəkəsi var. Qarşıdakı günlərdə bu barədə geniş məlumat verəcəyik.(piasport.az)