BolgeXeber.Com » Xəbərlər » “Sovetski” sakinləri heç sovet vaxtı da belə dərd görməmişdi

“Sovetski” sakinləri heç sovet vaxtı da belə dərd görməmişdi

14-09-2015, 13:05
Oxunub: 3 286 “Sovetski” sakinləri heç sovet vaxtı da belə dərd görməmişdiYasamal rayonunun bir qrup sakini “Azərişıq” ASC-nin onlara qanunsuz akt əsasında borc hesablamasından narazıdır

Daha çox “Sovetski” kimi tanınan məhəllənin sakini Abdulla Abdullayev bununla bağlı məhkəməyə də müraciət edib. Belə ki, “Azərişıq” ASC-nin tabeliyində olan Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) abonentləri olan Abdulla Abdullayev, Kimya Abdullayeva və Samirə Abdullayevaya illər ərzində heç bir xəbərdarlıq edilmədən müvafiq olaraq 210,42 manat, 17,77 manat və 119,04 manat borc yazılıb.
A.Abdullayev məhkəmədən öncə Yasamal RETSİ-nə müraciət edib. Lakin müraciətləri nəticəsiz qalıb.
Məhkəmədə qarşı tərəf, yəni “Azərişıq”ASC-nin nümayəndəsi həmin borcların “Barmek” dövründən qalan dondurulmuş borclar olduğunu iddia etsə də cavabdeh tərəf bu borcların haradan yaranmasına dair sənəd göstərə bilmədiyindən məhkəmə yuxarıda qeyd olunan borcların silinməsinə qərar verib.
“Sovetski” sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, bənzər halla üzləşən abonentlərin sayı kifayət qədərdir.
Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, onlar üçün məhkəmənin qərarı məqbuldur: “Əgər məhkəmə təsdiqləyibsə, abonent narazı deyilsə, onda bizim hüquq şöbəsinə, ya da abonent şöbəsinə müraciət etsin və borc silinsin”.
Bənzər situasiyada olan sakinlərə gəlincə isə T.Mustafayev bildirdi ki, həmin sakinlər nəzarət şöbəsinə, Satış Departamentinə, rəhbərliyə müraciət edə bilərlər: “Əgər əməkdaşımız hansısa abonenti incidibsə, kiminsə narazılığı varsa, problem aradan qaldırılar həmin əməkdaş da cəzalandırılar. Əməkdaşın, yaxud da məsul şəxsin özbaşına sayğac göstəricisindən əlavə borc yazmaq ixtiyarı yoxdur. Əgər bunun əksi olubsa, hansısa abonentə qanunsuz borc yazılıbsa, xahiş edirəm, müraciət etsinlər”.