BolgeXeber.Com » Xəbərlər » “Sədərək” sentyabrın 15-dən sonra tam bağlana bilər

“Sədərək” sentyabrın 15-dən sonra tam bağlana bilər

3-09-2015, 10:27
Oxunub: 3 329 “Sədərək” sentyabrın 15-dən sonra tam bağlana bilərSatıcı deyir ki, ayın 15-ə qədər belə davam eləsə, sentyabrdan sonra burada adam qalmayacaq, hamı mağazanı bağlamalı olacaq

Şəhərin mərkzədinə - Zərifə Əliyeva, Rəsul Rza, Səməd Vurğun və Üzeyir Hacıbəyli küçələrində, eləcə də bir neçə ticarət mərkəzində brend geyim mağazalarının bağlandığı barədə məlumat vermişdik

Manatın devalvasiyası, son günlər baş verən qiymət artımının alıcılıq qabiliyyətinə təsiri, onu aşağı salması bəzi mağazaların fəaliyyətini dayandırmasına, bəzilərinin isə məkanı dəyişərək daha ucuz yerdə yenidən açılmasına səbəb olub.

Bəs əhalinin həmişə daha çox üz tutduğu, şəhərdən kənarda yerləşən ticarət mərkəzlərində, məsələn, elə “Sədərək”də vəziyyət necədir? Ölkədəki iqtisadi vəziyyət burada özünü necə büruzə verib?

Virtualaz.org saytının reportyorları bu suallara elə “Sədərək”də cavab tapmağa çalışıb.

Ticarət mərkəzinin geyimlər satılan hissəsində ilk rastlaşdığımız vəziyyət heç də acınacaqlı deyildi. 1-ci və 2-ci sıra adlanan hissələrdə kifayət qədər alıcı var idi. Amma bu hissələrdə əsasən məktəb ləvazimatları, məktəbli geyimləri satılırdı.

Buna baxmayaraq həmin ərazidə söhbətləşdiyimiz satıcılar dedi ki, əvvəlki vaxtlarla müqayisədə alıcılıq qabiliyyəti xeyli azalıb.

Mağazalara göz gəzdirə-gəzdirə sıraların arası ilə irəliləyirik. Artıq 4-cü və 5-ci sıraya çatanda müştərilərin azaldığı, hətta bəzi mağazaların bağlı olduğu gözə dəyir.

Satıcılardan biri deyir ki, çox adam yer pulunu ödəyə bilmədiyinə görə dükanı bağlayıb: “Şikayət də edə bilmirik heç yerə, çünki sonra bizi incidirlər. Nə də aylıq yer pulunu azaltmırlar ki, bizim işimiz asanlaşsın. Burada elə adam var ki, 3-4 aydır yer pulunu ödəyə bilmir. Məsələn, mənim mağazam 40 kvadratmetrdir, hər kvadratmetri üçün 15 manat istəyirlər, bu da ayda 600 manat edir. Amma biz heç o pulu qazana bilmirik. Neçə dəfə demişik ki, qiyməti 10 manata salsınlar. Biz malları Türkiyədən gətiririk. Topdansatış qiyməti 3 manat 20 qəpik olan malı məcburən 4 manata satırıq. 5 manata satanda artıq müştəri almır ki, şəhərdə də eyni qiymətdir, sizdə də. Amma əvvəllər topdansatış qiyməti 1 manat 80 qəpik idi, onda bizə 1 manat 20 qəpik qazanc qalırdı”.

Satıcı deyir ki, ayın 15-ə qədər belə davam eləsə, sentyabrdan sonra burada adam qalmayacaq, hamı mağazanı bağlamalı olacaq: “Çindən mal gətirənlərin vəziyyəti daha pisdir, çünki onlar malı dollarla alır”.

Qeyd etdiyimiz kimi, cərgələri geridə qoyduqca bağlanmış mağazalar daha çox gözə dəyir. Ətrafda nə müştəri var, nə də alver. Bir neçə mağazanın sahibi, satıcısı toplaşıb dayanıblar.

