BolgeXeber.Com » Xəbərlər » Qubalılar icra başçısına etiraz etdi (VİDEO)

Qubalılar icra başçısına etiraz etdi (VİDEO)

13-08-2015, 11:14
Oxunub: 3 927 Qubalılar icra başçısına etiraz etdi (VİDEO)Qubanın Zərdabi kəndinin sakinləri susuzluqdan əziyyət çəkir

ANS TV-nin məlumatına görə, Qubanın vaxtilə iri meyvəçilik sovxozu olan Zərdabi qəsəbəsində indi susuzluqdan əziyyət çəkir. Yayın bu istisində su sarıdan qıtlıq sakinlərin güzəranını olduqca çətinləşdirib.

Üç aydır içməli və suvarma suyundan korluq çəkdiklərini deyən Sona Allahverdiyeva ürək ağrısı ilə həyətindəki qurumuş agacları şahid gətirir:

“Mən su istəyirəm, su. Hər şeyi təmin edən isə hava və sudur. Həyatda insana bunlar lazımdı. Əgər hava və su varsa, insan yaşayır. Yoxdursa, insan ölür, mən indi ölürəm”.

Sakinlər artıq üç aydır rayonun əlaqədar qurumlarının onların probleminə laqeyd yanaşdıqlarını bildirdi. Çıxış yolu kimi qəsəbəyə su maşınları gəndərilməsi isə narazı sakinləri heç də qane etmir.

“Ümumilikdə 300 ailənin yaşadığı qəsəbəyə, maşınla su göndərilməsi sadəcə olaraq insanları ələ salmaqdı. Bu bizə lazım deyil, bu çıxış yolu deyil. Çıxış yolu artezian vurulmalıdı, camaatın qeydinə qalınmalıdır”, – deyə kənd sakini Gülməmməd Bayramov bildirib.

Bu yaxınlarda 140 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan qəsəbənin su sarıdan vəziyyəti yəqin elə mərhum jurnalistin də ruhunu incidir.

Quba icra başçısının Zərdabi inzibati ərazi vahidliyinin nümayəndəsi Fazil Seydiyev isə 4200 nəfər sakini olan qəsəbini içməli su ilə təmin edən 4 quyudan 3-nün quruduğunu bildirdi. Onun sözlərinə görə, artıq yeni bir quyu qazılıb. Daha iki quyu qazılması üçün isə, rayon rəhbərliyi işə başlayıb:

“İcra başçısı tərəfindən quyunun vurulması məsələsi “Azərsu” qarşısında qaldırılıb. Yaxın zamanlarda problem həll olunacaq. Dəqiqi vaxtı isə yalnız “Azərsu”yun rəhbərliyi deyə bilər”.

Amma icra nümayəndəsinin vədləri sakinlərin sakitləşdirmədi.

Quba icra başçısının birinci müavini Yusif Abidov da Zərdabi kəndinin içməli su probleminin tez bir zamanda həll ediləcəyinə söz verdi.

Təbii ki, “Azərsu” da bu işdə üzərinə düşən vəzifəni vaxtlı-vaxtında yerinə yetirsə.