BolgeXeber.Com » Xəbərlər » Kürdəmirdə 14 yaşlı uşağı öldürən şəxs yaxalandı

Kürdəmirdə 14 yaşlı uşağı öldürən şəxs yaxalandı

10-09-2015, 19:01
Oxunub: 720 Kürdəmirdə 14 yaşlı uşağı öldürən şəxs yaxalandıİ. Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq öldürüldüyü müəyyən edilib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Bolgexeber.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, prokurorluq və polis orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində son günlər Bakıda (Xəzər rayonu) və Kürdəmir rayonunda törədilmiş ağır cinayətlərin üstü açılıb.

Məlum olduğu kimi, avqustun 26-da Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İntensiv istintaq-əməliyyat tədbirləri ilə cinayətin Muxtar Qədirov və Rüfət İskəndərov tərəfindən törədildiyi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən yaxalanıb. İstintaq zamanı onlar Əzizə Həsənovanın evinə quldurluq məqsədilə daxil olaraq qadını qətlə yetirdiklərini, sonra mənzildən 260 manat pul və 525 manat dəyərində qızıl-zinət əşyalarını götürdüklərini etiraf ediblər.

Bundan başqa, sentyabrın 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan Emin Eminova məxsus bağ sahəsində kənd sakini, 14 yaşlı İzzət Babayevin meyiti tapılıb. İsti izlərlə İ. Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq öldürüldüyü müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.