BolgeXeber.Com » Xəbərlər » Sabiq bank işçisi prezidentdən kömək istəyir

Sabiq bank işçisi prezidentdən kömək istəyir

3-09-2015, 10:40
Oxunub: 2 830 Sabiq bank işçisi prezidentdən kömək istəyirSahib Ağayev: “Sizdən çox xahiş edirəm, mənə köməklik göstərin, borcumu ödəyim, məhkəmədə qanuni haqqımı alım”

“Unibank” KB ASC-nin Nərimanov filialında çalışmış və həbs olunmuş Sahib Ağayevə Bakı Apelyasiya Məhkəməsində bəraət verilməsi və hazırda həmin bəraət qərarının ləğvinə hesablanan addımlar atılması haqda məlumat vermişdik. S.Ağayev prezidentə müraciət ünvanlayaraq ona qarşı haqsızlıqların aradan qaldırılmasını istəyib.

S.Ağayev həyatını alt-üst olduğunu yazır: “Möhtərəm prezident! 14 avqust 2015-ci ildə işim üzrə Bakı Apelyasiya Məhkəməsində yeni məhkəmə baxışı təyin edildi. Hakim Qədim Babayevdir. Mənə bu iş üzrə bəraət verilib. Lakin mənə qarşı yenidən araşdırmalara başlanıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən əvvəlki məhkəmə prosesində bu işlə bağlı bütün hadisələr tam olaraq araşdırılıb və mənim dələduz olmadığım barədə yekun qərar verilib. Bəraət hökmü almışam. Buna baxmayaraq, indiki məhkəmə iclasında tam əksi, yəni mənim əməllərimi qanunsuz olaraq dələduzluq əməlinə uyğunlaşdırılmasına cəhd göstərirlər. Mənim mülki qaydada bəzi şəxslərə borcum qalıb. Ailəmin 3 ildən çoxdur ki, çox ağır vəziyyətdə yaşamasına və 11 ay həbsdə olmağıma baxmayaraq, mənim maddi vəziyyətimin ağır olduğunu bilərəkdən, borclu olduğum məbləğin tam ödənilməsini tələb edirlər. Bunun qeyri-mümkün olduğunu bilə-bilə... Halbuki sizin sayənizdə günü-gündən inkişafda Azərbaycan Respublikasının heç bir qanununda müflis olmuş, maddi vəziyyəti ağırlaşmış borclu şəxsin məcburən borcunu tam ödəməsinə məcbur edilməsi barədə heç bir qərar yoxdur...

Əvvəlki müraciətimdə bildirdiyim kimi, ailəmiz çox ağır vəziyyətdədir, borc içində, kirayədə yaşayırıq. Ailəmizdə atamdan başqa çalışan yoxdur. Onun da gündəlik əmək haqqı 10 manatdır. Artıq 3 ilə yaxındır ki, məhkəmələrdə sürünürəm, mənim rahat nəfəs alaraq işləməyimə heç bir şərait yoxdur. Məhkəmələrin tələbi odur ki, borcumu tam ödəyim, baxmayaraq ki, borcumu ödəmək üçün dəyərli heç nəyim yoxdur. Məhkəmələr, dövlət ittihamçıları tərəfindən qanunsuz olaraq bu şərt irəli sürülür. Eyni zamanda, Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Borcumu tam ödəməyim üçün mən ya oğurluq, ya quldurluq etməliyəm. Yəni dələduz olmadığımı sübut etməyim üçün oğru və ya quldur adını almalıyam. Bunları etməyi bacarmıram və etmək niyyətim də yoxdur".

S.Ağayev prezidentə müraciətində yazır: “Mən artıq dəli olmaq, intihar ərəfəsindəyəm, hər günüm depressiya və stress içində keçir. Çünki təkəm, heç kimim yoxdur. Ümidimi ancaq göydə Allaha və yer üzündə isə Sizə bəsləmişəm. Sizdən çox xahiş edirəm, mənə köməklik göstərilsin, borc və ya kredit verilsin ki, dələduz adını üzərimdən götürərək, məhkəmədə qanuni haqqımı alım və 4 ilə yaxın əzab-əziyyətlərdən sonra rahat nəfəs alaraq, işə düzəlib borcumu ödəyim. Sizdən çox xahiş edirəm, harayıma gəlin, mənim yaşamaq həvəsim və gücüm ancaq Sizə olan inamımda və Sizdən gələcək köməkdədir”.musavat.com