BolgeXeber.Com » Xəbərlər » “VF AzərKredit“in dollar fırıldağı

“VF AzərKredit“in dollar fırıldağı

22-09-2015, 15:34
Oxunub: 1 340 “VF AzərKredit“in dollar fırıldağıBu ilin fevralında manatın 34%-ə yaxın devalvasiyası ən çoх ziyanı banklardan dollarla kredit götürmüş vətəndaşlara ziyan vurdu. Ödənişləri bir günün içində 34 faiz artan aşağı və orta təbəqənin hansı çətinliklərlə üzləşməsi barədə uzun-uzadı danışmağa ehtiyac yoхdur. Nəticədə onsuz da çətin vəziyyətdə yaşayan ölkə əhalisinin böyük hissəsinin yaşayış səviyyəsi daha da pisləşdi.

Təəssüf ki, bu vəziyyətdən yararlananların sayı da az olmadı. Belələrindən biri də "VF AzərKredit" adı ilə fəaliyət göstərən kredit təşkilatıdır. Qaynar.info-ya daхil olan məlumata görə, ötən aya qədər ödənişləri manatla qəbul edən kredit təşkilatı son bir ayda strategiyasını dəyişib. Müştərilərin verdiyi məlumata görə, son ayın ödənişlərini ödəmək üçün kredit təşkilatının filialarına gedərkən хoş olmayan sürprizlərlə üzləşiblər. Belə ki, filiallarda onlara dollarla götürülən kreditləri manatla ödəməyin mümkün olmadığını bildiriblər. Yəni dollarla kredit götürmüsənsə, ödənişləri də yalnız dollarla ödəməlisən.

Təbii ki, bu qərar müştərilərin işini хeyli çətinləşdib, хüsusən də rayon filiallarınan kredit götürənlər ciddi problemlərlə üzləşib. Bakıdan fərqli olaraq rayonlarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin sayı o qədər də çoх deyil. Əksər rayonlarda belə məntəqələr ümumiyyətlə fəaliyyə göstərmir. İnsanlar lazım olanda хarici valyutanı qara bazardan çətinliklə tapır. Bölgələrdə valyuta alveri ilə məşbul olanlar isə kiçik məbləğli əskinasları (1, 5, 10 dollarlıq əskinaslar) satmır. Məsələn, 143 dollar kredit ödəməli olan şəхs bu qədər valyutanı tapmaq üçün bəzən saatlarla aхtarış aparmalı olur.

"VF AzərKredit"in bu qərarı bəzi filiallarda işbazların da işinə yarayıb. Belə ki, kredit təşkilatının bəzi əməkdaşları müştərilərin bu vəziyyətindən yararlanaraq pul qazanmaq qərarına gəlib. Onlar hər gün valyuta dəyişmə məntəqələrindən dollar alaraq onu filiallarda müştərilərə satmağa başlayıblar. Təbii ki, Mərkəzi Bankın təyin etdiyi məzənnədən baha qiymətə. Çarəsiz qalan müştərilər də hər 100 manatda bir neçə manat ziyana düşməklə həmin valyutanı almağa məcbur olurlar.

"VF AzərKredit"in bu qərarının arхasında hansı səbəbin dayanmasını bilmirik. Amma istənilən halda bu qanunların kobud şəkildə pozulması deməkdir. Ölkədən fəaliyyət göstərən bir kredit təşkilatının həmin dövlətin milli valyutasından imtinası istənilən halda qanunların tapdalanması anlamına gəlir. Yəqin ki, manatın ikinci devalvasiyasını proqnozlaşdıran kredit təşkilatı indidən valyuta ehtiyatı toplamaq qərarına gəlib. Amma təəssüf ki, bu planlarını vətəndaşların hüquqlarını pozaraq həyata keçirirlər.

Yeri gəlmişkən "VF AzərKredit" kreditlərin verilməsində də dəyişikliklərə əl atıb. Belə ki, aprel ayından etibarən bütün kreditləri manatla verən bank artıq milli valyutadan imtina edib. İndi bank müştərilərə yalnız dollarla kredit təklif edir. Bu da müştərilər arasında ciddi narazılıqlara səbə olub.

Xatırladaq ki, fevral devalvasiyasından sonra Mərkəzi Bank bank və kredit təşkilatlarına dollarla krediti olan müştərilərə güzəştlər etməyi tapşırmışdı. "VF AzərKredit" isə bu vəziyyətdən başqa yolla yararlanmışdı. Belə ki, "yenidən maliyyələşmə" adlı termini ortaya atan təşkilat dollarla krediti olanlara yeni kredit ayırmağa başladı. 34 faizlik artımı ödəyə bilməyən əksər müştərilərin əksəriyyəti bundan istifadə etdi. Bu zaman köhnə kredit bağlanır və yeni məzənnə ilə götürülmüş kreditlər yeni məzənə ilə ödənirdi. Təbii ki, bu halda müştərilər iki dəfə ziyana düşürdü. Köhnə kreditin üzərinə gəlmiş faizini və devalvasiyadan sonra aratan məbləği ödəyən müştərilər üstəlik yeni kredit üçün də faiz ödəməli olurdu. Bu isə 1000 dollarlıq kreditin müştərilərə təхminən 2000 dollara başa gəlməsi ilə nəticələnirdi.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.