BolgeXeber.Com » Xəbərlər » Məşhur müğənnilər dövləti aldadır – Vergi fırıldağı

Məşhur müğənnilər dövləti aldadır – Vergi fırıldağı

8-09-2015, 13:44
Oxunub: 3 257 Məşhur müğənnilər dövləti aldadır – Vergi fırıldağıDünyanın bir çox ölkələrində, eləcə də Türkiyədə hər il elan olunan vergi rekordçuları siyahısında məşhur sənət adamlarının adları xüsusi yer tutur


Bu ölkədə rekord məbləğdə vergi ödəyən məşhurların ilk beşliyində maraqlı televiziya layihələri ilə tanınan Acun Ilıcalı, şoumen Cem Yılmaz və müğənni Seda Sayanın adı var.
Bəs Azərbaycanda vəziyyət necədir?
Şou biznesin üzdə olan nümayəndələri nə qədər vergi ödəyirlər? Onların özlərinin açıq şəkildə mətbuatda elan etdikləri yüksək gəlirlərlə ödədikləri vergilər arasında uyğunluq varmı?
Müğənnilərin gəlirləri 120 min manatı ötdükdə ƏDV və gəlir vergisinin ödəyicisi olmalıdırlar.
Qanuna görə, müğənnilik fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladıqları günədək yaşadıqları yer üzrə vergi orqanında vergi ödəyicisi kimi uçota durmalıdırlar.
Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, həmin şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manat və ondan az olduqda onlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Müğənnilik fəaliyyəti ilə bağlı əldə olunan gəlirlərdən Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödənilir. Bu fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, gəlir vergisinin ödəyicisi olurlar və bu fəaliyyətdən əldə etdikləri gəlirlərindən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxıldıqdan sonra qalan məbləğ 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir.
Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, qeyd olunan fəaliyyətlə məşğul olan şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 120.000 manat və ondan artıq olduğu halda, onlar əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınaraq hər ay üzrə göstərdikləri xidmətlərin dəyərindən 18 faiz dərəcə ilə ƏDV hesablamaqla yanaşı, müğənnilik fəaliyyətindən əldə etdikləri gəlirlərindən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxdıqdan sonra qalan məbləğdən 20% dərəcə ilə gəlir vergisi hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Əsas problem gəlirlərin rəsmiləşdirilməməsidir.
Vergilər Nazirliyi istər müğənnilər, istərsə də şou biznes ilə məşğul olan digər sənət adamları ilə bağlı müntəzəm maarifləndirmə və nəzarət tədbirləri həyata keçirir, vergidən yayınanlara mütəmadi olaraq xəbərdarlıqlar göndərir.
Nazirliyin bu günlərdə yaydığı bəyanatda bir daha vurğulanıb ki, görülən tədbirlərə baxmayaraq, onların bir qismi dövlət büdcəsinə ödəməli olduqlarından xeyli az vergi ödəyirlər.
Şou biznes nümayəndələri vergidən yayınmanın müxtəlif üsullarından istifadə edirlər. Ən əsas problem isə gəlirlərin rəsmiləşdirilməməsidir. Bu təbəqədən olan vergi ödəyiciləri əldə etdikləri gəlirləri qazanc əldə etdikləri obyektlərin «Qeydiyyat kitabı»nda düzgün əks etdirmirlər.
Hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasında uyğunsuzluqlar yaranır.
Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirlərin onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə kifayət qədər məlumatlar var.
Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda «Qeydiyyat kitabı»nın aparılmasına lazımi diqqət yetirilmir, burada çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi əks olunur.
Qeyd edək ki, bir neçə gün öncə, Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişi müğənnilər arasında sorğu apararaq onların toy qiymətlərini öyrənib.
Müğənnilərin toy qiymətini təqdim edirik: Müğənni Sevda Yahyayeva – Mən toy qiymətimi standart edə bilərəm. Amma elə insan var ki, gücü çatmır, az pul verir. Mən də müraciət edənin büdcəsinə uyğun qiymət deyirəm.
Müğənni Kərim Abbasov – Qiymət təxminən 4-5 min manat arası olur.
Müğənni Səidə Sultan – ayda 4-5 toya gedirəm. Ümumi gəlirim isə 7 minə yaxın olur.
Xalq artisti Faiq Ağayev – 12 min manat
Əməkdar artist Baloğlan Əşrəfov – 4 min manat
Əməkdar artist Aygün Bəylər - 6 min manat
Əməkdar artist Könül Xasıyeva – 3 min manat
Müğənni Elçin Hüseynov – 4 min manat
Müğənni Elton Hüseynəliyev – 10 min manat
Müğənni Xatirə İslam – 6 min manat

Müğənni Zamiq Hüseynov – 8 min manat