BolgeXeber.Com » Xəbərlər » Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialar

Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialar

28-09-2015, 11:18
Oxunub: 2 758 Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialarGənclər və idman naziri Azad Rəhimovun adı son günlər bəzi xoşagəlməz işlərdə, o cümlədən qaranlıq maliyyə əməliyyatlarında çəkilməkdədir

Yayılan məlumatların yetərli hissəsinin kökündə isə Gənclər və İdman Nazirliyinə dövlət büdcəsindən ayrılmış irihəcmli vəsaitlərin təyinatı üzrə sərf edilməməsi dayanır. İddialara əsasən nazirliyin rəhbər şəxsləri idman arenalarının tikintisinə və yenidən qurulmasına ayrılan pulları başqa səmtlərə yönəltməklə bu sahədə ciddi problemlərin meydana çıxmasına səbəb olublar.

Bu məqamda bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionu bir neçə il əvvəl təmir edildi, stadionun ot örtüyü yeniləndi. Amma aradan heç bir il keçməmiş stadionun ot örtüyü sıradan çıxdı. Dövlət yenidən stadionun öt örtüyünün dəyişdirilməsi üçün külli miqdarda vəsait ayırdı. Təəssüf ki, bu dəfə də acınacaqlı mənzərə yarandı. “Qarabağ”-“Seltik” oyununda stadionun ot örtüyünün vəziyyəti göz qabağında idi. Burdan belə nəticəyə gəlmək olar ki, Gənclər və İdman Nazirliyinə ayrılan büdcə vəsaitləri sırf bir qrup şəxsin maraqları naminə istifadə olunur. Hər halda, mövcud vəziyyət bunu deməyə zəmin yaradır. Bildirək ki, nazirliyin əsas fiqurlarından biri kimi Azad Rəhimovun müavini İsmayıl İsmayılov göstərilir.

Məlumatlı mənbələrdən cumhuriyyet.az-a daxil olan informasiyalara görə, nazirliyin sifarişi ilə həyata keçirilən iri tikinti layihələrinin bir hissəsinə məhz nazir müavini nəzarət edir: “Gənclər və İdman Nazirliyinin sifarişi əsasında paytaxtda, həmçinin bölgələrdə tikilən idman komplekslərinin demək olar ki, hamısında İsmayıl müəllimə yaxın şirkətlər qalib gəlir. Məmur öz adamlarının nəzarətindəki şirkətləri bu işlərə cəlb edərək külli miqdarda xeyir qazanır. Yoxlama aparılsa görülər ki, bölgələrdəki olimpiya idman komplekslərinin əksəriyyəti yenicə tikilsə də, artıq bərbad vəziyyətə düşüb. Bunun səbəbi tikinti işlərinin keyfiyyətsiz şəkildə aparılması ilə bağlıdır. Məsələn, dövlət büdcəsindən hər hansı idman mərkəzinin tikintisinə 5 milyon manat ayrılırsa, bu məbləğin yarıdan çoxu kənara qoyulur. Yerdə qalan pulla isə tikinti işləri aparılır. Təbii ki, belə olan təqdirdə keyfiyyətdən söhbət gedə bilməz. İsmayıl müəllim neçə ildir ki, nazir müavini vəzifəsində çalışır. Hələ indiyə kimi nazirliyin yerlərdəki idarələrinin rəhbər şəxsləri onun bir sözünü iki etməyiblər. Çünki İsmayıl İsmayılov həm də nazirliyin kadr işlərinə cavabdeh şəxs kimi tanınır. Kimin hara təyin olunacağını o müəyyənləşdirir. Yerlərdəki gənclər və idman idarələrinin rəhbər vəzifəli şəxslərinin bir çoxu onun kadrıdır. Dövlət səviyyəsində idmanın inkişafına böyük qayğı göstərilsə də, bəzi nöqsanlar bu inkişafın qarşısında sədd çəkir. Gənclər və idman idarələrinin rəisləri hər ay Bakıya gəlib nazir müavininə gördükləri işlə bağlı hesabat verirlər.

Kimin “məruzəsi” İsmayıl müəllimi qane etmirsə, dərhal işdən çıxarılması barədə əmr verilir”. Mötəbər mənbə həmçinin adıçəkilən məmurun biznes sahəsindəki fəaliyyətinə də toxundu. Bizə verilən məlumata görə, bu şəxs əlindəki maliyyə imkanlarından və bəzi əlaqələrindən necə lazımdırsa istifadə etməyi bacarır: “Bunun sayəsində özünə böyük biznes imperiyası yaradıb. Onun paytaxt ərazisində, o cümlədən Xətaidə bir neçə iri obyekti fəaliyyət göstərir. Buna misal olaraq Əhmədli qəsəbəsindəki “Premium” çay evini və avtoservisi göstərmək olar. Çay evində 10-a yaxın qız işləyir. Bura müştəri axını çox güclüdür. Müştərilər daha çox qız ofsiantlara görə bura gəlir. Bundan başqa, kriminal hadisələrdə iştirakı olan, kriminal aləmə maraq göstərən bəzi şəxslər də bu çay evində tez-tez görünür. Deyirlər ki, məmur çay evinin yaxınlığındakı yaşıllıqları məhv etdirib yerində böyük obyekt tikdirdi. Nazir müavininin ölkəmizin səfalı guşələrində də nəhəng obyektləri mövcuddur. Məndə olan məlumata görə, Qəbələdəki bəzi istirahət mərkəzləri İsmayıl müəllimə məxsusdur. Onun bu rayonda 7 ulduzlu otel tikdirmək istəməsi də yayılan məlumatlar arasındadır”.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Bolgexeber.com