Yaxınlaşıb bazardakı vəziyyətlə maraqlanırıq, loru dildə desək, hamısı daş atıb başını tutur. Bağlanmış mağazaları göstərib deyirlər: “Görürsünüz də vəziyyəti, yer pulunu ödəyə bilmədiyinə görə mağazaları bir-bir bağlayıb gedirlər. Fevraldan bəri vəziyyət belədir. İndi məktəb alış-verişi vaxtıdır deyə vəziyyət bir az yaxşıdır. Sentyabrın 15-dən sonra burada ümumiyyətlə adam qalmayacaq. Bazar tam bağlanacaq. Kiçik mağazaların yerpulu daha çoxdur. Burada lap balacası var, kvadratmetri 50 manatdır. Bazarda vəziyyət əslində gördüyünüzdən də pisdir. Bu ağır vəziyyəti hazırda gizlətməyə, ört-basdır etməyə çalışırlar. Amma nə vaxtsa bu, özünü pis formada büruzə verəcək. Burada kimsə borca görə bir-birini bıçaqlayanda hamı başa düşəcək ki, vəziyyətin ağırlığını daim ört-basdır etmək mümkün deyil”.

Satıcıların hamısı bir ağızdan deyir ki, heç vaxt belə problemlərə görə açıq-aydın şikayət edə, narazılıq bildirə bilmirlər: “Çünki bazar rəhbərliyi daha sonra belə addımlara görə bizi narahat edir, işləməyə mane olur. Rəhbərliyin heç həndəvərinə yaxınlaşa bilmirik ki, xahiş edək yer pulunu azaltsın. Kiməsə şikayət edəndə də rəhbərlikdən pul alıb dediyimiz hər şeyi tərsinə çatdırırlar. Əslində indi bu saatlarda bura alıcı ilə dolu olmalı idi, amma gördüyünüz kimi, heç kim yoxdur. Alış-veriş yaxşı olan yerlərdə isə məktəbli bazarı mövsümü olduğuna görə satış var. Dərslər başlayan kimi o da öləcək”.

Çindən mal gətirən başqa bir satıcı isə deyir ki, dollar bahalaşandan malı ucuz alırlar, ucuzlaşanda isə bu, onlara sərf etmir: “Dollar bahalaşanda malı ucuz alırıq, burada da ucuz satılır. Əks halda malı baha satmalı oluruq. Bu dəqiqə 100 min manatlıq da mal alıb bazara paylamaq olar, amma sonra o pulu geri yığmaq mümkün olmayacaq. Mal verdiyim adamlardan birinə deyirəm ki, sənə 1000 manatlıq mal vermişəm, niyə mənə cəmi 100 manat qaytarırsan. Deyir, qazandığım ilk 100 manatı banka vermişəm, ikincini yer puluna, üçüncüyə evimə çörəkpulu aparmalıyam, cəmi 100 manat qalıb, o da budur, sənin olsun. Banklar bazara ancaq dollarla kredit verdi, o da satıcılara ciddi ziyan vurdu. Ümidimizi Allaha qalıb, bəndəyə ümid yoxdur”.

Məktəb malları satanların alıcılarının çox olduğunu desələr də məktəb üçün köynək və digər geyimlər satan satıcılardan biri deyir ki, vəziyyət çox pisdir və o, artıq 4-5 aydır yer pulu ödəmir, daha doğrusu, ödəyə bilmir: “İndi məktəbə görə bir az alver var. Ondan da nə qazanırıqsa, yer puluna görə gəlib əlimizdən alırlar. Mənim qonşuluğumdakı dükanda gün ərzində heç 4-5 manatlıq alver olmur. Bu qazancla yer pulunu necə çıxarmaq olar? İndi də hamı məktəbə ən zəruri şeyləri - bir-iki paltar, corab alır, vəssalam. Ayın 15-dən sonra heç gündəlik siftə edən də olmayacaq. Elə mağaza var ki, oradan 1000 manatdan çox yer pulu alırlar, amma onun cəmi 500 manatı rəsmiləşir, dövlətə keçir, qalan pulu öz aralarında bölürlər”.

Ticarət mərkəzini gəzərkən bir detal da diqqətimizi çəkdi. Satıcıların rəhbərliyin ofisinin yerləşdiyi ərazi kimi nişan verdiyi yer yaxşı təmir olunmuş, kondisionerli və daha bahalı malların, məsələn, şubaların satıldığı, işıqlı, təmiz bir məkandır.

Bir neçə mağazanı geridə qoyub irəlilədikdən sonra isə mənzərə tamamilə və qəfildən dəyişdi. Bircə addım o tərəfdə çala-çuxur asfalt, natəmizlik, bürkülü, xəfə hava hakim idi. Burası “bazarın rəiyyəti”nin yer idi...
“Sədərək” sentyabrın 15-dən sonra tam bağlana bilər
“Sədərək” sentyabrın 15-dən sonra tam bağlana bilər