BolgeXeber.Com » Xəbərlər » Səlim Müslümova bir vacib sual - Sektor müdirinin kimlərlə əlaqəsi var?

Səlim Müslümova bir vacib sual - Sektor müdirinin kimlərlə əlaqəsi var?

6-08-2015, 18:12
Oxunub: 3 242 Səlim Müslümova bir vacib sual - Sektor müdirinin kimlərlə əlaqəsi var?"Məmur özünü elə aparır ki, sanki sektor müdiri yox, xidmətin rəisidir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti əhalinin aztəminatlı təbəqələrinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bildirək ki, xidmət əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, əhalinin sosial müdafiəsi siyasətinin həyata keçirilməsini təmin edir, öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasını, insan alveri qurbanlarının və penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyasını həyata keçirir. Qurum özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilib ödənilməsini təmin etməklə, tək ahıllara, əlillərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə sosial-məişət xidməti göstərən müəssisə və xidmətlərin fəaliyyətini təşkil edir, bu müəssisə və xidmətlər şəbəkəsinin inkişafını təmin edir. Hamıya məlumdur ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunandan sonra bu sahədə yeni mərhələ başlandı. İnsaf naminə qeyd etmək lazımdır ki, məhz Səlim Müslümovun həyata keçirdiyi islahatlar nəticəsində sözügedən sahədə neçə illərdir oturuşmuş korrupsiya şəbəkəsi dağıdıldı və şəffaflıq təmin edildi. Bu tədbirlərin tərkib hissəsi olaraq yeni nazir işinə məsuliyyətlə yanaşmayan şəxslərin bir çoxunu tutduğu vəzifədən uzaqlaşdırdı. Demək olar ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı olan köhnə problemlərin böyük hissəsi aradan qaldırılıb. Lakin dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, ƏƏSMN-ə tabe olan bəzi qurumlarda, o cümlədən Dövlət Sosial Təminat Xidmətində də ciddi problemlər mövcuddur. Daha doğrusu, xidmətdə məsul vəzifə tutan bəzi şəxslər xoşagəlməz əməllər törətməklə Səlim Müslümovun zəhmətini belə demək mümkünsə yerə vururlar. Həmin şəxslərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevdir. Sektor müdirinin əhalinin aztəminatlı təbəqəsinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini lazımi şəkildə həyata keçirməməsi haqda əvvəlki saylarımızda məlumat vermişdik. Bir daha vurğulayaq ki, ünvanlı sosial yardım almaq istəyən vətəndaşları əksər hallarda sektor müdiri özü qəbul edir: "O heç nədən çəkinmədən vətəndaşlara yardım almağın başqa üsulların müqabilində mümkün olduğunu deyir. Aztəminatlı ailələr isə onun təklifi ilə razılaşmır. Sektor rəhbəri indiyə qədər neçə-neçə ünvanlı sosial yardım almaq hüququ olan vətəndaşları əliboş yola salıb". Redaksiyamıza daxil olan ən son məlumatlara görə, Salam Rzayev Dövlət Sosial Təminat Xidmətində özünü ixtiyar sahibi hesab edir: "Məmur özünü elə aparır ki, sanki sektor müdiri yox, xidmətin rəisidir. Ölkə ərazisində hansı ailələrin sosial yardım alacağına sektor müdiri müstəqil qərar verir.

Yerli əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbər şəxsləri sektor müdiri ilə daim əlaqədədirlər. Belə ki, mərkəzlərin rəsmiləri "şirinlik" qarşılığında ünvanlı yardım almaq istəyən vətəndaşların siyahısını hazırlayıb Salam müəllimə təqdim edirlər. Əgər həmin vətəndaşların sənədlərinin arasındakı kağızların rəngi sektor rəhbərini qane edirsə, o zaman ünvanlı sosial yardım almalarına icazə verilir. Sektor müdiri maddi durumu normal olan şəxslərin ünvanlı sosial yardım almasına şərait yaradıb. Kasıb ailələrin əksəriyyəti isə bu yardımdan məhrumdurlar. Nazir Səlim Müslümov bu sahədə rüşvətxorluğun kökünün kəsilməsi üçün çalışır, amma sosial yardımların təşkili sektorunun müdiri özünə necə sərfəlidirsə elə də hərəkət edir. Onun fəaliyyəti araşdırılsa, çox dəhşətli faktları üzə çıxarmaq olar". Bu arada, Salam Rzayevlə bağlı əlimizə maraqlı fotolar keçib. Həmin fotonu sizə də göstərmək istəyirik. Cənab nazirə isə bir vacib sualımız var. Hörmətli Səlim müəllim, şəkildə sol tərəfdə dayanan Salam Rzayevdir, bəs sağ tərəfdə dayanan şəxs kimdir? Biz sizdən xahiş edirik ki, Salam Rzayevi yanınıza çağırıb bu şəkli ona göstərib və yanındakı adamın kimliyini soruşasınız. İnanırıq ki, xahişimizi tezliklə yerinə yetirəcək və qaranlıq qalan məsələyə aydınlıq gətirəcəksiniz.gundelik-baku.com